“Ohanyan bu dəfəki bəyanatı ilə ölkəsini şoka salıb” Siyasət

“Ohanyan bu dəfəki bəyanatı ilə ölkəsini şoka salıb”

Aydın Mirzəzadə: "Onun dedikləri ilə Azərbaycan siyasətçilərinin dedikləri tamamilə üst-üstə düşür"

Ermənistanın müdafiə naziri Seyran Ohanyan "hərbi tibbdə aktual problemlər" adlı keçirilən beynəlxalq elmi konfransda çıxışı zamanı "sirr deyil ki, bu gün orduda korrupsiya riskləri var", - deyə bildirib: "Tibb komissiyalarında məhz bu yolla hərbi xidmətdən yayınanlar var". Tədbirdə fasilə zamanı Seyran Ohanyan jurnalistə bildirib ki, tibb komissiyalarının tərkibi dəyişsə də, korrupsiya riskləri qalmaqda davam edir. Ermənistan müdafiə naziri etiraf edib ki, korrupsiyanın səbəblərindən biri də ölkədə maaşların aşağı olmasıdır. "Bir çox hərbi qulluqçu bu gün maaşların aşağı olmasından şikayət edirlər. Belə informasiya var ki, bəzi zabitlər maaşa görə xidməti tərk edirlər". Nazir hərbi qulluqçuların maaşlarının artırılması ilə bağlı aparılan işlər barədə verilən sualı isə əsəbi qarşılayıb: "Biz, maaşların artırılması üçün mübarizə aparırıq. Mübarizə aparmaq nə deməkdir? Mən əlimdə plakatlar küçələrdə təntənə ilə yeriyəsi deyiləm. Biz mübarizə aparmaq lazım olan yerlərdə işlər görürük".
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) siyasi şura üzvü, millət vəkili Aydın Mirzəzadə Ermənistanın müdafiə naziri Seyran Ohanyanın açıqlamasına münasibət bildirib. O, deyib ki, ermənilər işğal edilmiş Azərbaycan torpaqlarına hərbi xidmətə düşməmək üçün hərbi komissarlıqlara çağırış zamanı böyük rüşvət verir.
Deputat vurğulayıb ki, erməni nazir vaxtaşırı hərbini siyasətə qarışdıraraq, hətta öz vətəndaşlarının təəccübünə səbəb olan bəyanatlar verir: "Ermənistanın müdafiə naziri Seyran Ohanyan Azərbaycanın təbliğatını aparır. Mətbuat xəbər verir ki, Ermnistanın Baş hərbiçisi Seyran Ohanyan özünün rəhbərlik etdiyi ordusunun vəziyyəti ilə açıqlama yayıb. Uğursuz zabit və ondan da uğursuz siyasətçi Ohanyan bu dəfəki bəyanatı ilə isə ölkəsini lap şoka salıb. Çünki, onun dedikləri ilə Azərbaycan siyasətçilərinin və ekspetlərinin dedikləri ilə tamamilə üst-üstə düşür. Şübhə yoxdur ki, erməni nazir reallığı deyib, ancaq o əvvəl bunu ancaq Ermənistan prezidentinin yanında qapalı iclaslarda deyirdisə, indi artıq açıq şəkildə deyir. Görünür artıq gizlətməyin mənası yoxdur. Ermənistanın müdafiə naziri Seyran Ohanyan Ermənistan ordusunun hərbi hissələrindən birində olan zaman zabitləri sərt tənqid edib və onları əsgərlərə qarşı kobud münasibətə görə tənqid atəşinə tutub: "Zabitlərin əsgərlərə qarşı normal münasibət göstərməməsi əsgərlərin həyatına təhlükə yaradır. Heç kəsə sirr deyil ki, zabitlərin son zamanlar "belə fəaliyyəti" çox acınacaqlıdır. Hazırda orduda olan nizam-intizam ciddi şəkildə pozulur". Tamamilə düzgün fikirdir. Bu fikri Azərbaycan tərəfi həmişə deyir və bildirir ki, Ermənistan ordusunda vəziyyət acınacaqlıdır. Bildirik ki, qonşu dövlətin ordusu pis silahlanır, maddi təchizatı zəifdir, zabit-əsgər münasibətləri quldarlıq dövrünün münasibətlərini xatırladır. Həmçinin Ermənistanda işğal edilmiş Azərbaycan torpaqlarına düşməmək üçün hərbi komissarlıqlara çağırış zamanı böyük rüşvət verilir, ora düşənlərin isə əsgər müavinəti zabitlər tərəfindən zorla əllərindən alınır".
Millət vəkili "Ohanyan düzünü dedi, ancaq özünün də bildiyi səbəbi dilinə gətirməyə çəkindi",- deyə əlavə edib: "Səbəb isə Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etməsindədir. Erməni əsgəri ( elə zabiti də) özgə torpaqda olduğunun fərqindədir, o Sarkisyan və Ohanyanlar üçün öz həyatını qurban vermək istəmir. Elə Ermənistanın da bütün problemlərinin kökündə işğal məhz faktoru dayanır. Əhali ölkədən qaçır, minilliklərdən sonra təsadüfən yaranmış erməni dövləti layihəsi iflasa uğrayır, sabaha ümid yoxdur. Bütün bunlar da Ermənistan prezidenti yanında qapalı iclaslarda tez-tez səslənir. O fikirlərin də açıq deyiləcəyi gün uzaqda deyil. Kim gözləyərdi ki, Ohanyan Ermənistan ordusunun içində Azərbaycan tərəfinin sözlərini deyəcək".

Əli