“İnsanlar qanun qarşısında bərabər olmalıdır” Siyasət

“İnsanlar qanun qarşısında bərabər olmalıdır”

Qüdrət Həsənquliyev: "Biz Avropa ilə Asiyanın kəsişməsində yerləşən, həm müəyyən Avropa dəyərlərini mənimsəmiş, həm Şərqin bəzi neqativ sterotiplərindən hələ də xilas ola bilməmiş müsəlman ölkəsiyik"

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az saytına müsahibəsinin davamını oxucularımıza təqdim edirik.

- Milli Məclisdə cəmiyyətin arzuladığı və nəticə gözlədiyi sahələrlə bağlı demək olar ki, Sizdən başqa barmaqla sayılacaq deputatlar məsələ qaldırır. Bir müddət öncə AZAL ilə bağlı parlamentdə fikir bildirib onların qiymət siyasətini ifşa etmişdiniz. Amma heç bir nəticə olmadı. Əksinə, artıq müalicəyə İrana gedən kimi millət xaricə getmək üçün gedib Tiflisdən uçmağa məhkum edilib. Çünki AZAL-ın təklif etdiyi qiymətlər millət üçün sadəcə əlçatmazdır...
- Mən əvvəllər də söyləmişəm və indi də deyirəm ki, AZAL-da əsaslandırılmış qiymət sistemi yoxdur. Xatırlayırsınızsa Naxçıvana uçuşların qiyməti qaldırılanda da mən bunu söyləmişdim və müqayisə aparmışdım ki, eyni məsafəyə uçuşların qiyməti tutaq ki, Rusiyada və ya Türkiyədə hansı qiymətədir, AZAL-da hansı qiymətədir. Hətta aviayanacağı xaricdən baha qiymətə alan xarici ölkələrdə uçuşlar belə baha deyil. Halbuki Azərbaycanın özü aviayanacaq istehsal edən ölkədir. Məhz ona görə də bizim vətəndaşlar bir çox hallarda xarici aviakompaniyalardan istifadə etməyə çalışırlar. Amma bizdə sanki bunun fərqində deyillər ki, qiyməti aşağı salmaqla daha çox sərnişin cəlb etmək və daha çox gəlir götürmək olar. Dediyiniz kimi mən bu məsələni parlamentdə də, mətbuatda da dəfələrlə qaldırmışam ki, bu qiymətlərin bir əsaslandırılması yoxdur. Bizdə bilirsiniz necədir, adətən hökumətin hesabatı zamanı iqtisadi sektora aid Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Gömrük Komitəsi hesabat verir. Hə güc strukturları hesabat vermir, nə Xarici İşlər Nazirliyi. Dəfələrlə bu məsələni də parlamentdə səsləndirmişəm ki, niyə bu qurum rəhbərləri parlamentə dəvət olunmur və onlar hesabat vermirlər. Bu azmış kimi bizdə dövlət büdcəsindən nəhəng maliyyələr alan dövlət şirkətlərinin rəhbərləri də hesabat vermirlər. Elə AZAL-ın özü, Xəzər Dəniz Gəmiçiliyi və bir çox başqa açıq səhmdar cəmiyyətlər və şirkətlər hesabat vermirlər. Axı bu qurumlar Nazirlər Kabinetinin üzvü olmasalar da dövlət şirkətləridir. Özü də bunlar inhisarçı şirkətlərdir. Ona görə də hər zaman etdiyim çıxışlarda xüsusi olaraq vurğulamışam ki, parlament nəzarəti gücləndirilməlidir və bu qurumlar təkcə prezident deyil, həm də parlament qarşısında öz məsuliyyətlərini bilməlidirlər, üzərlərində bir nəzarətin olduğunu hiss etməlidirlər. Yəni ölkədə bu istiqamətdə doğrudan da görüləsi çoxlu işlər var.

