Amerikalı diplomat qınanıldı Siyasət

Amerikalı diplomat qınanıldı

Zahid Oruc: "Bu, ikili standartlar, ayrı-seçkilik və erməni təəssübkeşliyi deyilmi?"

Elşən Həsənov: "Cen Psaki bu mövqeyilə təmsil olduğu qurumun Azərbaycana qarşı mövqeyini bir daha təsdiqləyib"

Cavid

ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz ata-baba torpaqlarında ermənilər tərəfindən girov götürülmələri və onlara keçirilən qondarma "məhkəmə prosesi" ilə bağlı sualı cavablandırmaqdan imtina edib.
Rusiyanın "Ria Novosti" agentliyinin verdiyi məlumata görə, C.Psaki bununla bağlı sualı şərh etmək istəməyib: "Bu konkret iş barədə bizim kifayət qədər məlumatımız yoxdur".
Qeyd edək ki, Azərbaycan vətəndaşları Dilqəm Əsgərov və Şahbaz Quliyevin öz ata-baba torpaqlarında ermənilər tərəfindən girov götürülüblər. Onlara qarşı hazırda ermənilər qondarma " məhkəmə prosesi" "keçirirlər".
ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psakinin separatçıların girov götürdüyü azərbaycanlılar üzərində qurulan məhkəmə prosesini şərh etməkdən yayınması heç də onun bu barədə bilgisisliyi ilə bağlı deyil. Millət vəkili, siyasi şərhçi Sahib Alıyev sual edib: "Maraqlıdır, Amerika rəsmisi görəsən bizim girov götürülənlər haqda niyə bu qədər bilgisizdir? Onlar ki, interneti yaxşı izləyirlər, apardığımız bu kampaniyanın nə üçün keçirildiyini bəyəm bilmirlər? Bütün bunlar bir yana, beynəlxalq prinsiplərin tapdandığı bu məsələ ilə bağlı mən özüm onlara yazmışam axı! Görəsən Leyla Yunus və onun kimilərinin həbsxanada temperaturlarının qalxıb-qalxmadığını belə hər gün xəbər alanlar, bizim girov götürülən iki vətəndaşımızla niyə maraqlanmırlar? Bəlkə ona görə ki, Yunuskimilərdən fərqli olaraq onlarda vətən yanğısı görürlər o üzdən? Necə düşünürsünüz, Dilqəmlə Şahbaz Kəlbəcərə deyil, əllərində molotov kokteyli Bakıda mitinqə gedərkən tutulsaydılar, onda da Psaki "bununla bağlı bizdə kifayət qədər məlumat yoxdur", deyəcəkdi?"
"Belə mövqe nə ABŞ-a, nə də onun nəzarəti altında fəaliyyət göstərən ayrı-ayrı təşkilatlara başucalığı gətirir". Bunu isə Milli Məclisin deputatı Zahid Oruc bildirib.
Z.Oruc deyib ki, bu hal ABŞ-ın dövlət siyasətində ikili standartların, ayrı-seçkiliyin əyani göstəricisidir: "Yadınızdadırsa, bu il avqustun əvvəlində erməni diversiya qruplarının təxribatları nəticəsində Azərbaycan-Ermənistan dövlət sərhədində və qoşunların təmas xəttində vəziyyət kifayət qədər gərginləşdi. Həmin vaxt Tovuz rayonu ərazisində sərhədi keçmək istəyən erməni diversiya qrupunun 3 üzvü məhv edildi, Karen Petrosyan adlı digər dəstə üzvü isə saxlanıldı. Saxlanılan şəxs avqustun 8-də dünyasını dəyişdikdən dərhal sonra ABŞ Dövlət Departamenti bəyanatla çıxış edərək Karen Petrosyanın ölüm xəbərinə görə dərin narahatlıq hissi keçirdiyini bildirmiş, onun yaxınlarına başsağlığı vermişdi. Təəssüf ki, ABŞ artıq bir neçə aydır, öz doğma torpaqlarını ziyarət edərkən öldürülmüş Həsən Həsənov və girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələyə münasibət bildirmir, hələ bu azmış kimi Dövlət Departamentinin rəsmisi bu haqda məlumatlarının olmadığını deyir. Bu, ikili standartlar, ayrı-seçkilik və erməni təəssübkeşliyi deyilmi?"
