Milli Məclisdə Şuşa müzakirəsi Siyasət

Milli Məclisdə Şuşa müzakirəsi

Sahibə Qafarova: “İşğal edilmiş ərazilərdən didərgin salınmış bir milyondan çox soydaşlarımızın 22 min nəfəri Şuşa sakinidir”

Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib. İclasın gündəliyinə 18 məsələ daxil edilib.
Spiker Sahibə Qafarova deyib ki, mayın 8-i qədim mədəniyyət mərkəzi olan Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən tərəfindən işğal edilməsinin 28-ci ildönümüdür. O bildirib ki, Şuşa şəhərinin işğalı Dağlıq Qarabağ bölgəsinin Azərbaycandan qoparılıb Ermənistana birləşdirilməsi və yerli azərbaycanlı əhalini dədə-baba torpaqlarından qovulub çıxarılması üçün həyata keçirilən hərbi təcavüzün bir mərhələsini təşkil edib: “Tarixən bütün Qarabağ bölgəsinin mərkəzi şəhəri olan Şuşanın işğalı ilə erməni şovinistləri Azərbaycanın böyük bir bölgəsinin tam etnik təmizlənməsini başa çatdırıblar. Ermənistandan və Azərbaycanın işğal edilmiş ərazilərindən didərgin salınmış bir milyondan çox soydaşlarımızın 22 min nəfəri Şuşa sakinidir”.
Sahibə Qafarova həmçinin bildirib ki, may ayının 10-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 97 ili tamam olacaq. Heydər Əliyev Azərbaycanın yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir. Milli Məclisin sədri bildirib ki, Heydər Əliyev millətimizin şərəf və ləyaqət rəmzinə çevrilib: “1960-cı illərin axırlarında və 1990-cı illərin əvvəlində hakimiyyətə hər iki gəlişi zamanı Heydər Əliyev ona bəslənən ümidləri doğruldub. Onun zəhmətinin bəhrəsi olan müstəqil Azərbaycan bu gün etibarlı əllərdədir. Ulu öndərin başladığı bütün işlər bu gün eyni əzm və iradə ilə davam etdirilir. İlham Əliyev ölkəmizi bu gün dünyanın ən dinamik inkişaf edən ölkələrdən birinə çevirib”.
Daha sonra Şuşa sakini Əsra Məmmədli çıxış edib. O, ata-anasının Şuşa ilə bağlı xatirələrini danışıb. Əsra Məmmədlinin təsirli çıxışı deputatları kovrəldib. Sonda deputatlar şuşalı Əsra Məmmədlini ayaq üstə alqışlayıblar. İclasda Şuşanın müdafiəsi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev
“təəssüf ki, karantin rejiminin yumşaldılması yoluxmaların sayını çoxaldıb, - deyə vurğulayıb. Komitə sədri bildirib ki, bu məsələdə məsuliyyətli olmalıyıq: “Bütün vətəndaşlarımızı səfərbər etməliyik. Çünki hələ virusa qarşı vaksin tapılmayıb. Düşünürəm ki, izolyasiya tədbirlərinə əməl edək. Vətəndaş olaraq məsuliyyətsizliyimiz insanlarımızın yoluxmasına, dünyasını dəyişməsinə səbəb olub”.
Musa Quliyev həmçinin təklif edib ki, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə karantin rejiminin pozulması ilə bağlı cəzaların sərtləşdirilməsini nəzərdə tutan əlavələr olunmalıdır: “Biz bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahla məsləhətləşməliyik”.
Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “biz inanırıq ki, Ali Baş komandanımızın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyik”, - deyə vurğulayıb. O bildirib ki, bizi Şuşaya aparan yol daha da güclənən Azərbaycandan keçir: “Bu gün şəhidlərimizi rəhmət və sayğı ilə anıram. Şuşanın simvolu Xurşudbanu Natəvan, Üzeyir Hacıbəyli və Bülbülün heykəlləri erməni vandallığının qurbanıdır. Çox istərdim ki, bu abidələr ya Şəhidlər Xiyabanına, ya da Dənizkənarı Bulvara qoyulsun. Buranı da kifayət qədər çox turist ziyarət edir. İnanıram ki, Nazirlər Kabineti bu təklifə reaksiya verəcək. Bununla bağlı bir çox həmkarlarımızın da təklifləri olub”.
Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı bildirib ki, Prezident Münhendə, Brüsseldə, eləcə də bir çox beynəlxalq çıxışlarında nəinki Qarabağdan danışır, həm də Zəngəzur, Göyçə və vaxtı ilə Azərbaycan torpaqları olmuş Qərbi Azərbaycan əraziləri ilə bağlı da mesajlar verir. Deputat bildirib ki, dövlətimiz istər iqtisadi, istərsə də ordu baxımından işğalçı Ermənistandan güclüdür: “Bu gün bizim görməli olduğumuz ən vacib iş təbliğat və təşviqatdır. Ermənistanın bütün magistral yollarında işğal etdikləri Dağlıq Qarabağın Ermənistan ərazisi olduğunu göstərən xəritə asılıb. Hətta bu xəritədə Naxçıvan da Ermənistan torpağı kimi göstərilib. Bu gün istər Bakıdan Gürcüstana, istər şimala, istərsə də cənuba doğru heç bir yolda işğal edilmiş torpaqlarımızla bağlı xəritə göstərilmir. Ermənilərin bu formada təbliğat aparması Ermənistana gələn turistlərə yönəlmiş addımdır”.
