Avropa Parlamentinin üzvlərinin birgə bəyanatı Ermənistan hökumətinin ağır məğlubiyyətidir Siyasət

Avropa Parlamentinin üzvlərinin birgə bəyanatı Ermənistan hökumətinin ağır məğlubiyyətidir

Havadarlarının hərbi-siyasi dəstəyi ilə torpaqlarımızı işğal altında saxlayan və bu işğalı davam etdirmək niyyətində olan Ermənistanın mövcud daxili ictimai-siyasi vəziyyəti, ümumilikdə işğalçı ölkə ilə bağlı olan hər bir hadisə bizi maraqlandırmaya bilməz. Ermənistan hökumətinin COVID-19 pandemiyasına qarşı mübarizədə vətəndaşlarının səhiyyə və sosial problemlərini həll edə bilməməsi hər kəsə gün kimi aydındır. Bu vəziyyət bir tərəfdən ölkənin baş naziri Nikol Paşinyana qarşı narazılıq yaradır, digər tərəfdən müxalifət cəbhəsində ciddi ittihamları genişləndirir. Maraqlıdır ki, ittihamlar siyasi müstəvidə və pandemiyaya qarşı mübarizədə hökumətin gördüyü̈ tədbirlərin yetərsiz olması ilə yanaşı, daha çox Paşinyanın şəxsinə yönəlikdir. Həmin Paşinyanın ki, populist vədlərlə hakimiyyətə gəlmişdi. Həmin Paşinyanın ki, demokrat libaslı olsa da, işğalçı zehniyyətli olduğu hər halından bəllidir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.
Komitə sədri diqqətə çatdırıb ki, işğalçı ölkənin sabiq prezidenti Serj Sarkisyanın kürəkəni, Ermənistanın Vatikandakı keçmiş səfiri Mikael Minasyan Paşinyanın siqaret, brilyant qaçaqmalçılığı və silah alveri ilə məşğul olduğu barədə məlumat verib. Minasyanın hökumətə qarşı münasibətinin kəskinləşməsində əsas amil Serj Sarkisyanın kürəkəni olmasına görə hökumətin ona qarşı “qanunsuz gəlir əldəetmə” ittihamı ilə cinayət işi başlaması, məhkəmə tərəfindən haqqında həbs qətimkan qərarının alınması, habelə, “Müqəddəs Qriqori” Tibb Mərkəzinin baş həkimi Ara Minasyanın işdən çıxarılması olub. Xatırladaq ki, Sarkisyanın lideri olduğu Ermənistan Respublikaçılar Partiyası (ERP) Paşinyana təzyiqlərini son vaxtlar xeyli artırıb və kürəkən Minasyan ERP-nin Avropadakı ruporu kimi çıxış̧ edir.
Deputatın sözlərinə görə, Ermənistanda siqaret qaçaqmalçılığı hökumətə yaxın olan bir qrupun, konkret olaraq, Paşinyanın qardaşı oğlu, qayını və Dövlət Gəlirləri Komitəsinin sədr müavini tərəfindən idarə edilir. Paşinyan şəxsi düşmənçilik zəminində sabiq prezident və onun ətrafına siyasi-inzibati təzyiqləri gücləndirir. Təbii, qarşı tərəf də buna müxtəlif iddialarla cavab verir. Minasyan Paşinyan iqtidarının sonunun yaxınlaşdığını, onun populist çıxışlarla artıq ölkəni idarə edə bilmədiyini və bu səbəblə də beynəlxalq mafiya şəbəkəsi ilə işbirliyi içində olaraq, ən qısa zaman kəsiyində, qaçaqmalçılıq yolu ilə şəxsi sərvətini artırmağa çalışdığını qeyd edib. Ötən ayın ortalarında Rusiya Federasiyasının Voronej şəhərində Ermənistandan qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaret müsadirə edilib. Rusiya mətbuatı məsələ ilə bağlı konkret şəxslərin adını çəkməsə də, Minasyan müsadirə edilən siqaretlərin Paşinyanın qardaşı oğlu Sipan Paşinyana aid olduğunu bildirib. Qeyd edək ki, Sipan Paşinyan "Mənim Addımım" blokundan millət vəkil seçilib.
Minasyan qeyd edir ki, Voronejdə müsadirə edilən siqaretlərlə bağlı cinayət işi açılmaması üçün Paşinyan öz müşaviri – general Arşak Karapetyanı təcili olaraq Rusiyaya göndərib və müəyyən müzakirələr aparılıb. General Karapetyan 2016-cı ildə keçirilən dördgünlük aprel döyüşlərində Ermənistan Ordusunun Kəşfiyyat İdarəsinin başçısı olub və işinin öhdəsindən gələ bilmədiyi üçün vəzifəsindən uzaqlaşdırılıb. Karapetyan hazırda baş nazirin müşaviridir və bu fakt Minasyanın arqumentlərini gücləndirir.