- Bir neçə gündür ki, gələn ilki büdcə paketi bir tapmaca kimi sosial şəbəkələrdə virtual müzakirə olunur. Hamı da bir suala cavab axtarır ki, bir həftədən sonra parlamentin müzakirəsinə çıxarılacaq bu paketin içindəkilərdən nəinki cəmiyyətin və müstəqil iqtisadçıların, heç deputatların da xəbəri yoxdur.

- Bilirsiniz ki, o büdcə paketi ən sonda deputatlara verilir. Nazirlər Kabineti artıq bilirsiniz ki, müzakirə edərək onu prezidentə göndərib, yəqin ki, prezidentin köməkçiləri baxacaq və yalnız ondan sonra həmin sənəd Milli Məclisə gələcək. Özü də Milli Məclisə gələn kimi onun müzakirəsi keçirilmir, həmişə arada 1-2 həftə fərq olur ki, deputatlar büdcə layihəsiylə yaxından tanış ola bilsinlər.

- Kənd təsərrüfatı naziri Heydər Əsədovun Azərbaycanın kənd təsərrüfatı təyinatlı torpaqlarının Rusiyaya icarəyə verilməsi barədə dedikləri cəmiyyətdə elə narazılıqla qarşılandı ki, nazir dediklərini bir gün sonra danmağa məcbur oldu...

- Hesab edirəm ki, o da heç cür əsaslandırılmamış və xətalı bir açıqlama idi və mən izlədim ki, iqtidarlı-müxalifətli bir çox insanlar bu açıqlamanı qınadı və mən də qətiyyətlə pisləyirəm. Azərbaycan kəndlisinə imkan yaratmaq lazımdır ki, o torpaqlardan lazım olan məhsulu götürsün. Elə kənd təsərrüfatı nazirinin borcudur ki, ölkədə şoranlaşmış torpaqları münbitləşdirsinlər və həmin torpaqlar da əkilib-becərilsin. Fikir verin, azərbaycanlı gənclər iş dalınca Rusiyaya gedir, bir çox hallarda gedib oradakı münbit torpaqları baha qiymətə icarəyə götürərək qeyri-əlverişli şərtlər altında məhsul becərərək bazara çıxarır, qazancın da çoxu heç sonda onlara qalmır. Nazirsə deyir ruslar gəlib burda bizim torpaqlarda məhsul becərəcək. Onlar elə əkib-becərəndirlərsə ağzı günə qalmış milyonlarla hektar münbit torpaqlarında bunu etsinlər, kimsəyə də bu cür möhtac olmasınlar. Bu təklifin siyasi tərəfi də çox qorxuludur, görünür, Heydər Əsədov da bu təklifin siyasi tərəfini hesablamaq imkanında olmayıb. Yəni beyninə gələni dərhal da dilinə gətirib. Düşünürəm ki, o artıq çox böyük səhvə, xətaya yol verdiyinin fərqindədir.

- Cəmiyyətdə belə bir müqayisə cəhdləri sezilir ki, AXCP-nin şinelindən 7 partiya çıxdı, görəsən Müsavatdan gedənlər neçə partiya yaradacaq?

