Ermənistanın və AŞPA Katibliyinin niyyətləri puça çıxdı Siyasət

Ermənistanın və AŞPA Katibliyinin niyyətləri puça çıxdı

Dünən Avropa Şurasının Sosial Komitəsində Azərbaycanın AŞPA-da nümayəndə heyətinin üzvü Elxan Süleymanovun təqdim etdiyi "Azərbaycanın cəbhəyanı rayonlarında mülki əhalinin qəsdən sudan məhrum edilməsinə dair" qətnamə layihəsi əsasında təyin edilmiş məruzəçi, Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviçin ilk məlumat-memorandumu müzakirəyə çıxarılıb. Elxan Süleymanovun verdiyi məlumata görə, məsələ müzakirəyə çıxarılan kimi Ermənistan nümayəndə heyətinin üzvləri çıxışlar edərək, məruzənin adının dəyişdirilməsini, məruzəni Avropada su problemlərinə həsr edilməsini tələb ediblər. Sosial Komitənin üzvləri, Böyük Britaniyalı deputat Mayk Hanqkok, Belçıkalı deputat Blanşar, Moldovalı deputat Gileviç ermənilərin bu təklifinə etiraz ediblər və bu kimi təxribatlara son qoymağa çağırdılar. Ermənistan və AŞPA
Katibliyinin bütün səylərinə baxmayaraq, məlumat xarakterli memorandum baş tutub, Ermənistan və AŞPA Katibliyinin niyyətləri puça çıxıb. AŞPA Katibliyinin məsləhəti ilə Ermənistan nümayəndə heyəti üzvlərinin istər Assambleyanın daha öncə müzakirəsin çıxarılan "Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində gərginliyin artması" məruzəsinin, istərsə də Sərsəng Su Anbarı ilə bağlı Sosial və Siyasi Komitələrdə müzakirəyə çıxarılmış məruzənin adlarının dəyişdirilməsinə yönələn səyləri onu göstərir ki, Ermənistan tərəfi işğal siyasətlərinin ifşa olunmasından təşvişə düşüb və ciddi narahatlıq keçirir. Qeyd edək ki, Sərsəng Su Anbarı ilə bağlı AŞPA-da hazırlanacaq məruzə işğal altında olan strateji obyektlərə həsr olunan ilk məruzə olacaq.