Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlığı yeni mərhələyə keçə bilər Siyasət

Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlığı yeni mərhələyə keçə bilər

Tofiq Abbasov: "Regionun təhlükəsizliyi üçün preventiv ehtiyat tədbirlərinin görülməsi mühümdür"

Elşən Qaraçuqlu: "Ortaq məxrəclər prizmasından baxdıqda bu cür əməkdaşlığa çox böyük ehtiyac var"

Tiflisdə Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Nejdət Özəl arasında keçirilən görüşdə Türkiyə-Gürcüstan ikitərəfli hərbi əməkdaşlığı məsələləri müzakirə olunub.
Gürcüstan Müdafiə Nazirliyindən bildiriblər ki, əsas mövzulardan biri regional təhlükəsizlik olub. Türkiyə tərəfi Gürcüstanla NATO arasında razılaşdırılmış əsas paketin reallaşdırılması gedişində Gürcüstana kömək göstərməyə hazır olduğunu bildirib.
İ.Alasaniya SQ-nin inkişafında dəstəyə və töhfəyə görə Türkiyə tərəfinə minnətdarlığını bildirib. O, Azərbaycan-Gürcüstan-Türkiyə hərbi əməkdaşlığının da dərinləşdirilməsinin zəruriliyini qeyd edib. Nazirin sözlərinə görə, bu istiqamətdə birgə təlimləri intensivləşdirmək lazımdır: "Biz ikitərəfli, eləcə də Azərbaycan-Gürcüstan-Türkiyə formatında üçtərəfli əməkdaşlığı müzakirə etdik. Bu, birgə təlimlərə, böhranlı vəziyyətlərdə birgə müdafiə tədbirlərinə və üç ölkəni birləşdirən infrastrukturun inkişafına aiddir".
Bəs Azərbaycan-Gürcüstan-Türkiyə formatında üçtərəfli əməkdaşlığı ilə bağlı gözləntilər nədən ibarətdir? Azərbaycan Sosialist Partiyasının sədri Elşən Qaraçuqlu bildirdi ki, belə üçtərəfli formatda müzakirələr mütəmadi olaraq keçirilir. Onun sözlərinə görə, Rusiya təhlükəsinin olduğu bir coğrafi məkanda, enerji daşıyıcıları marşrutlarının keçdiyi ölkələr arasında və digər ortaq məxrəclər prizmasından baxdıqda bu cür əməkdaşlığa çox böyük ehtiyac var: "Faktiki olaraq birmənalı şəkildə Qərbə istiqamət götürmüş Gürcüstanın və Qərbə daha çox meyl göstərən Azərbaycanın Türkiyə ilə müttəfiqliyi, bu kontekstdə NATO-ya rəsmi şəkildə daxil olmağa risk etməyən ölkələrin NATO üzvü ilə hərbi əməkdaşlıq sahəsində hər hansı bir şəkildə ilişgilər qurmaları, həm də bu ölkələrin təhlükəsizliyinə bir növ təminatdır. Perspektiv məsələsinə gəlincə isə onu qeyd etmək olar ki, hər şey prinsipiallıqdan və şəraitdən asılı olacaq".
Politoloq Tofiq Abbasov diqqətə çatdırdı ki, qonşu ölkələr artıq harmonik üçlüyü təşkil edib bölgədə vacib və son dərəcə əhəmiyyətli layihələri həyata keçirməyə müvəffəq olublar: "Onların vasitəsilə Cənubi Qafqazın sosial və iqtisadi mənzərəsi xeyli zənginləşib. Bu amil insanların həyat tərzinə sirayət edib.
Bu baxımdan üçlüyün əməkdaşlığı Avrasiya məkanında vacib amilə çevrilib. Əgər üzvi bağlılıqdan, strateji əməkdaşlıqdan, qarşılıqlı əlaqələrdən və məhsuldar işbirliyindən Azərbaycan, Türkiyə və Gütcüstan məmnun olsa da, həm Rusiyada, həm də Ermənistanda bu yaxınlaşmadan narahatdırlar .Ermənistanın siyasi-hərbi dairələri bir neçə dəfə neft-qaz kəmərləri, enerji infrastrukturu ilə bağlı hədələr səsləndirib. Belə mənfur bəyanatların arxasında gözügötürməməzlik, açıq düşmənçilik niyyətləri durur. Əlbəttə ki, Ermənistanın buna nə cəsarəti, nə də hərbi imkanları çatmaz. Amma əgər fərz etsək ki, belə təhdidlər və risklər nə vaxtsa gerçəkləşə bilər, onda preventiv ehtiyat tədbirlərinin görülməsi mühümdür. Bunu layiqincə dərk edən Azərbaycan, Türkiyə və Gütcüstan mütəmadi təhlükəsizlik məsələlərini günün tələbi səviyyəsində diqqətdə saxlayır".

Əli