- Bilirsiniz ki, AXC-nin və ondan sonrakı dönəmdə AXCP-nin üzvlərinin sayı çox idi, ona görə də ordan ayrılan funksionerlər tərəfindən yeni partiyaların yaradılması mümkün idi. Axı Müsavatın hər şey bir yana, heç say etibarı ilə bu potensialı yoxdur ki, bir neçə partiya yaratamaq təşəbbüsündə olanlar olsun. Partiya təsis etmək üçün ən aşağısı min nəfər adam lazımdır. Müsavatda neçə min adam var ki, hətta nəzəri olaraq bir neçə partiya yaradılsın? Yəni heç fiziki baxımdan insanların sayı buna imkan vermir. Amma mən o qurultaydan öncə də söyləmişdim ki, orda bu proseslər ağrılı keçəcək. Həm də bunu Müsavatın faciəsi kimi qiymətləndirməmişdim, vurğulamışdım ki, hələ də ölkədə ümumi siyasi mədəniyyət aşağıdır. Ona görə də nə qədər deyilsə ki, Müsavat Partiyası müsavatçılıq ideologiyası üzərində yaranıb və onlar əski Müsavatın varisləridir, amma hamı bilir ki, ortada varislik deyilən bir şey olmayıb. Yəni 70 il ərzində ortadakı o varislik dönəmi tamam qırılmışdı. Az qala bir əsrə yaxın müddətdə hansı partiya fəaliyyət göstərirdi ki, varislik iddia olunsun? Sadəcə əski Müsavatın bir neçə üzvü Türkiyədə yaşayırdı. Müsavat sadəcə İsa Qəmbərin ambisiyaları ətrafında, özü də əsaslandırılmamış, təhlükəli nəticələri hesablanmadan yaradılmış və AXC iqtidarının çökməsində az rol oynamamış bir partiyadır. Necə ola bilər ki, hakimiyyətə gələsən və ölkənin ikinci şəxsi olduğun halda iqtidardakı siyasi qüvvəni parçalayaraq yeni partiya yaradasan, Yəni mənəvi baxımdan da bu qınanılası bir addım idi ki, o vaxt İsa Qəmbər bunu atmışdı. Elə ona görə də bu 21 il ərzində onun zillətini çəkir. Mən qurultay öncəsi də söyləmişdim ki, bu partiya bir nəfərin ətrafında yaranıb və orada İsa Qəmbəri əvəz edə biləcək ikinci bir nüfuzlu partiya funksioneri də hazırlanıb ortaya çıxmayıb ki, bu proses ağrısız keçsin. Sadəcə olaraq onda da demişdim ki, Müsavat başqanlığına kim gəlir gəlsin o hökumətlə işləyəcək, əməkdaşlıq edəcək. Ona görə ki, başqa alternativin olmadığının fəqində olacaqlar. Yəni İsa Qəmbər ki, bəzən Əli Kərimli ilə radikallıq rəqabətinə girmişdi, yeni gələn adamlar həmin siyasəti davam etdirsələr partiyanın yaşamaq imkanları olmayacaq. Yəni bunları nəzərə alaraq demişdim ki, kim gəlsə, yəni həm Qubad bəy, həm Arif bəy hökumətlə işləyəcəklər. Gördüyünüz kimi də hökumət heç bir müdaxilə etmədi, çünki hər iksini özünə yaxın insanlar sayırdı.

- Qüdrət bəy, onların hər ikisi hakimiyyətə yaxın adamlardır məgər?

- Birmənalı şəkildə. Özünüz də gördünüz ki, hakimiyyət baş verənlərə məsələrə heç bir müdaxilə etmədi, yəni bütün prosesləri öz axarına buraxmışdılar. Amma mən söyləmişdim ki, seçkinin nəticələri çox ağrılı olacaq. Bu məqamı bir daha vurğulamaq məcburiyyətindəyəm: Bu, ancaq Müsavatın özüylə bağlı məsələ deyil, hər bir xalqın inkişaf indeksi var. Bu göstəriciyə görə Azərbaycan heç də irəlidə getmir. Nə qədər desək ki, bir Avropa ölkəsiyik, bu belə deyil. Biz Avropa ilə Asiyanın kəsişməsində yerləşən, həm müəyyən Avropa dəyərlərini mənimsəmiş, həm Şərqin bəzi neqativ sterotiplərindən hələ də xilas ola bilməmiş müsəlman ölkəsiyik. Ona görə də bizim kimi ölkələrdə bu proseslər ağrılı olur. Ona görə də mən burda rəhmətlik Əbülfəz Elçibəyi xatırlamaya bilmirəm. Təbii ki, kimlərsə idarəetmə ilə bağlı onu tənqid edə bilər, amma o böyük bir Şərq filosofu idi, deyirdi ki, elə məsələlər var, onun zamana ehtiyacı var.

