Müsavat Məclisi boykot edilir Siyasət

Müsavat Məclisi boykot edilir

Məclis partiya daxilindəki narazılara qarşı sərt mövqe nümayiş etdirib

Vurğun Əyyub: "Özümü Müsavat Partiyasının Məclis üzvü hesab etmirəm"

Dünən Müsavat Partiyasının Məclisi bəyanat yayıb. Bəyanatda bildirilir ki, son qurultay keçirilməzdən əvvəl rayon təşkilatlarında keçirilən konfranslar və ümumi yığıncaqların protokolları hərtərəfli dəqiqləşdirmələrdən sonra Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin toplantılarında ayrı-ayrılıqda təsdiqlənib.
"Qurultay nümayəndələrinin yekun siyahısı da QHTK-nin iclasında yekdil səslə təsdiq edilib. Uzun illərdən bəri demokratik düşərgənin hakimiyyətə təklif etdiyi prinsiplərə uyğun olaraq qurultayda paritet əsaslarla seçki komissiyası yaradılıb. Partiyanın başqanlığına keçirilən seçkilərdə səslərin sayılması videokameraların çəkilişi, jurnalistlərin gözü qarşısında baş tutub. Səslərin hesablanması bilavasitə canlı yayımla internet televiziyası vasitəsilə translyasiya edilib. Paritet əsaslarla formalaşmış seçki komissiyası seçkilərin nəticələrini yekdilliklə qəbul edib və yekun protokolu imzalayıb. Müsavat Partiyasının ali orqanı olan qurultay başqan seçkilərinin nəticələri barədə yekun qərar qəbul edib. Müsavat Partiyasının qurultayının qərarı Müsavat Partiyası üzvlərinin iradəsinin ifadəsi deməkdir" deyə bəyanatda qeyd olunur.
Bəyanatda qurultaydakı seçkilərin nəticələrindən narazı qalanların iddiaları əsassız hesab edilib, üzvlərdən partiya rəhbərliyinə səslənən ittihamlara son qoymaq tələb olunub: "Səsvermənin nəticələrindən narazı qalan bəzi partiya üzvləri, eyni zamanda bəzi kənar qüvvələr qurultayda hər hansı pozuntu barədə faktlar ortaya qoya bilməsələr də, təəssüf ki, mətbuatda və sosial şəbəkələrdə seçkilərin ədalətli olmadığı haqqında əsassız iddialar irəli sürüb, qurultayın qərarlarını və seçkilərin nəticələrini şübhə altına almağa cəhd ediblər. Xüsusən oktyabrın 6-da Müsavat Partiyasının mərkəzi qərargahında keçirilən toplantıda həm əvvəlki, həm də yeni seçilmiş partiya rəhbərliyinin ünvanına bir sıra əsassız ittihamlar səsləndirilib. Müsavat Partiyasının Məclisi bu iddiaları partiyanın ali orqanı olan qurultayın qərarlarını sayğısızlıq və Müsavat Partiyası üzvlərinin iradəsi ilə hesablaşmamaq cəhdi kimi qiymətləndirir və bunun partiyanın Nizamnaməsinə və məramına uyğun olmayan hərəkətlər olduğunu bəyan edir. Müsavat Partiyasının Məclisi həmçinin qurultayda Məclisə üzv seçilmiş partiya üzvlərinin ünvanına deyilən aşağılayıcı fikirlərə qətiyyətlə etiraz edir, bu iddiaları irəli sürənlərdən belə fəaliyyətə son qoymağı tələb edir. Müsavat Partiyasının Məclisi bütün müsavatçıları və partiyanın səlahiyyətli orqanlarını təşkilat daxilində partiya maraqlarına cavab verməyən və üzvlər arasında narazılıq yaradan şəxslərə münasibətdə prinsipial mövqe nümayiş etdirməyə çağırır".
Amma görünür bu bəyanat narazıları narahat etmir. Müsavat Partiyasının sonuncu qurultayında partiya Məclisinin üzvü seçilmiş Vurğun Əyyub bu bəyanatla bağlı daha sərt mövqe ifadə edib. "Özümü Müsavat Partiyasının Məclis üzvü hesab etmədiyimə görə iclaslara qatılmıram". Bunu "Report"a açıqlamasında Müsavat Partiyasının sonuncu qurultayında partiya Məclisinin üzvü seçilmiş Vurğun Əyyub deyib.
O bildirib ki, partiya qurultayında keçirilmiş seçkiləri legitim hesab etmir: "Partiya Məclisinin toplantılarına qatılmaq niyyətim yoxdur. Çünki seçkilərdə şübhəli məqamlar var idi. Bizim haqqımızda necə istəyirlər tədbir görsünlər".
Müsavat başqanının müavini Osman Kazımov isə bildirib ki, partiya Nizamnaməsində qurultayda seçkili orqanlara seçilmiş şəxslərin həmin orqanlardan kənarlaşdırılması qaydası yoxdur: "Məclisin iclaslarına qatılmayanlar kənarlaşdırıla bilməzlər. Sonuncu iclasda da qərara alındı ki, Məclisin iclaslarında iki dəfədən artıq iştirak etməyənlərə xəbərdarlıq olunsun. Yəqin ki, ictimai qınaq məsələsi gündəmə gələcək. Bilirik ki, onlar Məclisin iclaslarında qəsdən iştirak etmirlər". O.Kazımov qeyd edib ki, Qubad İbadoğlunun tərəfdarlarının Məclisin iclasına qatılmaması doğru addım deyil: "Onlar Məclisdə iştirak etsəydilər, yəqin ki, seçilərdilər. Özlərini haqq-ədalət carçısı hesab edən insanlar Məclisin iclaslarını boykot edirlər. Bu addımla öz tərəfdarlarının da hüquqlarını pozurlar. Onlar özləri partiyadan kənarlaşırlar".