Q.Paşayeva bütün bu hadisələrin və olayların Azərbaycanın ardıcıl beynəlxalq həmlələri ilə müşayiət olunduğunu diqqətə çatdırıb. Minasyanın Ermənistanın baş nazirinə qarşı irəli sürdüyü daha bir və ciddi ittihamdan danışan deputat deyib: “Belə ki, adıçəkilən şəxs Paşinyanın tütün və brilyant qaçaqmalçılığından başqa, beynəlxalq silah qaçaqmalçılığı ilə də məşğul olduğunu deyib. Özü də silah qaçaqmalçılığında söhbət adi silahlardan deyil, zenit-raket komplekslərindən gedir. Bu cinayət beynəlxalq təhlükəsizlik problemidir və artıq ölkə sərhədlərini aşır və “demokrat libaslı” baş nazirin əliqanlı sələflərinin yolu ilə gedərək, Azərbaycan torpaqlarını işğal altında tutmaqda davam etməsi ilə təsbit olunur. İşğal altındakı ərazilər qanunsuz dövriyyələr, o cümlədən narko-ticarət üçün əlverişli yer sayılır və bu barədə Azərbaycanın rəsmi orqanları dəfələrlə beynəlxalq ictimaiyyəti məlumatlandırıb. Ermənistanın həmin ərazilərdə işğalına son verilməsi, ilk növbədə, Azərbaycanın maraqlarına uyğun olsa da, digər tərəfdən beynəlxalq təhlükəsizlik böyük əhəmiyyət kəsb edir”.
Deputat bildirib ki, pandemiyaya qarşı mübarizədə istədiyi nəticəni ala bilməyən işğalçı ölkənin hökuməti iyunun 8-də böhranın ilk əlamətlərini yaşayıb. Belə ki, Milli Təhlükəsizlik Xidmətinin direktoru Eduard Martirosyan, Ermənistan ordusunun Baş Qərargah rəisi general-leytenant Artak Davtyan və polis rəisi Arman Sarkisyan eyni gündə istefa məktublarını Prezident Armen Sarkisyana təqdim edib. Eyni gündə üç güc strukturu rəhbərinin istefa etməsi, əlbəttə, təsadüf sayıla bilməz və bu, Paşinyana ciddi xəbərdarlıqdır. Xatırladaq ki, Eduard Martirosyan istefadan cəmi üç ay əvvəl Milli Təhlükəsizlik Xidmətinin direktoru təyin olunmuşdu. Bu fakt hər şeyi deyir.
Q.Paşayeva Ermənistan baş nazirinin bu aralar çox fəallaşan oliqarx siyasətçi Qagik Çarukyana qarşı total və qeyri-sivil hücumundan da danışıb: “Ötən gün Paşinyanın birbaşa göstərişi ilə Milli Təhlükəsizlik Xidməti Çiçəklənən Ermənistan Partiyasının bütün ofislərində səbəb göstərilmədən yoxlamalara başlayıb, Çarukyan isə saxlanılaraq MTX-yə gətirilib. Ona ittiham irəli sürülmədən saxlanılması və sorğuya çəkilməsini ölkədə siyasi repressiya sayan insanlar, o cümlədən Çiçəklənən Ermənistan Partiyasının deputatları isə aksiyaya çıxıblar. Aksiya zamanı polis müdaxiləsi ilə aralarında deputatlar da olmaqla, çoxsaylı insan xəsarət alıb. Bu gün isə məlumat yayılır ki, Q.Çarukyana qarşı MTX-nin keçirdiyi əməliyyatın səbəbi onun qanunsuz fəaliyyəti nəticəsində dövlətə 62 milyon dollar məbləğində "ziyan" vurmasıdır. Görünür, Paşinyan həm siyasi rəqibini sıradan çıxarmaq, həm də boşalan büdcəyə qeyri-sivil üsullarla vəsait cəlb etməyi hədəfə alıb. Bu məqamda Minasyanın ona ölkəyə qayıtması və fəaliyyətini davam etdirməsi üçün ölkə büdcəsinə, həmçinin xarici banklarda Anna Akopyanın adına olan hesablara pul keçirməsi ilə təklif edilməsi xatırlanır".
Komitə sədri bildirib ki, “Başqa ölkənin forpostu” imicindən qurtula bilməyən, xarici yardımlardan, diaspor qurumlarından, erməni kilsəsindən, başqa ünvanlardan asılı olan Ermənistan hakimiyyəti xarici müdaxilə mövzusunu kiçik görə bilməz.
“Sonda onu demək istəyirəm ki, Paşinyan hökuməti gərgin duruma nəzarəti önəmli ölçüdə itirib və ölkə uçuruma sürüklənir. Koronavirus pandemiyası payıza qədər davam edərsə, iqtisadi problemləri də bura əlavə etsək, Paşinyan hökumətinin durumu olduqca çətin olacaq. Bu çətinlik yalnız Paşinyan və hökuməti üçün deyil, onlar qarışıq, bütün Ermənistana keçərlidir. Avropa Parlamentinin birgə bəyanatında Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın beynəlxalq səviyyədə tanınmış̧ sərhədləri çərçivəsində həllinə çağırış əks olunub. Bu bəyanatın qəbulu Nikol Paşinyanın, onunla birgə Ermənistan dövlətinin ağır məğlubiyyətidir. Avropa Parlamenti rəsmilərinin ilk dəfə olaraq, Azərbaycanın işğal edilmiş̧ ərazilərindəki qanunsuz fəaliyyətlə bağlı belə bir birgə sənədi qəbul etməsi fonunda Ermənistanda yaşanan gərginliklərin daha da artması heç̧ təəccüblü̈ deyil. Buna bənzər hadisələr fonunda, 2018-ci ilin mayındakı Günnüt (Naxçıvan) əməliyyatını, ondan daha öncə - 2016-cı ilin aprelində Lələtəpə istiqamətindəki zəfər yürüşümüzü yada salmaqla, növbəti hərbi-siyasi uğurlar üçün zəmin yarandığına əminliyimi bildirmək istərdim. Dövlətimiz, ordumuz, vətənimiz zaval görməsin”, - deyə Qənirə Paşayeva fikirlərini yekunlaşdırıb.