Paris görüşü nəticə verəcəkmi? Siyasət

Paris görüşü nəticə verəcəkmi?

Erməni, rus və azərbaycanlı politoloqları Qarabağ danışıqlarını şərh ediblər

Cavid

Uzun zamandır gözlənilən Paris görüşü, nəhayət, baş tutdu. Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyan oktyabrın 27-də Fransa prezidenti Fransua Ollandın təşəbbüsü ilə bir araya gəldi. Görüşün sonunda gözlənildiyinin əksinə olaraq ortaq bəyanat verilmədi.
Fransa tərəfinin rəsmi məlumatına görə, prezidentlər Beynəlxalq Qızıl Xaç Komitəsinin himayəsi altında Dağlıq Qarabağda müharibə zamanı itkin düşən şəxslər haqqında məlumatların mübadiləsi və münaqişənin həlli istiqamətində dialoqun davam etdirilməsi barədə razılığa gəliblər.
Hər halda Paris görüşündən gözləntilər yüksək olmasa da, münaqişənin həllində Qərbin təşəbbüsü ələ alacağına və müsbət tendensiyalara ümidlər bəslənilirdi. Yelisey sarayının bağlı qapıları arxasında nələrin müzakirə edildiyi isə detallı şəkildə ictimaiyyətə məlum deyil.
Prezidentlərin görüşü Ermənistan tərəfindən də diqqətlə izlənilib. Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan deyib ki, Parisdə Azərbaycan və Ermənistan prezidentlərinin görüşü konstruktiv, faydalı və səmimi keçib.
Erməni nazir bildirib: "Biz Fransa prezidenti Fransua Ollanda Parisdə prezidentlər səviyyəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş görüşü təşkil etdiyinə görə minnətdarıq. Son üç ay ərzində bu, artıq prezidentlərin Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə üçüncü görüşüdür və bu, göstərir ki, həmsədr ölkələr nizamlanma üzrə öz birgə səylərini sarsılmaz şəkildə davam etdirəcəklər".
E.Nalbandyan qeyd edib ki, Paris görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair çoxsaylı məsələlər müzakirə olunub, həmçinin Fransua Ollandın may ayında regiona səfəri zamanı təklif etdiyi və həmsədrlərin də bəyəndikləri etimadın möhkəmləndirilməsi üzrə tədbir keçirilib.
Erməni mətbuatı isə bu görüşün nəticələrinə müxtəlif aspektlərdən yanaşıblar. Erməni analitiki Naira Ayrumyan yazır ki, bir Dağlıq Qarabağ münaqişəsinin həlli 1 ildə mümkün deyil, bu artıq qlobal bir münaqişəyə çevrilib. Erməni eksperti münaqişənin həllini Minsk qrupu çərçivəsində gördüyünü bildirir və Paris görüşünü bu istiqamətə nöbvəti addım kimi dəyərləndirir. Bundan əlavə o, bu danışıqlarda tərəflərin taym-aut götürdüyünü də bildirib.
Erməni politoloq Sergey Minasyan isə bildirib ki, bu görüş digər görüşlərdən xeyli fərqlənib. O vurğulayıb ki, 3 ay ərzində prezidentlərin 3 dəfə görüşməsi onu deməyə əsas verir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli bu kimi səviyyəli görüşlərdə mümkündür.
Rusiyalı politoloq Sergey Markov isə deyib ki, Ermənistan Qarabağ üçün "böyük güzəşt"ə yaxındır. S.Markov Rusiyanın hazırda dirənmiş münaqişəni yerindən tərpədə biləcəyini hesab edir. Onu fikrincə, bu prosesdə ən maraqlı tərəf Azərbaycandır: "Bu ölkənin daxili vəziyyəti olduqca yaxşıdır və onlar əsas diqqəti ərazi bütövlüyünün bərpasına yönəldib. Bu baxımdan, Bakının münaqişənin həlli istiqamətində fəallığı gözləniləndir. Ermənistanda isə daxili sabitlik və sosial inkişaf olduqca zəifdir. İrəvan bu münaqişənin onu inkişafdan saxladığını anlayır. Buna görə də müəyyən müddətə də olsa, "böyük güzəşt" baş verə bilər. Prosesin "ölü nöqtədən" çıxmasına çox yaxınıq. İndiki status-kvo prosesi bir qədər zəiflədir. Bu 20 il öncə qəbul edilib, lakin o vaxtdan vəziyyət çox dəyişib. Azərbaycan güclü dövlətə çevrilib. Ermənistan iqtisadi blokadadan çıxmaq istəyirsə, mütləq güzəşt etməlidir. Ən azından yeddi rayonun beşini qaytara, qarşılığında Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasına nail ola bilər. Bundan sonra Dağlıq Qarabağın statusu haqqında danışmaq, eləcə də "xüsusi rejimdə olan" Laçın və Kəlbəcərin taleyini həll etmək olar".
Azərbaycanlı politoloq Elxan Şahinoğlunun fikrincə isə, Fransa prezidenti Fransua Olland Paris görüşündə danışıqların bir qədər də dərinləşməsinə və maddələr üzrə fikir mübadiləsinin aparılmasına cəhd etsə də, səsləndirilən proqnozlar özünü doğrultmadı.