- Hər iki namizəd hökumətlə işləməyə meylli adam idisə niyə Qubad bəy yox, Arif bəy seçildi?

- Çünki Arif bəy siyasi məsələlərdə Qubad bəydən daha təcrübəli idi. O uzun illər partiyanın daxili həyatında olduğundan vəziyyəti Qubad bəydən daha müfəssəl bilirdi. Özünüz də gördünüz ki, seçkilərə az qalmış Arif Hacılı özünü növbəti başqan kimi təqdim edirdi. Yəni belə bir fikir formalaşdırmağa çalışırdı ki, bunun əksi sadəcə olaraq mümkün deyil. Bir sözlə, mesaj verirdi ki, o başqan olmayacağı təqdirdə bu partiyanın parçalanması 100 faiz labüddür və bundan qaçmaq olmayacaq. Yəni partiyanın bütünlüyünü hər şeydən üstün tutan adamları, hətta İsa Qəmbərin özünü də sadəcə qorxudaraq partiyanı parçalamaq iqtidarında olduğunu ortaya qoydu. Nəticədə İsa Qəmbəri də ona loyal davranmağa sövq etdi. Amma mən hiss edirdim ki, İsa Qəmbərin daxili simpatiyası bəlkə də Arif Hacılıdan daha çox Qubad İbadoğluna idi. Unutmayaq ki, Müsavat həm də o dövrdə regional zəmində yaradılmış bir partiya idi. O partiyada başqa regionlardan adamlar olsa da adətən partiyanın hərəkətverici qüvvəsi regionçuluq amilinə söykənirdi. Təsəvvür edin ki, İsa Qəmbərin qardaşı da açıq şəkildə Qubad bəyi dəstəkləmişdi. Bir məqam da xüsusilə diqqət çəkdi. Bəlli oldu ki, konfrans keçirilməyən rayonların əvəzinə qurultaya başqa rayondan adam gətiriblər. Seçkilərdə də pozuntularla bağlı çoxsaylı iddialar ortaya çıxdı. Təsəvvür edin, bunlar 450 nəfərin arasında normal seçki keçirə bilmədilər. Sən indi hansı haqla iqtidarı saxta seçkilər keçirməkdə ittiham edə biləcəksən? Televiziyalar da göstərdi ki, 3-4 nəfər yığışıb bir yerdə bir bülleten doldurur. Müqayisə aparın. Seçkilərdə bir məntəqədə orta hesabla 1500 adam səs verir. Ölkədə də 5 mindən artıq seçki məntəqəsi var. Bəs yaxşı, siz 5000 məntəqədə bu qədər adamın səsverməsini necə təşkil edə bilərsiniz? Yəni 20 ilən artıq eyni partiyada olan insanlar öz aralarında vicdanlı bir seçki keçirə bilmirlərsə, tutaq ki, hakimiyyəti kənara qoyuram, Arif Hacılı sabah Əli Kərimli ilə seçki yarışına girib ədaləti təmin edəcək? Yəni əgər 20 illik mübarizə yoldaşı ilə o cür ədalətsiz seçki keçirdilərsə, başqasına qarşı fərqli münasibət sərgiləyə bilərlərmi? Əlbətdə ki, yox! Bilirsiniz, Müsavatın son qurultayından sonra xalqın seçkiyə inamına o qədər böyük zərbə vuruldu ki, bunun nəticələrini hələ xeyli müddət hiss edəcəyik. Əslində insanların seçkilərdən uzaq düşməsinin də bir səbəbi də bu cür hərəkətlərdi. Onlar düşünürlər ki, əgər illər boyunca bir yerdə olanların bir-birinə münasibəti bu cürdüsə, sabah bunlar hansı demokratik seçki keçirə bilər? Bundan başqa beynəlxalq birlik qarşısında Azərbaycanda siyasi mədəniyyətin səviyyəsini bir daha göstərmiş oldular ki, özlərini 100 illik bir partiya hesab edənlər bu cür bərbad seçki keçirdilər. Mən də uzun illər bunu deyirdim ki, maksimalist olmayaq, biz bir xalq olaraq buyuq və gəlin yavaş-yavaş xalqı seçki prosesinə hazırlayaq. İndi hətta Qubad bəy istefa verməsə belə o partiyaya partiya demək olmaz. Partiya həmfikirlərin bir araya gəldiyi bir qurumdur. O yerdə ki, artıq insanların bir-birinə patoloji nifrəti yaranıb, hansı birlikdən söhbət gedə bilər? Vaxtilə AXC-nin də tərkibində biz bunun sonradan hansı nəticələrə gətirib çıxardığını gördük. Ona görə də mən bu qənaətdəyəm ki, Müsavat Partiyası İsa Qəmbərlə doğulmuşdusa İsa Qəmbərlə də öldü. Söhbət Rəsulzadə Müsavatından yox, yeni yaradılmış Müsavatdan gedir.