Deputat qeyd edib ki, ABŞ rəsmisinin "məlumatsızlığı" həm də təəccüb doğurur: "Dövlət Departamenti, bu ölkənin ayrı-ayrı təşkilatları Azərbaycanda bu və ya digər qanun pozuntularına görə həbs olunmuş bəzi şəxslər haqqında öz maraqlarına uyğun "müfəssəl məlumatlılıq" nümayiş etdirir, ardı-arası kəsilməyən bəyanatlar verir, onların işini siyasiləşdirir. Elə təsəvvür yaranır ki, sanki Leyla Yunusun, Rəsul Cəfərovun, İntiqam Əliyevin və bəzi digər şəxslərin işi ABŞ-ın xarici siyasətinin əsas məsələsini təşkil edir. Tam əminliklə deyə bilərəm ki, "Human Rights Watch", "Freedom Hause", "Amnesty İnternational" və digər bu kimi təşkilatlar konkret təlimatlar əsasında Azərbaycanı hədəfə götürür, müxtəlif tədbirlər təşkil edir və bəyanatlar verirlər. Amma iş Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan ərazilərinin işğalı faktı, ölkəmizin milli maraqlarına gəldikdə, onlar ya dərin susqunluq və məlumatsızlıq nümayiş etdirir, ya da növbətçi ifadələrlə suallardan yayınırlar. Hesab edirəm ki, belə mövqe nə ABŞ-a, nə də onun nəzarəti altında fəaliyyət göstərən ayrı-ayrı təşkilatlara başucalığı gətirmir.
Politoloq Elşən Həsənovun fikrincə isə amerikalı diplomat azərbaycanlı girovların Ermənistan hərbçiləri tərəfindən saxlanıldığı və onların haqsız mühakimə olunduğu ilə bağlı yetərincə məlumata malikdir. Lakin bu haqda danışmaya cəsarət etmir: "Minsk qrupunun həmsədri olan ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində həmişə birtərəfli mövqe nümayiş etdirib. Digər həmsədr dövlətlər kimi. Münaqişənin həlli ilə məşqul olan dövlətlər, beynəlxalq təşkilat və birliklər Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı vəziyyəti diqqətlə izləyirlər. Onların nəzərindən hansısa məqam qaçmır. O dəqiqə buna reaksiya verirlər. İndi amerikalı diplomatın azərbaycanlı girovların məhkəmə prosesindən xəbərsiz olduğunu deməsi heç də ağlabatan deyil, bu sadəcə girovlarımıza laqedliyin nümayiş etdirilməsidir. Necə ola bilir ki, ABŞ diplomatları, Qərbin hansısa nüfuzlu beynəlxalq təşkilatları Azərbayacnda hansısa bir hüquq müdafiəçisinin həbsini əsas gətirib insan haqlarının pozulduğunu bəyanlaya bilirlər, həmin şəxsin azadlığa buraxılmasına cəhdlər göstərirlər, hətta hədə-qorxu da gəlirlər, amma bu məsələdə susurlar? Bu heç bir ədalətə, insanlığa sığmır. ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Cen Psaki bu hərəkəti ilə təmsil olduğu qurumun Azərbaycana qarşı mövqeyini bir daha təsdiqləyib. ABŞ Dövlət Departamenti daim Azərbaycanda insan haqlarının qorunması ilə bağlı illik hesabatında rəsmi Bakını tənqid edib. Bəs azərbaycanlı girovların Ermənistanda saxlanılması, onlara qondarma məhkəmə qurulması, bundan başqa Ermənistanda əsirlikdə olan soydaşlarımıza işgəncələrin verilməsinə niyə göz yumur. Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyinə biganə qalırlarsa deməli, burada müəyyən maraq və məqsədlər mövcuddur. Bu həmin departamentdir ki, hər il qondarma Qarabağ rejiminə maliyyə yardımı ayırır".