Azərbaycan Qərbin yanında olmalıdırmı? Siyasət

Azərbaycan Qərbin yanında olmalıdırmı?

Arzu Nağıyev: "Bu gün istər İrandan, istərsə də Rusiyadan real təhlükə ilə bağlı hər hansı təhdid yoxdur"
Üzeyir Cəfərov: "Biz, bir dövlət olaraq bütün işlərimizi Qərb dövlətlərinin arzu və istəklərinə uyğun qurmalı deyilik"

NATO Əməkdaşlıq İnstitutunun rəobəri Fərrux Məmmədov söyləyib ki, bu gün bəşəriyyətə problem olan Rusiya və İran çox təəssüflər olsun ki, bizim qonşularımızdır. O, Azərbaycanın Qərblə müttəfiq olacağı təqdirdə nə Moskva, nə də ki, Tehranın Bakı ilə açıq konfliktə girə bilməyəcəyini deyib: "Azərbaycan geostrateji və geosiyasi mövqeyi baxımından elə yerdə yerləşir ki, burada tarix boyu maraqlar toqquşub və bundan sonra da toqquşacaq. Bundan qaçmaq mümkün deyil. Bu gün bəşəriyyətə problem olan Rusiya və İran da çox təəssüflər olsun ki, bizim qonşu dövlətlərimizdir. Təbii ki, hər iki dövlətin kəşfiyyatı ölkədə mövqelərini qorumaq və yeni mövqelər yaratmaq üçün iş aparır. İran din faktorundan hələ ki, məharətlə istifadə edir, Rusiya isə özünə yaxın şəxslərlə maraqlarına nəzarət edir. Bakı bu gün istər Xəzər dənizi məsələsində, istərsə də digər qlobal məsələlərdə tam açıq siyasət yürüdə bilmir. Bu isə öz növbəsində ölkəni daha çox Rusiya təsirinə salır. Bu təsirlərdən qorunmaq üçün mütləq Qərblə tərəfdaşlığı gücləndirmək lazımdır. NATO Türkiyə vasitəsi ilə təhlükəsizliyimizi tam və açıq şəkildə qoruya bilər. Türkiyə kənar qüvvə olmadığı üçün və Azərbaycan xalqının da bunu məmnunluqla qarşılayacağına görə, elə də böyük bir problem yaşamayacaq. Təbii ki, Azərbaycanı və Azərbaycanın müstəqilliyini, suverenliyini sevməyən şimalla cənub qonşularımız üçün bu, narahatedici olacaq. Amma Qərblə tərəfdaşlıq qurulandan sonra nə İran, nə də Rusiya bizlə açıq savaşa girə biləcək. Təbii ki, hər şey Azərbaycanın öz iradəsindən və verdiyi qərarlardan asılıdır, bunlar hamısı təkliflərdir". Fərrux Məmmədov Azərbaycanın xarici kəşfiyyatıların girmək istədiyi məkan olduğunu da bildirib: "Bu gün xarici kəşfiyyatların fəaliyyətini genişləndirmək istədiyi ölkələrdən biri də Azərbaycandır. Deyərdim ki, ölkəmiz bu baxımdan ilk onluğa düşür. Bunun əsas səbəbini isə yuxarıda qeyd etdim. Bu kəşfiyyatın bir hissəsi ölkədə necə xaos yarada biləcəkləri barədə işləyir. Belə bir ehtimal isə daha çox yaxın qonşuların kəşfiyyat sistemlərinə aiddir. Bir başqa hissəsi regionla bağlı informasiya toplamaqla məşğuldur. Önəmli olan bunlarla savaşmağı bacarmaqdır. Bu isə təbii ki, Milli Təhlükəsizlik Nazirliyinin üzdə görünməyən böyük fəaliyyətini ortaya qoyur".
Ukraynaya, Gürcüstana kömək etməyən, Türkiyəni PKK terror təşkilatı ilə mübarizədə tək qoyan HATO-dan dəstək gözləməyə dəyərmi?
Politoloq Arzu Nağıyev "düşünürəm ki, qloballaşan dünyada hansısa bir bloka qoşulmaq və hansısa bir təşkilatın üzvü olmaq qaçılmazdır", - deyə bildirdi: "Son vaxtlar dünyada, eləcə də regionda baş verən hadisələr və gərginliyə səbəb olan proseslər bir daha bunu deməyə əsas verir. NATO-ya qoşulmaq məsələsinə gəldikdə isə Ukrayna hadisələri bir daha göstərdi ki, bu məsələlərdə də ehtiyatlı olmaq lazımdır. Bizim bu gün istər İrandan, istərsə də Rusiyadan real təhlükə ilə bağlı hər hansı təhdidimiz yoxdur. İran bizimlə açlq müharibə müstəvisinə keçməkdə maraqlı deyil, çünki hər şeydən öncə böyük bir diaspora məsələsi və Qərbin ölkəmizdəki iqtisadi maraqlarını nəzərə alır və bundan ehtiyat edir. Rusiyaya gələndə isə ondan da elə bir təhdid gözləmək düz olmazdı. Çünki Qərb tərəfdən iqtisadi və siyasi sanksiyalara məruz qoyulmuş Rusiya öz iqtisadiyyatını az da olsa dirçəltmək və müəyyən səviyyədə saxlamaq üçün Azərbaycanla bir sıra məsələlərdə, o cümlədən hərbi sahədə əməkdaşlıq etməyə məcburdur və bunun marağındadır. Yəni, bu gün Azərbaycanın nə NATO-nun, nə də ki, Rusiya hərb maşının dəstəyinə ehtiyacı yoxdur. Bu gün bizim başlıca problemimiz Qarabağ məsələsidir və bunun da həlli üçün kifayət qədər hərbi potensial var. Əməkdaşlığa gələndə isə istər NATO, İstərsə də Rusiya ilə hər iki tərəfin marağına uyğun olaraq tərəfdaş kimi ikitərəfli əlaqələr qurmaq mümkündür...".
Hərbi ekspert Üzeyir Cəfərov "mən hesab etmirəm ki, biz bir dövlət olaraq bütün işlərimizi Qərb dövlətlərinin arzu və istəklərinə uyğun qurmalıyıq",- deyə bildirdi: "Milli maraqlarımızdan irəli gələn məsələləri önə çəkərək, biz istənilən təşkilatla, yaxud dövlətlə hərtərəfli əlaqələrimizi qururuq və bu proses davamlı surətdə yüksələn xətlə davam edir. Əlbəttə ki, bu gün dünyada NATO ən güclü hərbi-siyasi təşkilat kimi tanınır. Onun üzvü və ya aktiv tərəfdaşı olan dövlətlər dünyada baş verən irili-xırdalı proseslərdə hardasa özlərini daha güvənli və etibarlı hiss edirlər. Yəqin ki, NATO Əməkdaşlıq institunun rəhbəri Fərrux Məmmədov da bunları nəzərə alaraq "Qərblə tərəfdaşlıqın bizə İranla, eləcə də Rusiya iləbizlə açıq savaşa girməyəcək" deyərkən münasibətlərdə müəyyən gərginliklərin yaşanmamasına kömək edə biləcəyini nəzərdə tutub".

Əli