Onun sözlərinə görə, bu istiqamətdə müəyyən nəticələrin əldə olunması ilə bağlı fikir səsləndirmək olar, lakin bu "nəticələr", danışıqlar prosesinə təsir etmir: "Çünki Ermənistan hələ də ilk addımı atmaq istəmir. Halbuki Dağlıq Qarabağ ətrafında işğal olunmuş ərazilər geri qaytarılmalıdır ki, sülh prosesinə start verilsin. Bunlar olmadığına görə görüşü "müsbət" adlandırmaq çətindir. Bununla belə, bu görüş danışıqlar prosesinin bir mərhələsidir və Fransa prezidentinin də böyük sülh sazişinin bağlanmasından danışması müsbət haldır. Yaxşı olardı ki, bu danışıqlar mütəmadi olsun. Bu mənada növbəti görüşün ABŞ-da keçirilməsi ilə bağlı təşəbbüs irəli sürülə bilər."
Görüşdə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın tərəflər arasındakı münaqişənin nizamlanmasına dair çoxsaylı məsələlərin müzakirə olunduğunu söyləməsinə də toxunan ekspert bildirib ki, ermənilər danışıqları yüksək qiymətləndirməklə, əslində, vaxtı uzatmağa çalışırlar: "Paris görüşünün nəticəsiz olması, əslində, rəsmi İrəvanın maraqlarına xidmət edir. Çünki həm vaxt uzanır, həm də status-kvo davam edir."
E.Şahinoğlu bu görüşdə yeni "Yol xəritəsi"nin hazırlanması ilə bağlı təkliflərin səsləndirilməsinə də münasibət bildirib: "Bu il ərzində "Yol xəritəsi"nin hazırlanması ilə bağlı bir neçə dəfə təkliflər irəli sürüldü. Lakin bu təkliflərin heç biri ümumi poreslərə təsiredəcək gücə malik olmadı. Təəssüf ki, bu gün böyük dövlətlər münaqişənin həlli ilə bağlı Ermənistana təzyiq göstərmək fikrindən uzaqdırlar."
Politoloq Ərəstun Oruclu isə belə görüşlərlə Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa irəliləyişə nail olunacağını güman etmir. Onun sözlərinə görə, görüşdən əvvəl verilən bədbin proqnozlar özünü doğrultdu: "Bu gün münaqişənin həll ediləcəyini düşünmək əvvəlkinə nisbətən qat-qat çətindir. Çünki bir il öncə Rusiya ilə Qərb arasında müəyyən anlaşmalar, münasibətlər var idi. İndi isə Ukrayna və digər məsələlərə görə qarşıdurma güclənib. Rusiya və Qərbi təmsil edən Fransa ilə ABŞ-ın Minsk qrupunun həmsədr ölkəsi olduğunu nəzərə alsaq, onların bu gün ortaq məxrəcə gələcəyi qeyri-mümkündür. Rusiya münaqişənin həllində maraqlı deyil. Çünki bunun baş verməsi Moskvanın Azərbaycan və Ermənistan üzərində təsir imkanlarının itirilməsi deməkdir. Qərb münaqişənin həllində maraqlıdır, yaxud ən azından, münaqişə tərəflərinə təsir imkanlarını artırmaq istəyir".
Ə. Oruclu Qərbin istəsə belə münaqişənin həllində real nəticələr əldə edə biləcəyini düşünmür: "Çünki Ermənistan bu gün təkcə MDB və KTMT-də təmsil olunmur, həm də Rusiya ilə hərbi öhdəliklərə malikdir. Bundan başqa, Ermənistan Gömrük İttifaqına daxil olub. Nəhayət, son günlər erməni müxalifətinin Sərkisyan hakimiyyətinə ciddi təzyiqləri var. Belə olan şəraitdə Ermənistanın güzəştə gedəcəyini düşünmək mümkün deyil. Münaqişənin həlli üçünsə Ermənistan ən azı Dağlıq Qarabağ ətrafındakı 7 rayonu qeyd-şərtsiz azad etməlidir".
Ə. Oruclu əsirlərlə bağlı məsələyə də toxunub: "Bu, müsbət elementdir. Lakin bunun üçün siyasi iradənin olması lazımdır".
Politoloq Natiq Miri isə Paris görüşünü daha çox görüntü yaratmaq gedişi kimi qiymətləndirib. Onun sözlərinə görə, bu görüş protokol xətrinə və münaqişənin həllində moderatorluğu Rusiyanın əlindən almaq üçün idi: "Siyasi nəticə etibarilə görüş sıfıra bərabərdir. Strateji baxımdan münaqişənin həllində prinsipial mövqeyin olmasını müşahidə etmədim. Ermənistanın mövqeyində heç bir dəyişiklik yoxdur. Buna görə də yaxın zamanlarda kardinal dəyişikliyin olması gözlənilmir. Digər tərəfdən, Minsk qrupunun həmsədr dövlətləri olan ABŞ və Fransa işğalçı tərəfə heç bir ciddi təzyiq etmir. Daha çox prosesin yükünü tərəflərin üzərinə qoyurlar".
Politoloq əsirlərlə bağlı məqamı müsbət hesab edir. Lakin bunun ümumi prosesin içində irəliləyiş elementi kimi sezilmədiyini düşünür: "Münaqişə yenə də donmuş vəziyyətdədir. Sərkisyan yenə də müstəqil siyasi iradəyə malik olmadığını göstərdi. Görüşdən əvvəl ona Rusiyadan ciddi tapşırıqların verildiyi hiss olunurdu. İndiki halda o, bu tapşırıqlardan kənara addım atmaq iqtidarında deyil. Çünki onun ciddi razılaşmaya doğru hansısa bir addımı öz ölkəsində problemə səbəb olacaqdı. Üstəlik, hazırda Ermənistanda Sərkisyan hakimiyyətini dəyişməyə ciddi güc yaranıb. Erməni müxalifəti Qərb və Rusiyaya öz güclərini göstərirlər. Bu hadisələrin fonunda Sərkisyan heç bir güzəştə gedə bilməzdi. Onu buna vadar edən gücləri də ortada görmədik".