“Müsavat Partiyası faktiki olaraq ikiyə bölünüb” Siyasət

“Müsavat Partiyası faktiki olaraq ikiyə bölünüb”

Sərdar Cəlaloğlu: "İsa Qəmbərin başqanlıqdan getməsi Müsavata baha başa gələcək"

"Müsavat Partiyası faktiki olaraq iki yerə bölünüb". Bunu APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Müsavat Partiyasında başqanlıq seçimlərindən sonra yaranan vəziyyətə münasibət bildirərkən deyib.
S. Cəlaloğlu bəyan edib ki, seçim Müsavat Partiyasının olduğuna görə, ADP istənilən halda yeni başqanla əməkdaşlığa hazırdır. Onun fikrincə, indiki vəziyyətdə Müsavatın idarəçiliyində Arif Hacılı üçün ciddi problemlər yaranacaq: "Görünən budur ki, qurultayda Arif Hacılı legitim səslə başqan seçilməyib. Qubad İbadoğluna 28 səs fərqi ilə qalib gəlib. Beləliklə, partiya faktiki olaraq iki yerə bölünüb. Bu da Arif Hacılı üçün partiyanı idarə etmək baxımından ciddi problem yaradacaq. Nəzərə alaq ki, əks tərəf də seçkinin nəticələrini qəbul etmir və bununla bağlı aktiv fəaliyyətlə məşğuldur".
ADP sədri qeyd edib ki, İsa Qəmbərin başqanlıqdan getməsi problemlərin yaranmasına şərait yaradıb: "Adətən liderlər dəyişərkən təşkilatlarda da ciddi şəkildə dəyişikliklər baş verir. Bu baxımdan Arif Hacılı və Qubad İbadoğlu arasında fikir ayrılığı olmasaydı belə, İsa Qəmbərin başqanlıqdan getməsi ciddi boşluq yaratdığına görə, hadisələrin belə şəkil alacağını əvvəlcədən proqnozlaşdırmaq olardı. Mən bunu İsa Qəmbərə də demişdim, o da bildirmişdi ki, narahat olma, hər şey nəzarət altındadır. Bu, həm də onu göstərir ki, İsa Qəmbərin başqanlıqdan getməsi Müsavata baha başa gələcək". Xatırladaq ki, sentyabrın 27-də Müsavat Partiyasının VIII qurultayı keçirilib. Qurultayda Arif Hacılı 228 səslə partiyanın başqanı seçilib. Q. İbadoğlu 200 isə səslə ikinci olub.