“Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi istiqamətində mütəmadi olaraq işlər görülür” Siyasət

“Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi istiqamətində mütəmadi olaraq işlər görülür”

Hikmət Babaoğlu: “Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sistemi formalaşdırıb”

Musa Qasımlı: “Dövlətin siyasətində üstün yer Azərbaycan vətəndaşının məmnunluğunun təmin edilməsidir”

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Televiziyasına müsahibəsində dövlətin sosial siyasəti, koronavirusla mübarizə sahəsində həyata keçirilən tədbirlər, ölkəmizin beynəlxalq miqyasda gördüyü işlər, dövlətin gənclər siyasəti, informasiya texnologiyaları və innovasiyaların tətbiqi və digər mühüm məsələlər barədə danışıb.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, bu gün dünyada baş verən sosial-iqtisadi kataklizmlər kontekstində dövlətlərin sosial siyasəti və sosial təşəbbüsləri bir növ sınaq mərhələsindən keçir: “Ayrı-ayrı ölkələrin fərqli təcrübəsi yaranır. Ancaq bunların heç də hamısı uğurlu təcrübə hesab edilmir. Bu baxımdan Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasət ən nümunəvi təcrübə və təşəbbüslərdən biri hesab edilə bilər”.
O qeyd edib ki, bu siyasətin başlıca istiqamətini isə Azərbaycan Prezidenti İlham Əliyevin irəli sürdüyü “bizim siyasətimizin əsasında Azərbaycan vətəndaşının rifahı dayanır” prinsipi təşkil edir: “Ona görə də Azərbaycanda əhalinin sosial-rifah halının yüksəldilməsi, sosial məsələlərin həlli, həssas qrupların hərtərəfli dövlət qayğısı ilə əhatə olunması istiqamətində mütəmadi olaraq işlər görülür. Nəticədə bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizdə etibarlı sosial müdafiə sistemi formalaşdırıb. İcra olunan sosial islahatlar proqramının əsas hədəfi dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması, xidmətlərdə sosial ədalət, şəffaflıq, ünvanlılıq, əlçatanlıq və bərabərlik prinsiplərinin təmin edilməsidir. Bu baxımdan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) yaradılması mühüm əhəmiyyət kəsb edir. Elə yeni açılan 3 saylı DOST mərkəzi də paytaxtın Nizami, Suraxanı və Sabunçu rayonlarının sakinlərinə xidmət göstərməklə vətəndaş məmnunluğunu artıracaq, sosial siyasətin həyata keçirilməsini asanlaşdıracaq innovativ mexanizm rolunu oynayacaq. Mərkəzdə əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, övladlığa götürmə, əlillik, əmək və məşğulluq, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza Komissiyasının xidmətləri göstəriləcək. Burada 130 nəfərdən çox işçi və “Könüllü DOST” proqramı üzrə 50 könüllü çalışacaq. Mərkəz gün ərzində 500, il ərzində isə ümumilikdə 150 mindən artıq vətəndaş qəbul edə biləcək”.
Hikmət Babaoğlunun sözlərinə görə, göründüyü kimi, bu mərkəzlərin sosial xidmət funksiyaları ilə yanaşı, digər əhəmiyyətli istiqamətləri də var ki, bunlar da özlüyündə həmin mərkəzlərin iş yeri rolunu oyanmaları, könüllülük prinsipi əsasında kadr hazırlığı funksiyasını da yerinə yetirə bilməsidir: “Bu kadrların əksəriyyətini isə gənclər təşkil edir. Çünki gənclər yeni texnologiyaların idarə olunması peşəkarlığına sahib olmaqla yanaşı, həm də yeni idarəetmə təfəkkürünün daşıyıcılarıdır. Bu faktorlar ölkəmizdə həyata keçirilən islahatlar kontekstində yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev məhz bu məsələlərə diqqət çəkərək bildirdi ki, bu gün bizim gənclərimiz bilik, peşəkarlıq, yenilik, müasirlik baxımından ən yüksək meyarlara cavab verirlər. Eyni zamanda, gənclər xoşagəlməz hallara qarşı mübarizədə də bizə böyük dəstək olurlar. Bütövlükdə gələcəkdə Azərbaycanı idarə edəcək insanlar bugünkü gənclərdir. Ona görə onların bilikləri və eyni zamanda vətənpərvərliyi bizim müstəqilliyimizi daim gücləndirəcək və ölkəmizin uzun illər, onilliklər sonra dayanıqlı inkişafını təmin edəcək. Göründüyü kimi, yeni DOST mərkəzinin açılması təkcə sosial xidmətlər həyata keçirən qurumun açılışı deyil, eyni zamanda ölkəmizdə həyata keçirilən islahatlar kontekstində gənc peşəkarların idarəetməyə cəlb edilməsidir. Nəzərə almaq lazımdır ki, bundan sonra da istər Bakıda, istərsə də regionlarımızda yeni belə xidmət mərkəzlərinin açılması nəzərdə tutulur ki, bu da miqyası daha da genişləndirəcək”.
