“30-dan artıq DOST mərkəzlərinin açılacağı real bir hədəf kimi qarşıya qoyuldu” Siyasət

“30-dan artıq DOST mərkəzlərinin açılacağı real bir hədəf kimi qarşıya qoyuldu”

Aydın Quliyev: “Bu hər il milyonlarla insana xidmət deməkdir”

"DOST mərkəzinin açılışında Prezident İlham Əliyev əslində həm də son aylarda Azərbaycanın əsasən daxili və qismən də xarici siyasətinin əsas istiqamətlərdəki uğurlu nəticələrinin icmalını təqdim etdi. Ölkə və beynəlxalq ictimaiyyətin Azərbaycanda koronavirusla aparılan mübarizənin üsul və formaları, gedişi və nəticələri barədə bilgiləri xeyli genişləndi". Bu fikirləri "Bakı Xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. O bildirib ki, ölkə başçısının çıxışı Azərbaycanda pandemiya ilə mübarizənin sistemli şəkildə aparıldığı, bu mübarizənin əsas hədəfinin insanların sağlamlığı və rifah tənəzzülünün qarşısını almaq olduğuna bir daha əminlik yaratdı: "İctimaiyyətə daha səmərəli dövlət xidmətlərinin, münasib üsullarının tətbiqinin Azərbaycan dövləti üçün müstəsna vacib olduğu bir daha nümayiş etdirildi. Daha maraqlı məqam - Azərbaycanın bəzi təcrübələri digər dövlətlərlə müqayisəsində üzə çıxdı. Prezident tam haqlı olaraq pandemiya ilə mübarizədə Azərbaycanı hətta inkişaf etmiş ölkələrdən fərqləndirən əsaslı məqamlara diqqət çəkdi".
Ekspert söyləyib ki, sosial qayğıya ehtiyacı olanlarla bağlı dövlət siyasətimizin əsaslarının Ermənistanla müqayisəsi çox əhəmiyyətlidir: "Həqiqətən də Azərbaycanda şəhid ailələrinə ev, maşın və sair hədiyyə edildiyi halda, Ermənistanda bu istiqamətdə fakt yoxdur. Tək ona görə yox ki, Ermənistanın iqtisadiyyatı zəifdir, həm də ona görə ki, başqa ölkənin torpaqlarında ölmüş erməni əskərlərinə hədiyyələr edilməsi çətin suallar doğura bilər".
A.Quliyev vurğulayıb ki, Prezident İlham Əliyevin çıxışı ilə əhaliyə hələ uzun bir dövr ərzində hərtərəfli sosial xidmətlərin göstəriləcəyinə də əminlik yaratdı: "30-dan artıq DOST mərkəzlərinin açılacağı real bir hədəf kimi qarşıya qoyuldu və bu hədəfin fəth edilməsi hər il milyonlarla insana xidmətdir və onların ən adi xidmətlər üçün izafi resurslar sərf etməkdən xilas olması deməkdir. Prezident əhaliyə hazırkı pandemiya şəraiti barədə dəqiq məlumat verməklə, həm təhlükənin hələ tam sovuşmadığını, həm də hər şeyin ciddi nəzarət altında olduğunu bir daha xatırlatdı".
O qeyd edib ki, ölkədə xidmət, idarəçilik və istehsal sferasının rəqəmsallaşdırılmasının mühüm prioritetlərdən biri elan edilməsi Prezidentin çıxışının məzmununa dərin diqqət yönəldən məqamlardan biridir: "İnformasiya-kommunikasiya texnologiyalarının hərtərəfli tətbiqi Azərbaycanın innovasiyalara və bu sahədə səmərəli fəaliyyət göstərən xarici investorlarla işləməyə nə qədər açıq ölkə olduğunu ifadə edir. Əslində Prezident dünyanın ən nəhəng kommunikasiya-informasiya şirkətlərinə yaxın bir neçə il üçün ən əhəmiyyətli əməkdaşlıq istiqamətini göstərdi. "Biz açıq ölkəyik, gəlin və ilk növbədə Azərbaycan xalqının rifahı naminə ölkəni rəqəmləşdirək" platformasının elementləri faktiki ortaya qoyuldu".
Dövlət başçısının ötəngünkü çıxışında Azərbaycanın gənclər siyasətinin əsas tezislərinin bir daha ifadə edildiyini deyən ekspert əlavə edib ki, Prezident gəncliyə niyə bu qədər önəm və güvən göstərdiyinin səbəblərini bir daha təhlil etdi: "Prezidentin məhz bu çıxışında gənclərin çox vacib şəkildə nəticə çıxarmalı olduqları məqamlar var. Ölkə başçısının sözlərini ilk növbədə son ildə vəzifəyə təyin edilmiş gənc kadrlara aid etmək lazımdır. Faktdır ki, bir neçə il əvvələ qədər kadr təyinatlarında əsasən orta və yaşlı nəsil təmsilçilərinə üstünlük verilirdi. Bu yaş qrupuna aid kadrların məsuliyyəti və fəaliyyətinin ölkə üçün həlledici olması bu qədər parlaq şəkildə vurğulanmırdı. Lakin DOST mərkəzinin açılışında çıxış edən Prezident gənc kadrlara nə qədər güvəndiyini və onlardan nələr gözlədiyini bir daha ifadə etdi. Hər bir gəncin bu vəziyyətdən lazımi nəticə çıxarması zəruridir".