Həmsədrlər qarşısında tələb Siyasət

Həmsədrlər qarşısında tələb

Azərbaycan prezidenti vasitəçiləri azərbaycanlı girovların buraxılması üçün ciddi addımlar atmağa çağırıb

"Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşdə onlardan tələb edib ki, Ermənistan tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin tez bir zamanda azad olunması üçün bu ölkə qarşısında məsələ qaldırsınlar".
APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib. Nazir bildirib ki, prezident həmsədrlərlə görüşündə girovların məsələsinə toxunub və onlardan bu istiqamətdə ciddi addımlar atmağı tələb edib: "Hazırda bu məsələ ilə Qırmızı Xaç Komitəsi məşğul olur. Biz onlarla əlaqə saxlayırıq və yaxın günlərdə müsbət nəticəyə ümid edirik".
XİH rəhbəri deyib ki, Azərbaycan prezidentlərin bu ayın sonunda Parisdə keçiriləcək üçtərəfli görüşündən ciddi irəliləyiş gözləyir. Nazir bildirib ki, Azərbaycan vaxt itirmədən Dağlıq Qarabağ münaqişəsinin həllinə dair sülh sazişinin hazırlanması işinə başlamağın tərəfdarıdır. O qeyd edib ki, həmsədrlər bir neçə məsələni əhatə edən struktur təkliflər veriblər: "Biz belə qərara gəldik ki, torpaqların boşaldılması, qaçqınların geri qayıtmasını da əhatə edən bu struktur təkliflər əsasında sülh sazişinin hazırlanmasına başlaya bilərik. Biz yeni mərhələyə tam hazırıq, analoji addımı Ermənistandan da gözləyirik".