Müdafiə Nazirliyindən Ermənistana cavab Siyasət

Müdafiə Nazirliyindən Ermənistana cavab

"Erməni tərəfinin istənilən təxribatının qarşısını almağa və onu darmadağın etməyə hazırıq"
"Hər bir şəhidin və yaralanan hərbçimizin qisası düşməndən birə on alınır"

"Cari ilin iyul-avqust aylarında kəşfiyyat-təxribat qruplarının Azərbaycan Ordusunun mövqelərinə hücum etmək cəhdlərinin qarşısının alınması zamanı ölü və yaralı olaraq 70-dək itki verən erməni tərəfi onlara vurulan sarsıdıcı zərbədən hələ də özlərinə gələ bilməyərək itkilərini gizlətməkdə davam edirlər".
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.
Ermənistan mediasında yer alan xəbərlərə münasibət bildirən Müdafiə Nazirliyinin mətbuat xidmətinin bəyanatında qeyd olunub ki, Ermənistan kütləvi informasiya vasitələri həmişə olduğu kimi növbəti dəfə özlərinin qeyri-hökumət təşkilatları, sosial mediaları vasitəsilə Azərbaycan Silahlı Qüvvələri haqqında erməni ictimaiyyəti üçün dezinformasiya xarakterli məlumatlar yaymaqda davam edir.
"Ermənistan Respublikasında hakimiyyətə qarşı başlanan kütləvi aksiyalardan, daxili çəkişmələrdən qorxuya düşən cinayətkar İrəvanın hərbi-siyasi rejimi cəbhədə verdiyi itkiləri azaldaraq, əhalinin fikrini yayındırmaq məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin itkiləri və atəşkəs rejiminin pozulması haqqında təxribat və dezinformasiya xarakterli şişirdilmiş məlumatlar yaymaq vərdişindən əl çəkmir. Müdafiə Nazirliyi rəsmi olaraq bildirir ki, müdafiənin ön xəttində yerləşən bölmələrimiz erməni tərəfinin istənilən təxribatının qarşısını almağa və onu darmadağın etməyə hazırdır. Vətən torpaqlarının işğaldan azad edilməsi uğrunda həmişə döyüşə hazır olan əsgər və zabitlərimiz müdafiə nazirinin əmrinə əsasən şəhid olan və yaralanan hər bir hərbçimizin qisasını düşməndən birə on qat artıqlaması ilə alırlar və bundan sonra da alacaqlar", - deyə bəyanatda vurğulanıb.
Müdafiə Nazirliyi dünən həmçinin Azərbaycan tərəfindən üçüncü ölkəyə təhvil verilən hərbi əsir Akop İnciqulyanın İrəvana geri qayıtması ilə bağlı Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumata da münasibət bildirib.
Müdafiə Nazirliyi bəyan edib ki, erməni mətbuatı A.İnciqulyanın İrəvana qayıtması barədə birtərəfli qaydada, faktları təhrif etməklə və erməni ictimaiyyətini çaşdıran, təəccüb və təəssüf doğuracaq məlumatlar yayıb.
Müdafiə Nazirliyi bildirir ki, A.İnciqulyan şüurlu surətdə döyüş postunu könüllü tərk edərək silahı ilə birlikdə Azərbaycan həbçilərinə təslim olduqdan sonra ona qarşı heç bir təzyiq və təsir göstərilmədiyini, Ermənistana geri qayıtmayacağını və üçüncü ölkədə yaşamaq istədiyini dəfələrlə bəyan edib: "İkincisi, A.İnciqulyan Cenevrə Konvensiyasının tələbləri ona tətbiq edilmək şərtilə müəyyən olunmuş qaydada və müvafiq yerdə saxlanılıb, ona qarşı nə beynəlxalq, nə də insani qanunlara zidd olan hərəkətlər tətbiq edilməyib. Üçüncüsü, o müvafiq beynəlxalq təşkilatların qayğısı ilə əhatə edilib, onunla bağlı həyata keçirilən bütün tədbirlər həmin təşkilatların nəzarəti altında icra olunub. Dördüncüsü, A.İnciqulyan və onunla bir yerdə saxlanılan digər 5 nəfər Ermənistan vətəndaşından ibarət ailənin Ermənistana geri qaytarılması barədə rəsmi Bakının dəfələrlə və təkidlə beynəlxalq təşkilatlar, o cümlədən, erməni tərəfi qarşısında məsələ qaldırmasına baxmayaraq, hər dəfə rəsmi İrəvanın hərbi-siyasi rejimi öz vətəndaşlarına qarşı etinasızlıq nümayiş etdirərək onların taleyinə biganə münasibət sərgiləyib. Bu səbəbdən də hazırda Azərbaycanda saxlanılan ermənilər Ermənistandan imtina edərək üçüncü ölkədə sığınacaq tapmaq niyyətindədirlər.
Beşincisi, erməni mətbuatının yaydığı şəkillərdə gümrah və sağlam A.İnciqulyanla guya "ona qarşı Azərbaycanda təzyiqlərin və işgəncələrin verilməsi" fikri arasında uyğunsuzluğu açıq aydın görünür və bu ermənilərin növbəti uydurması kimi qiymətləndirilməlidir.
Altıncısı, beynəlxalq təşkilatın himayəsi altında olan və bu kimi şəxslər barədə konfidensial hesab edilən məlumatların, konkret olaraq hansı ölkəyə verilməsi kimi informasiyanın gizli saxlanılması tələb olunsa da, bu barədə məlumatın Ermənistan tərəfinə ötürülməsi də xeyli şübhə doğuran məqamlardandır. Sonuncusu və ən əsası isə şübhəsiz ki, A.İnciqulyanın yerini müəyyənləşdirən, bu məqsədlə kriminal qruplaşmalarla sıx əlaqədə olan erməni diasporunun xidmətlərindən istifadə edən Ermənistan tərəfi, onun ailə üzvlərinə və yaxınlarına təzyiq göstərməklə, İrəvana guya könüllü olaraq geri qayıtdığını deməyə məcbur ediblər".
Müdafiə Nazirliyi bir daha bildirir ki, A.İnciqulyanın İrəvan aeroportunda əvvəlcədən hazırlanmış formada təmtəraqlı qarşılanması, Azərbaycana qarşı nifrət, Ermənistana isə məhəbbət dolu müsahibəsi, bu prosedurların erməni kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılması, onun yenidən orduya qayıdaraq xidmətinin qalan hissəsinin də çəkilməsi kimi gülünc təşəbbüslə çıxış etməsi eyni mərkəzdən, özü də Ermənistanın xüsusi xidmət orqanları tərəfindən ssenariləşdirilən və həyata keçirilən növbəti şoudur.