- Azərbaycanın son illər ənənə halını almış bir acı reallığı da ağır xəstə olan görkəmli adamlarla bağlı bəzən çox gecikmiş, bəzən min kərə xahiş-minnətdən sonra müalicəsi üçün ən yüksək səviyyədə qərar verilməsidir. Sonuncu belə olay görkəmli alim Firudin Cəlilovu ölümün pəncəsindən almaq üçün Kəmaləddin Heydərovun onu Türkiyəyə müalicəyə göndərməsi oldu. Olmazmı ki, bir fond yaradılsın və heç olmasa millət üçün əlindən gələni əsirgəməmiş cəfakeş məhşurlarımızın harayına vaxtında çatmaq mümkün olsun, iş işdən keçəndən sonra nə dövlət, nə ayrı-ayrı məmurlar əl-ayağa düşməsin?

- Hesab etmirəm ki, tanınmış adamlar üçün dövlət irəli durduğu halda deyək ki, bir kasıb müalicə pulu tapmadığına görə ölməlidir. Ona görə də ölkədə tibbi sığorta həyata keçirilməsi üçün biz illərdi danışırıq. Bu yaxınlarda baş nazirin müavini Əli Əhmədov açıqlama vermişdi ki, biz icbari tibbi sığortanın tətbiqinə başlamağa hazırlaşırıq. Mən o zaman söyləmişdim ki, onu ya şantaj edəcəklər, ya da pulla ələ almağa çalışacaqlar ki, bu məsələ gündəmdən çıxsın, ən azı məsələ mümkün qədər yubansın. Ona görə ki, ortada çox böyük pullardan söhbət gedir. Ölkədəki səhiyyə sisteminə rəhbərlik edən şəxslər imkan verməzlər ki, bu proses tezliklə həyata keçirilsin. Həkimin xəstədən aldığı pulun hamısı onun özünə çatmır ki. O yığdığının böyük hissəsin şöbə müdirinə verir, şöbə müdiri də aparıb baş həkimə verir, baş həkim də öz növbəsində daha yuxarıların "haqqını" verir. Yəni bu cür eybəcər mexanizm bu formada davam edir. Elə Əli Əhmədovun müsahibəsində də vardı ki, icbari tibbi sığorta tətbiq edilsə xəstədən pul alma məsələsi də aradan qalxar. Yəni deməyim odur ki, biz insanlarımızın hamısına icbari tibbi sığortanı tətbiq etməliyik ki, heç kimin hansısa xeyriyyəçiyə və ya xeyriyyə təşkilatlarına ehtiyacı olmasın. Elə sistem tətbiq edilməlidir ki, sığorta şirkəti hər bir vətəndaşımızın bütün müalicə xərcini qarşılamaq iqtidarında olsun, bu xərc 50 min manat da olsa, 100 min manat da. Bundan başqa əlbəttə müəyyən xeyriyyə fondları da ola bilər ki, sığorta şirkətləri tələb olunan vəsaitin hamısını ödəmək imkanında olmayanda həmin fondlar yardımçı olsunlar. Amma qlobal şəkildə bu problemin həlli icbari tibbi sığortanın tətbiqindən keçir.

