Moskvadan Bakıya hərbi əməkdaşlıq təklifi Siyasət

Moskvadan Bakıya hərbi əməkdaşlıq təklifi

Rusiyanın bu niyyətinin arxasında nə dayanır?

Cavid

Azərbaycanda səfərdə olan Rusiyanın müdafiə naziri Sergey Şoyqu Azərbaycanı "strateji tərəfdaş" adlandırıb. Azərbaycan prezidenti nazirlə görüş zamanı iki ölkə arasında əməkdaşlığın dinamik inkişaf etdiyini söyləyib. Ölkə başçısının sözlərinə görə, Azərbaycan və Rusiya arasında bütün səviyyələrdə əməkdaşlıq var və hərbi sahə də daxil olmaqla, əlaqələr dinamik inkişafdadır.
Öz növbəsində S.Şoyqu Azərbaycanla Rusiyanın müxtəlif sahələr üzrə əməkdaşlığının çox əhəmiyyətli olduğunu vurğulayıb: "İki ölkənin hərbi-texniki əməkdaşlığı, onun qiymətləndirilməsi, müasir silah satışı üzrə göstəricilərdə həqiqətən də dinamika mövcuddur və bu, gələcəkdə də davam etdiriləcək".
Rusiya mənbələrinin verdiyi xəbərə görə, səfərin yekunlarına əsasən Rusiya ilə Azərbaycan Xəzərdə kollektiv təhlükəsizlik sistemi formalaşdıracaq. Bu yeni strukturun elementlərindən biri Xəzəryanı ölkələrin hərbi-dəniz qüvvələrinin komandanlarının Şurası olacaq. Bildirilir ki, bu razılaşma Sergey Şoyqunun Bakıya səfərinin əsas yekunlarından biridir.
Azərbaycan rəhbərliyi ilə danışıqları başa vurandan sonra jurnalistlərə danışan Şoyqu deyib ki, əsas nəticələrdən biri Xəzər dənizində birgə hərbi əməkdaşlıqdır: "Bu məqsədlə biz Xəzərdə kollektiv təhlükəsizlik sistemi yaratmaq perspektivlərini müzakirə etdik, həmçinin birgə döyüş və əməliyyat hazırlığı tədbirləri haqda danışdıq. 2015-ci ildə Xəzərdə bir sıra birgə hərbi təlimlər nəzərdə tutulur".
Xəzərdə Rusiya-Azərbaycan hərbi əməkdaşlığın perspektivləri və sahilyanı dövlətlərin birgə hərbi komandanlığının yaradılması rəsmi Bakıya nə vəd edir?
Xatırladaq ki, rəsmi Bakı Dəniz Təhlükəsizliyi Strategiyası hazırlanıb. Strategiyanın hazırlanmasında Rusiyanın, Ukraynanın, Türkiyənin və Birləşmiş Ştatların müxtəlif adlarda olan sənədlərindən istifadə olunub. Sənəd ümumilikdə Azərbaycanın "Dəniz Doktrinası" da adlandırıla bilər. Amma bu sənəd 2007-ci ildə qəbul edilmiş Milli Təhlükəsizlik Konsepsiyasından və 2010-cu ildə qəbul olunmuş Hərbi Doktrinadan fərqlidir. Qeyd edək ki, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyasında bildirilir ki, Azərbaycan Respublikası Avratlantik strukturları ilə tərəfdaşlığı bütövlükdə Avratlantik məkanında ümumi təhlükəsizliyə, iqtisadi inkişafa və demokratiyaya dəstək verəcək vasitə kimi görür. Qeyd olunur ki, Azərbaycan Respublikası Avropa və Avratlantik məkanında qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında NATO ilə birgə işləyir və təhlükəsizliyin bölünməzliyi prinsipinə zidd coğrafi və siyasi ayrı-seçkilik olmadan Avropada və yerləşdiyi regionda vahid təhlükəsizlik sisteminin qurulması yükünü bölüşmək əzmindədir. Bu sənəddə Azərbaycanın NATO ilə əməkdaşlığının onun müxtəlif sahələrinə, eyni zamanda Xəzərdə təhlükəsizlik qayğılarının qarşılanmasına verdiyi və verəcəyi töhfələr hər bölümdə təkrarlanır.
