Müsavatda kütləvi istefalar, partiya faktiki olaraq parçalanıb… Siyasət

Müsavatda kütləvi istefalar, partiya faktiki olaraq parçalanıb…

Vurğun Əyyub: "Tovuz rayon təşkilatının tam tərkibdə istefasından xəbərsiz idim"
Ellada Məmmədli: "Arif Hacılı" sevgisi adı altında Müsavatı dağıdırlar"
Aydın Hüseynov: "Bundan sonra da Müsavatda kütləvi istefaların baş verəcəyi gözləniləndir"

Müsavatın qalmaqallı qurultayından sonra bu partiyadan istefaların veriləcəyi ilə bağlı fikirlər dolaşırdı. Ehtimallar özünü doğrultdu və qurumdan silsilə istefalara start verildi. Partiya sıralarını tərk edən gənclərdən sonra Gənclər Təşkilatının sədri özü də istefa verdiyini bəyan edib. Keçmiş sədr Əhliman Abbas fikirlərini "Facebook" profilində bölüşərək yazıb ki, partiya içində siyasi səviyyəsiz, qaragüruh qanadın hegemonluq qazanması nəticəsində Müsavatda hər hansı normal siyasi fəaliyyətin davam etdirilməsi praktik olaraq mümkünsüz vəziyyətə düşüb…
Ümumilikdə isə partiyanın 27 sentyabrda baş tutan qurultayından sonra daxili fikir ayrılıqları 10-a yaxın gənc fəalın istefası ilə nəticələnib. Bundan başqa oktyabrın 15-də Tovuz rayon təşkilatı tam tərkibdə istefa verdiyini açıqlayıb.
Müsavat Məclisinin üzvü, əslən Tovuz rayonundan olan Vurğun Əyyub partiyanın Tovuz rayon təşkilatının tam tərkibdə istefasına münasibət bildirərkən deyib ki, Müsavatın rəhbərliyində olan şəxslər istefaların qarşısını necə alacaqları barədə düşünməlidirlər. Vurğun Əyyub istefadan xəbərsiz olduğunu və bundan təəssüfləndiyini bildirib: "Tovuz rayon təşkilatının tam tərkibdə partiyadan istefasından xəbərsiz idim. Təbii ki, onların bu hərəkətinə təəssüf edirəm. Niyə bu qərara gəliblər, kiminlə məsləhətləşiblər, mənim bununla bağlı məlumatım yoxdur. İstefalar partiyanın rəhbərliyində olan adamları maraqlandırmalıdır ki, bunlar hansı səbəbdən baş verir və onun qarşısını necə almaq olar?.."
Müsavat başqanlığına keçmiş namizəd Tural Abbaslı bildirib ki, Müsavatdakı istefalar daha çox emosinal vəziyyətin nəticəsidir: "Başqanlıq yarışında münasibətlər o qədər gərginləşib ki, bu yarışın nəticələrini qəbul edə bilmirik". Partiyadakı kütləvi istefalardan söz açan Tural Abbaslı Arif Hacılını təcili addım atmağa çağırıb: "Hesab edirəm ki, partiya başqanı təcili bunla bağlı addımlar atmalıdır. Narazı kəsimlə görüşmək lazımdır. Namizəd olanda, yaxud da birbaşa məsuliyyət sənin üzərində olmayanda hansısa şərtlər irəli sürmək olar, amma birbaşa cavabdeh şəxsənsə lazım olsa, sən narazı kəsimin ayağına gedib problemi araşdıracaqsan. Bu gün partiyanın uğuru da, uğursuzluğu da bu günkü başqanın ayağına yazılacaq. Biz istəyiriksə ki, başqan partiyaya uğur qazandırsın, ona görə də həmin başqanın nüfuzunu şübhə altına almamalıyıq. Əgər kimlərsə, hələ də bu məsələləri özləri üçün müəyyənləşdirməyiblərsə, lazım olanda onların da ayağına getməlidir". İstefa verən partiya üzvlərindən bir neçəsi ilə görüşdüyünü deyən Tural Abbaslı bildirib ki, bunun düzgün addım olmadığını onlara çatdırıb: "Ola bilsin öz xəttimlə bəzilərilə söhbətlər edim və bu istefaların çıxış yolu olmadığını onlara izah etməyə çalışım. Bu günə qədər istefa vermiş bəzi üzvlərlə görüşmüşəm, bu addımın düz olmadığını qeyd etmişəm. Amma hər halda problemi gözardı etmək olmaz".