- Bir müddət öncə xoşməramlı kampaniya başlatdıq ki, Firudun Cəlilov kimi görkəmli ziyalıya, keçmiş istiqlalçı deputata, bu millət üçün canını, enerjisini fəda etmiş elm xadiminə prezident təqaüdü verilsin...

- Firudin müəllimi mən illər öncədən çox yaxşı tanıyıram. Firudin müəllim doğrudan da prezident təqaüdünə layiq bir adamdır. Onun səhhətindəki problemləriylə bağlı mən özüm də müxtəlif şəxslərlə söhbət etmişəm, bu məsələni onların qarşısında qaldırmışam. Deməyim odur ki, mən onun səhhətindəki problemlərdən xəbərdar idim və heç zaman ona qarşı diqqətsiz qalmamışam. Ona da bir Azərbaycan ziyalısı kimi çox böyük hörmətim var. Hesab edirəm ki, ona prezident təqaüdü verilsəydi, çox yaxşı olardı. Çünki o buna layiqdir və öz fəaliyyətiylə həm də bir istiqlalçı deputat kimi bunu qazanıb. Amma bayaq da qeyd etdiyim kimi qlobal mənada mənim baxışlarım bu məsələdə bir qədər fərqlidir. İnsanlar qanun qarşısında bərabər olmalıdır. Mən tələbələrə xüsusi təqaüdlərin də verilməsinin əleyhinəyəm. Bu baxımdan mən insanlara ünvanlı təqaüdlərin də verilməsini doğru hesab etmirəm. Çünki bu vətəndaşların konstitusiya ilə qanun qarşısındakı bərabərliyi prinsipini pozur. Tutaq ki, ziyalısı, şairi və yazıçısı da kitabını satıb yaşamalıdır. Yəni biz bir sivil Avropa ölkəsi olub Avropa dəyərələrini mənimsəmək istəyiriksə bu belə olmalıdır. Yoxsa bizdə məsələn, kimsə professordur və ali məktəbdə dərs deyir maaş alır və pensiyaya çıxır. Çıxandan sonra ona əlavə olaraq prezident təqaüdü də verirlər. Bəs o biri professorlar? Bəs qanun qarşısında hamının bərabərliyi prinsipi harda qaldı? Xüsusi xidmətlərə görə birdəfəlik mükafatlar verilə bilər. Yoxsa daimi əsaslarla kimsə kiminsə təqdimatını verəcək, onun adın həmin siyahıya salacaqlar, başqaların yada da salan olmayacaq, bu cür meyarla elmi hörmətdən salırıq. Obyektiv araşdırma aparaq görək prezident təqaüdünə düşən professorun digər professorlardan hansı üstünlüyü var? Bu fərqi kim müəyyənləşdirir, kriteriyalar nədir, hansı komissiya bunu seçir? Yaxud fəxri adların verilməsini götürək. Bəzən görürsən ki, incəsənətdən, mədəniyyətdən xəbəri olmayan birinə xalq artisti və ya əməkdar artist adı verilir, canını bu sənətə qoyanı heç yada da salan olmur. Burda hansı kriteriyalsr əsas götürülür bəs? Yəni deməyim odur ki, bu sahədə bizdə bir xaos var və qanunun gücündən yox, acizliyindən danışmaq lazım gəlir. Bayaq tələbələrdən danışdım, kimsə məni ittiham etməsin ki, tələbələrə xüsusi təqaüd verilməsinin əleyhinəyəm. Bilirsiniz, hər şey qanunla tənzimlənməlidir. Təhsil haqqında qanunda konkret göstərilməlidir ki, yaxşı oxuyan tələbə filan qədər təqaüd almalıdır. İndi ixtisaslar üzrə seçimlər edilir və ən yüksək bal