Onu da qeyd edək ki, bu gün Azərbaycan üçün Xəzərin təhlükəsizlik strategiyasında əsas problem dənizin hüquqi statusunun müəyyən olunmaması ilə bağlıdır. Buna isə əsasən İran və Rusiya mane olur. Rusiyanın müdafiə nazirinin Bakıya səfəri və keçirdiyi görüşlərdə birgə hərbi əməkdaşlıqla bağlı bəyanatlar verdiyi vaxt Rusiya Ermənistanla birgə hərbi təlimlər keçirir. Ona görə də rəsmi Moskvanın Xəzərdə Azərbaycanla birgə hərbi əməkdaşlıq istəyi heç də saf niyyətdən irəli gəlmir. Çünki Rusiya Xəzərdə daim əzələ nümyiş etdirib və Azərbaycanın müstəqilliyinə təhlükə olan İran və Ermənistan kimi dövlətlərlə birgə təlimlərdə iştirak edib.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Vladimir Popov "Nezavisimaya qazeta"ya bildirib ki, Rusiya və İran hərbi əməkdaşlığı ilk növbədə Xəzər regionunda üçüncü qüvvələrin, konkret olaraq NATO-nun iştirakına qarşı yönəlib. Ekspert ilk növbədə hərbi alyansın Azərbaycan və Qazaxıstanla əməkdaşlığına diqqət çəkir və bildirir ki, Qərb hər iki ölkənin hərbi donanmasının gücləndirilməsilə məşğuldur. Rusiya və İranın da "sürətlə silahlanmanın" əsas iştirakçısı olduğunu deyən Popov ölkəsinin 2012-ci ildə Azərbaycan sərhədi yaxınlığında mobil sahil raket kompleksini yerləşdirdiyini xatırladır. Hansı ki, bu raketlər 120 kilometrə qədər uzaqlıqdakı dəniz hədəflərini vurmaq qabiliyyətinə malikdir.
"Xəzəryanı dövlətlərin arasında ona görə belə bir bölgü mövcuddur ki, onlardan bəziləri Qərbə yönəlib və Xəzərdə Rusiya və İranın mövqelərinin güclənməsini istəmirlər", - deyə Popov vəziyyəti belə izah edib. O hesab edib ki, Moskva və Tehran Xəzərdəki partnyorlarının bəzi qərarlarını özləri üçün təhlükə görür. Ekspertin fikrincə, bu təhlükələrdən biri Aktau və Bakı limanlarının Əfqanıstandan çıxarılan koalisiya güclərinin tranzit məntəqələrinə çevrilməsidir. İran və Rusiyanı narahat edən daha bir məsələ isə Transxəzər boru kəmərlərinin çəkilməsi ola bilər. Məlumdur ki, kəmərlərin təhlükəsizliyini qorumaq lazımdır, bunun üçün isə Qərbdən hərbçilərin gəlməsinə ehtiyac yarana bilər.
Politoloq Sergey Mixeyev isə hesab edib ki, Xəzəryanı dövlətlər mümkün mübahisələrin hərbi yolla həlli üçün silahlanır və bu çox təhlükəli tendensiyadır. Xüsusilə Rusiyanın belə bir məntiqlə hərəkət etdiyini deyən politoloq bu vəziyyətdə məhz Tehranın Moskvanın müttəfiqi kimi çıxış etdiyini bildirib. Rusiyanın regional təşkilat yaratmaq təşəbbüsünü dəstəklədiyini bildirən S.Mixeyev Qazaxıstanın bu ideyaya neytral qaldığını, Azərbaycan və Türkmənistanın isə ehtiyatla yanaşdığını dilə gətirib.
Onu da xatırladaq ki, bir neçə il öncə İranın sabiq prezidenti Mahmud Əhmədinecat və Rusiya prezidenti Vladimir Putin də Xəzərdə təhlükəsizlik məsələlərinin birlikdə həll olunması təklifini veriblər. ABŞ-ın nüfuzlu "World Politics Review" nəşri yazır ki, vaxtaşırı olaraq İran və Rusiyanın rəsmi nümayəndələri təhlükəsizlik məsələlərində regional əməkdaşlıqla bağlı lovğa təkliflərlə çıxış ediblər. Məsələn, İranın sabiq prezidenti Mahmud Əhmədinecad beş sahilyanı dövlət arasında qarşılıqlı etibarın möhkəmləndirilməsi üçün bir sıra təkliflərlə çıxış edib. Rusiya prezidenti Vladimir Putin isə uzun müddətdir ki, "Xəzər dənizində təhlükəsizliyin təmin olunması", "strateji obyektlərin terrorçulardan qorunması üçün" beş ölkə əsasında birgə hərbi dəniz qruplaşmasını yaratmağa çalışır. Lakin bu təkliflər göydən asılı qalıb. "World Politics Review" bunu Rusiya, İran və başqa xəzəryanı dövlətlər onların arasındakı regional iqtisadi və enerji məsələləri üzrə fikir ayrılıqları ilə izah edir.