“Münaqişənin həllində birinci addımı Ermənistan atmalıdır” Siyasət

“Münaqişənin həllində birinci addımı Ermənistan atmalıdır”

Politoloqlar Paris görüşü ilə bağlı rəylərini açıqladılar

"Belə görünür ki, Ermənistanla yanaşı, beynəlxalq ictimaiyyət də anlamaq istəmir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində birinci addımı torpaqları işğal altında olan Azərbaycan atmamalıdır". APA-nın məlumatına görə, bunu keçirdikləri mətbuat konfransında politoloq Rasim Ağayev deyib.
R. Ağayev bildirib ki, Paris görüşündən lazımi qədər məlumatlar var: "Nalbandyanın da son müsahibəsi görüş barədə təsəvvür yaratmaq üçün müəyyən qədər kömək etdi. Parisin də, Bakının da rəsmi mövqeyi ondan ibarət idi ki, müzakirələr üçün müəyyən sənədlər və təkliflər olsun, Böyük Sülh Sazişi üçün struktur danışıqlar getsin. Lakin nəticə etibarilə bu danışıqların məhz Ermənistanın inadkarlığı və həmsədrlərin qətiyyətsizliyi ucbatından yenə ləngidiyini müşahidə edirik. Ermənistan tərəfi konkret addımlar atmağa çəkinir. Daxili və xarici faktorlar deyir ki, prosesdə dönüş yaramaq üçün imkanlar var. Amma Sarkisyanın da bəzi qruplar qarşısında öhdəlikləri var və onun siyasi taleyi də Qarabağ məsələsindən asılıdır. Ermənistan hakimiyyətinin bu istiqamətdə nə məqsəd güddüyü məlumdur. Status-kvo vəziyyətinin qalması işğalçılara sərf edir. Lakin bu məsələdə həmsədrlərin tutduğu mövqe aydın deyil. Sanki onlar münaqişənin mahiyyətini anlamaqda və sülh prosesinin başlanğıc nöqtəsini tapmaqda çətinlik çəkirlər".
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da öz növbəsində qeyd edib ki, Paris görüşünü danışıqlarda müsbət addım saymaq olar, lakin bu görüşdə əldə olunan şifahi razılaşmalar sülh prosesinə heç nə vermir: "Bu cür razılaşmalar hələ Dmitri Medvedyev Rusiya prezidenti olan zaman, hətta yazılı şəkildə bağlanmışdı. Tərəflər atəşkəsin pozulmamasına dair təminat vermişdi, amma gördüyünüz kimi, atəşkəs hər gün pozulur. Danışıqlarda proqresə nail olmağın yeganə yolu Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasından keçir".
Politoloq İlqar Vəlizadə isə qeyd edib ki, E. Nalbandyanın son müsahibəsindəki bir sıra məqamlar da, S. Sarkisyanın ölkədaxili siyasi arenada düşdüyü vəziyyət də bu komandanın legitimliyini şübhə altına salır: "Ermənistan hakimiyyəti davamlı olaraq Azərbaycanı ittiham edir və bununla da ölkəsindəki siyasi vəziyyəti nəzarətdə saxlamağa çalışır. Görünür ki, müxalifət fəallaşıb və narazı kütlə istər daxili siyasətdə, istərsə də xarici siyasətdə konkret addımlar tələb edir. Ermənistan hakimiyyətinin kompromisə yönələn addımları bu çətin vəziyyəti xeyli yüngülləşdirə bilər".