Azərbaycan səfiri ABŞ-ın Con Batçelor Şou radio proqramında Ermənistanın hərbi təcavüzündən danışıb Siyasət

Azərbaycan səfiri ABŞ-ın Con Batçelor Şou radio proqramında Ermənistanın hərbi təcavüzündən danışıb

ABŞ-da yayımlanan, geniş izləyici auditoriyasına malik Con Batçelor Şou radio proqramında səfir Elin Süleymanov və Corctaun Universitetinin professoru Brenda Şefferlə müsahibə gedib.

Müsahibədə jurnalist C.Batçelor Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verərək, ölkəmizin 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal olunduğunu qeyd edib. C. Batçelor Azərbaycana səfəri zamanı cəbhə bölgəsinə səfər etdiyini bildirib. Jurnalist Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən sitat gətirərək, Ermənistan tərəfinin son dövrlərdə artıq neçənci dəfədir ki, təxribata əl atmasından, Azərbaycan hərbi qulluqçularının və mülki əhalisinin həlak olmasından bəhs edib. O, artan gərginliyin münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarına təsiri barədə soruşub.

Səfir E.Süleymanov həlak olan şəhidlərimizin ailələrinə başsağlığı verərək, yaralıların tezliklə sağalmasını diləyib. O, münaqişənin regionda sülhə təhlükə olduğunu qeyd edərək, son gərginliyin Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarında, Dağlıq Qarabağda və ətraf ərazilərdə olan təmas xəttində deyil, Azərbaycanın Ermənistan ilə beynəlxalq sərhədində baş verməsinə diqqət çəkib. Ermənistanın təxribata əl ataraq, Azərbaycan silahlı qüvvələrinə və mülki əhalisinə hücum etməsindən bəhs edib. Səfir Ermənistan tərəfinin münaqişənin həlli istiqamətində aparılan sülh danışıqlarına zərbə vurduğunu, öz əməlləri ilə sülh prosesində maraqlı olmadığını sübut etdiyini bildirib. E. Süleymanov qeyd edib ki, ölkəmizin işğal olunmuş ərazilərində yaratdığı qondarma rejimin danışıqlara tərəf olmasını iddia edən Ermənistan törətdiyi təxribatla münaqişənin əsas tərəfi özü olduğunu bir daha ortaya qoydu. Ermənistan tərəfinin əslində daha çox itkilər verdiyini bildirən səfir ölkə rəhbərliyinin bu faktları gizlətməyə çalışmasını qeyri ciddi adlandırır. Ermənistanın Azərbaycanın beynəlxalq sərhədinə hücum etməkdə məqsədinin üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi təşkilatını məsələyə cəlb etmək olduğunu bildirən səfir qarşı tərəfin sülh əvəzinə münaqişənin daha da genişlənməsi yolunu tutduğunu vurğulayıb. Səfir Ermənistan müdafiə nazirliyinin öz rəsmi “Twitter” hesabında müdafiə nazirinə istinad edərək Ermənistanın lazım gələrsə daha çox ərazi “işğal edəcəyini” bildirməsini kəskin qınayıb.

Tovuz istiqamətində təxribat törədən Ermənistanın, həmçinin bu ölkə ilə sərhəddə yerləşən Naxçıvan Muxtar Respublikasının mövqelərini atəşə tutmasına diqqət çəkən professor Şeffer iki ölkənin beynəlxalq sərhədində baş verən silahlı toqquşmanın regionda gərginliyin artmasının göstəricisi olduğunu bildirib.

Səfir Süleymanov ölkə Prezidenti İlham Əliyevdən sitat gətirərək, Ermənistanın bu davranışlarının tam məntiqsiz və anlaşılmaz olduğunu vəziyyətin daha da gərginləşməsinə xidmət etdiyini, ilk öncə Ermənistanın özünə ziyan verdiyini bildirib.

Müsahibənin tam versiyası ilə https://audioboom.com/posts/7632056-catastrophic-firefight-erupts-along-the-azerbaijan-armenia-international-border-elinsuleymanov internet səhifəsindən tanış olmaq mümkündür.