Deputat Azər Badamov deyib ki, 1 saylı DOST mərkəzinin açılışında cənab Prezident Azərbaycan Televiziyasına geniş müsahibə verib və bu müsahibədə həm ölkədə koronavirusla bağlı mübarizə tədbirlərinə, həm gənclər siyasətinə, eləcə də gələcəkdə görülməsi planlaşdırılan işlər haqqında, Azərbaycanın Kosmos sənayesinə verdiyi önəm və bu sahənin inkişafı istiqamətində atdığı addımlardan və atılan addımların əhəmiyyətindən danışıb: “Ümumiyyətlə koronavirusla mübarizədə Azərbaycan böyük tədbirlər planı hazırlayıb. Bu tədbirlər planı həm sosial, həm də iqtisadi sahəni əhatə edib. Burada məqsəd insanların sosial rifahının pisləşməsinin qarşısının alınması əsas yer tutub”.
Deputatın sözlərinə görə, həyata keçirilən tədbirlərin əsas hissəsi də birbaşa insanların sosial təminatına maddi dəstəyin göstərilməsi istiqamətində öz əksini tapıb: "Ölkəmizdə sosial dövlət qurulub və insanların sosial rifahının yaxşılaşdırılması istiqamətində böyük proqramlar icra olunur. O cümlədən 2019-cu ildə 4,2 milyon insanın sosial rifahına birbaşa müsbət təsir göstərən pensiyaların 70 faizə qədər artırılması, əmək haqqlarının və müavinətlərin 2 dəfəyə qədər artılırması istiqamətində tədbirlər görülüb. Bu tədbirlərin davamı olaraq bu ildə pandemiyanın təsirlərinin minimumlaşdırılması istiqamətində tədbirlər planı hazırlanıb. Bu dəstək proqramı da öz əhatə çərçivəsinə görə geniş idi. Bu proqrama 2,5 milyon nəfərin sosial rifahının yaxşılaşdırılması üçün dövlət dəstəyi nəzərdə tutulub. Bildiyiniz kimi pandemiya dövründə bir çox sahələrdə iş yerlərinin bağlanması ilə əlaqədar təhlükə yaranıb. Bununla da ölkədə işsizliyin artması məsələsi gündəmə gəlib. Cənab Prezidentin tapşırığı ilə həyata keçirilən tədbirlər planı da bu təhlükənin aradan qalxmasında böyük rol oynayır. Bir sıra sahələrdə insanların əmək haqqları dövlət büdcəsindən ödəndi və işsiz insanların sosial vəziyyətinin pisləşməsinin qarşısının alınması üçün 600 min insana birdəfəlik 190 manat ödənilib. Ödənişli ictimai iş yerlərinin sayının artırılaraq 90 minə çatdırılması məsələsi ortaya qoyulub. Sosial yardımların artırılması üçün tədbirlər daha da genişləndirilib. 80 min ailəyə ünvanlı sosial yardımın çatdırılması məsələsi öz həllini tapıb".
A.Badamov vurğulayıb ki, görülən bütün bu tədbirlər göstərib ki, Azərbaycanda aparılan siyasətin prioritet istiqaməti vətəndaşın sosial rifahına, onun sağlamlığına hesablanıb: "Ölkədə gənclər siyasəti də çox uğurla aparılır. Ölkə başçısı da qeyd edib ki, gənclərimiz iqtisadiyyatın hər bir sahəsində çalışır və onlar üçün geniş imkanlar yaradılıb. Yeni yaradılmış sahələr hamısı innovasiyalara əsaslanıb və bu sahələr əsasən gənclərin fəaliyyət göstərdiyi sahələrdir. Buna misal olaraq DOST mərkəzini, Kosmik sənayeni bu kimi yerləri göstərmək olar ki, bu sahələrdə sırf gənclər çalışır. Yeni dövrün çağırışlarına uyğun kadr potensiallı gənclər formalaşdıraraq ölkənin inkişaf tempinə dəstək olmaq əsas prioritetlərdəndir. Ümumiyyətlə cənab Prezident öz müsahibəsində bir çox məqamlara toxunub və göstərib ki, Azərbaycanda ölkə başçısının rəhbərliyi altında aparılan düşünülmüş siyasət hər bir çətin vəziyyətdə öz müsbət nəticələrini verir".
Millət vəkili Musa Qasımlı bildirib ki, Prezident İlham Əliyevin iştirakı ilə DOST mərkəzinin açılışı ölkəmizdə sosial sahəyə xüsusi diqqət yetirilməsinin göstəricilərindən biridir: “Bir daha təsdiq olunur ki, dövlətimizin siyasətində üstün yer Azərbaycan vətəndaşının sağlamlığı, rifah halının yaxşılaşdırılması və məmnunluğunun təmin edilməsidir. Digər sahələrdə olduğu kimi bu sahədə də Azərbaycan bir sıra ölkələrə nümunə verir. Həmin təcrübə bəzi ölkələr tərəfindən də tətbiq edilir. Bunun bariz nümunəsindən bir də "ASAN" Xidmət Mərkəzidir. Məhz buna görə də vətəndaşlar Prezident İlham Əliyevin ətrafında sıx birləşiblər və dövlət siyasətini müdafiə edirlər”.