Milli Məclisin iclasında Şuşanın işğalı ilə bağlı məsələdə mübahisə yaşanıb. Deputat Sabir Rüstəmxanlı deyib ki, Şuşanın Azərbaycanın bəzi qüvvələrinin xəyanəti nəticəsində işğal edilməsi barədə fikirlər yanlışdır: “Bəzi cavan deputatlar o dövrdəki hadisələrin içində olmayıblar, səthi məlumatlarla çıxışlar edirlər. Biz Şuşada bu qədər şəhid vermişik. AXC-Müsavat iqtidarını tənqid etmək olar, amma xəyanətdə ittiham etmək o anlama gəlir ki, guya Şuşanı Ermənistan işğal etməyib. Bu yanaşmaya son qoyulmalıdır”.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli isə cavab olaraq deyib ki, Azərbaycanda Şuşanın işğalına hüquqi qiymət verilib: “Sabir müəllim, burda heç kim demədi ki, Şuşa Ermənistan tərəfindən işğal edilməyib. Azərbaycan Şuşanın işğalına hüquqi qiymət verib”.
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva deyib ki, bir az öncə Əsra qızımızın çox kövrək çıxışını dinlədik: “Gənc şuşalı qızın çıxışında səsləndirdikləri, Şuşanın Azərbaycana məxsusluğu bu gün Azərbaycan dövləti və ölkə Prezidenti tərəfindən qətiyyətlə, cəsarətlə dünyaya çatdırılır, duyurulur”.
Deputatın sözlərinə görə, dövlət başçısının da qeyd etdiyi kimi, işğalçı dövlətinin cəhdlərinin heç bir əhəmiyyət yoxdur, Qarabağ Azərbaycanın olub və Azərbaycanındır. Sonra millət vəkili mərhum dövlət başçısı Heydər Əliyevin qarşıdan 97-ci ildönümünün gəldiyini bildirərək, eks-prezidenti siyasətin dahisi adlandırıb. Bildirib ki, müstəqil Azərbaycan Heydər Əliyevin əsəridir və hamımız ona borcluyuq.
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov yalan informasiya yaymağa görə məsuliyyətin ağırlaşdırılmasını təklif edib. O bildirib ki, radikal müxalifət koronavirusda istifadə edərək yalan məlumatlar yaymaqla cəmiyyəti çaşdırmağa çalışır: “Hesab edirəm ki, buna qarşı tədbirlər görülməlidir. İnformasiya dəqiq deyilsə, xalqı çaşdırmağa xidmət edirsə, dövlət əleyhinə yönəlirsə, qərəzlidirsə, bununla bağlı ciddi addımlar atılmalıdır”. Siyavuş Novruzov professor Cəmil Həsənlinin sosial şəbəkədə yazdığı statusa da toxunub: “Özünü alim adlandıran Cəmil Həsənli xaricdə oturub Milli Təhlükəsizlik Nazirliyinin 94-cü ildən sonrakı arxivlərinin açılmasını istəyir. Bundan əvvəl isə 92-93-cü ildə arxivlərin açılmasını istəyirdi, ancaq indi biliblər ki, 92-93-cü illərin arxivləri açılsa, öz adları çıxacaq oradan. Onlara bu məlumatı xaricdən veriblər ki, sizin adınız var orada. Buradan bir daha aydın olur ki, onlar xarici qüvvələrə işləyirlər”.
Spiker Sahibə Qafarova diqqətə çatdırıb ki, İkinci Dünya müharibəsində qələbənin əldə edilməsinə Azərbaycan xalqı böyük töhfələr verib. O bildirib ki, müharibə dövründə Azərbaycandan 680 mindən çox adam cəbhəyə çağırılıb, onların 40 min nəfəri cəbhəyə könüllü gedib: “320 minə qədər həmvətənimiz döyüş meydanlarından geriyə qayıtmayıb. Müharibə illərində əsgərlərimiz böyük qəhrəmanlıq göstəriblər. 400 mindən çox azərbaycanlı döyüş orden və medalları ilə təltif edilib, 130 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanda həmin dövrdə 5 milli diviziya təşkil edilmişdi. Bu diviziyalardan biri – məşhur 416-cı Azərbaycan Taqanroq diviziyası Berlinə ilk daxil olan hərbi birliklərin sırasında olub”. Spiker qeyd edib ki, Azərbaycanın oğul və qızları faşizmə qarşı müqavimət hərəkatında da fəal iştirak ediblər: “Bu gün müharibə veteranları cəmiyyətimizin ən hörmətli üzvləri kimi dövlət tərəfindən hərtərəfli qayğı ilə əhatə olunurlar. Azərbaycan Prezidentinin sərəncamları ilə onlara, eləcə də müharibədə həlak olmuş və ya vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə mütəmadi maddi yardım verilir. Bununla yanaşı, müharibə veteranları mənzil və fərdi minik avtomobilləri ilə təmin olunur və digər güzəştlərdən istifadə edirlər”.
Sahibə Qafarova vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yaxın zamanda Azərbaycan tarixinə yeni bir qələbə günü, erməni faşizminin məğlub edilməsi, Qarabağın azad edilməsi, haqq-ədalətin bərpa olunması ilə bağlı bayram günü daxil olacaq.
Daha sonra qanun layihələri müzakirə olunub və səsə qoyularaq qəbul edilib.