toplamış abituriyentlərə bəri başdan prezident təqaüdü verilir. O uşaqların çoxu heç gedib oxumurlar. Amma ən azından həmin tələbənin heç olmasa bir ilinin nəticəsini gözləmək lazımdır ki, bu adam doğrudanmı bu təqaüdə layiq birisidir? Amma bu gün həmin tələbələr təhsil aldıqları universitetin adına xələl gəlməsin deyə, hətta oxumasalar belə universiteti bitirənədək əlaçı qalırlar. Bu formada təhsil və bu cür qiymətləndirmə olmaz. Ona görə də hesab edirəm ki, bu məsələyə də mütləq yenidən baxılmaldır. Deməyim odur ki, 10 milyonluq bir ölkədə dövlət bütün xəstələnən ziyalısının xərclərini öz üzərinə götürə bilməz. Onda gərək ayrı-ayrı şirkətlər ancaq xəstə müalicə etdirməklə məşğul olsun. Bilirsiniz müraciət edənlərin sayı nə qədərdir? Hətta "Heydər Əliyev Fondu" da müraciətlərin hamısını qarşılaya bilmir. Çünki müraciət edənlərin sayı-hesabı yoxdur. Məhz ona görə sığorta şirkətləri yaradılır və vətəndaşa da deyilir ki, sən əvvəlcədən həmin şirkətlərə pul ödə ki, sabah səhhətində problem yarananda sənin əməliyyat xərcini həmin sığorta şirkəti ödəyə bilsin. Biz inkişaf etmiş dünyanın keçdiyi yola çıxmaq üçün sürətlə addımlamalıyıq. Yoxsa lap Heydər Əliyev Fondu kimi 10 dənə fond yaradılsa da mümkün olan şey deyil. Tutaq ki, Heydər Əliyev Fondu ildə min xəstəni əməliyyat etdirir, o biri fondlar da lap hərəsi min xəstəni müalicə etdirsin. Amma təkcə ildə İrana müalicəyə bir milyon adam gedir. Ona görə də ilk növbədə Azərbaycanda səhiyyənin səviyyəsini qaldırmaq lazımdır. Cəmiyyətin diqqətini xırda işlərə deyil, bu cür fundamental məsələlərə yönəltmək lazmdır ki, niyə Azərbaycanda bu qədər dövlət səhiyyə müəssisələri var? Axı biz bazar iqtisadiyyatına keçmiş ölkəyik. Niyə səhiyyə obyektlərini də özəlləşdirmrik? Məqsəd və maraq nədir burda? Yaxud niyə bu qədər dövlət universitetləri var? Niyə bazar iqtisadiyyatına keçəndən sonra zavod və fabiklər özəlləşdirildi, amma ali məktəbləri özəlləşdirmək "yaddan çıxdı"? Yəni bu məsələləri biz zaman-zaman qaldırırıq, sizlərin də bir jurnalist kimi borcunuzdur ki, daim gündəmdə saxlayasınız və sual verəsiniz ki, niyə buna olar, o birinə olmaz? Yəni hamı da yaxşı anlayır ki, universitetlər özəlləşdirilməyənədək və təhsil kreditləri verilməyənədək ali məktəblərdəki neqativ halları aradan qaldımaq mümkün olmayacaq. 50 rektor dəyişsələr də heç nə olan deyil. Olsa-olsa müəyyən kosmetik dəyişikliklər ola bilər ancaq. Ancaq təhsildə fundamental dəyişiklikər baş verəsi deyil. Eləcə də icbari tibbi sığortaya keçməyənə və xəstəxanalar özəlləşdirilməyənə qədər səhiyyə sistemində də ciddi nailiyyətlərdən söhbət gedə bilməz. Təhsillə səhiyyəsi zəif olan ölkədə isə vətəndaşın sosial rifahından danışmağın yeri qalmır.