Bütün bunlardan nəticəyə gəlmək olur ki, Müsavatda vəziyyət normal deyil və partiya faktiki olaraq 2 yerə parçalanıb. Bu da uğurlu gələcək vəd etmir.
Müsavat Qadınlar Birliyinin (MQB) sədri Ellada Məmmədlinin açıqlaması da bunu deməyə əsas verir. O, bildirib ki, Qurultayda Qubad İbadoğlunu dəstəklədiyi üçün onu istefaya çağırırlar. Onun sözlərinə görə, Müsavat Gənclər Təşkilatının sədri Əhliman Abbasın istefasından sonra onu da bu addımı atmağa səsləyirlər: "Facebook-da yazırlar ki, Müsavatda MGT və MQB var, Əhliman Abbas getdi, o biri də getməlidir. Çünki mən Qubad bəyi dəstəkləmişəm. Demokratiya deyilmi? Mən də öz azad hüququmdan istifadə edərək, öz namizədimə səs vermişəm. Amma arxa planda başqa oyunlar gedir. Vaxtilə mən Qadınlar Birliyinə Arif Hacılının razılığı olmadan səs çoxluğu ilə seçilmişdim, amma onun öz namizədi var idi. Buna görə də indi mənə qarşı belə kampaniya aparılır. Lakin mənim heç yana getmək fikrim yoxdur, mübarizəni partiyada qalmaqla davam edəcəyəm". O, Facebook-da Qubad İbadoğlu tərəfdarlarının əleyhinə olan "gizli qrup"dan da danışdı: "Allahı sevənlər Allahsızlıq etməz. "Gizli qrup"da hər iki statusdan birini Qubad bəy və tərəfdarlarının əleyhinə yazırlar. Bu qədər kin kimə və niyə lazımdır? Ayıb deyilmi?"
MQB sədri bildirib ki, "Arif Hacılı" sevgisi adı altında Müsavatı dağıdırlar. Ellada Məmmədli Əhliman Abbasın istefasına təəssüfləndiyini və onun istefasına "gizli qrup"dakı yazışmaların təsir göstərdiyini söyləyib: "Müstəqil düşüncəli insanlar müstəqil olaraq hərəkət edirlər. Raufun, Elçinin, Rasimin, Cavidanın və adlarını saya bilmədiyim digər gənclərlə yanaşı, Əhlimanın da verdikləri tələsik bəyanata çox üzülürəm. Onların bu addımına "gizli qrup"un təsiri böyük rol oynayıb. Bu gəncləri uğurlayan da, arxalarınca şər-böhtan yağdıran da həmin qrupun üzvləridir. Onlara gizli şəkildə göstəriş verilib. Övladları, nəvələri yerində olan gənclərə hədyan deməkdən də çəkinmirlər. "Arif Hacılı" sevgisi adı altında gizlənən siyasi mənfəətpərəstlər, karyeristlər partiyanı dağıtmaqda maraqlıdırlar", - deyə Ellada Məmmədli vurğulayıb.
Yeni Azərbaycan Partiyasının (YAP) siyasi şura üzvü, partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov isə diqqətə çatdırdı ki, Müsavatda baş verən proseslər gözlənilən idi, Onun sözlərinə görə, qurultayda yaşanan gərginlik, səsvermədə saxtakarlığın olması ilə bağlı partiya üzvlərinin iddiaları sonda istefalara və parçalanmalara səbəb olacağını düşünməyə əsas verirdi: "Əvvəllər də mətbuata açıqlamamızda bunu proqnozlaşdırmşıdıq. Hesab edirəm ki, istefalar bununla yekunlaşmayacaq, bundan sonra da Müsavatda kütləvi istefaların baş verəcəyi gözləniləndir. Ümumilikdə götürdükdə, Müsavat partiyasında heç zaman demokratik mühit olmayıb. Son qurultay bunu bir daha təsdiq etdi. Bu olaylardan sonra radikal düşərgə bir daha demokratiyadan danışmamalıdır".

Əli