- Hər dəfə Həcc mövsümündə cəmiyyətdə və mətbuatda bu mövzu dartışılır ki, 4 min adam gedib Həccdə 5 min manat pul xərcləyir, amma tutaq ki, qonşusu 500 manat tapıb əməliyyat oluna bilmədiyinə görə dünyasın dəyişir, yaxud pulsuzluqdan digər faciələr yaşanır. Bu məsələyə Sizin baxışınız necədir?

- Həcc ziyarəti hər bir zəvvara təxminən 5 min manata başa gəlir. Amma siz heç təsəvvür edirsinizmi hər il turist kimi xaricə dincələməyə nə qədər soydaşımız gedir? İl ərzində təkcə 60-70 min adam Gürcüstana gedir. Özü də bir çoxunun həmin istirahəti 5 minə yox, 10 min manatdan baha başa gəlir. Yəni bunları eyniləşdirmək istəməzdim, biri gəzmək, istirahət etmək üçün o qədər pul xərcləyir, bir başqası isə Allah qarşısında borcunu yerinə yetirmək üçün müqəddəs yerləri ziyarət etmək istəyir. Bilirsiniz, demək olmaz ki, ay filankəs, sən Həcc ziyarətinə getmə, amma həmin pulu apar bir ürək əməliyyatı üçün xərclə. Mən bu cür yanaşmanı qəbul edə bilmirəm. Bu məsələni hərənin öz vicdanlına, baxışlarına və dünyagörüşünə buraxmaq lazımdır. Amma elə məsələlər var ki, orda qayda-qanun yaratmaq lazımdır. Məsələn, indi restoranlarda qayda-qanun yarada bilmirlər, ki, səsi çox verib toya gələnlərin əsəblərin pozmasınlar, kondisioneri toy başlayan kimi söndürməsinlər, bahalı yeməkləri toyun sonunda gətirməsinlər. Bunu nizama salmaq istəmirlər, indi də təklif səsləndirirlər ki, gəlin Tacikistandakı kimi toya 100 nəfərdən artıq adam çağırılmasın, toyda da tutaq ki, ancaq iki növ yemək verməlisən. Adama deyərlər ki, mənim qonağıma nə verəcəyimi sənmi müəyənləşdirməlisən? Tutaq ki, bir biznesmen oğluna toy edir, o qonaqlara kürü verəcək, o birisi kasıbdırsa bunu verməyəcək. Bazar iqtisadiyatına keçmiş ölkədə bu cür bərabərlik işarəsi qoymaq nə dərəcədə doğru olar? Bunları ona görə söyləyirəm ki, biz bəzən sahibkarın üstünə gedə bilmirik ki, sən orda qanunlara hörmət elə, başlayırıq ümumi təbliğat kampaniyası aparmağa. O ki, qaldı Həcc ziyarətinə, burda da artıq eybəcərliklərə əl atılmasına başlanılıb. Bir də görürsən ki, kimsə gedib o Müqəddəs yerlərdən özü öz şəklin çəkib göndərir Bakıya ki, qoy baxsınlaar bu adam hardadır. Halbuki həmin məqamda o bütün varlığıyla, ruhuyla Allahına bağlanmalıdır. Yəni orda olan adam ibadətdən savayı başqa nə düşünə bilər ki? Amma təəssüf ki, ora reklam naminə gedən də var. Belələri də var, amma əksəriyyət inanclı insanlar Kəbəyə Allah qarşısında günahlarını yumağa gedirlər. Ona görə də bu məsələdə bir qədər ehtiyatlı olmalıyıq. Mən bilirsiniz nədən qorxuram? Azərbaycanda dini ekstremizm güclənir, ölkədən xeyli sayda gənclər gedərək terror təşkilatlarının tərkibində döyüşürlər. Biz bunun qarşısını ala bilmirik. Yəni Azərbaycanda münbit baza var ki, İŞİD burdan əsgər yığdığını bəyan edir. Hesab edirəm ki, diqqəti daha çox bu məsələlərə yönəltməliyik.