“Rusiya ilə münasibətləri korlamaq olmaz” Siyasət

“Rusiya ilə münasibətləri korlamaq olmaz”

Elxan Həsənli: "Azərbaycan və Qazaxıstanı ruslarla düşmən etməyə çalışırlar"

"Bu gün Azərbaycan hökumətinin Rusiya ilə dil tapmağa çalışması, münasibətləri yaxşılaşdırması bizi ən azından Ukrayna nümunəsindən qurtarır".
Bu sözləri BayMedia-ya Sürixdən İsveçrə-Azərbaycan Ticarət Təşkilatının sədri, politoloq Elxan Həsənli Azərbaycan-Rusiya əlaqələrini şərh edərkən deyib.
"Qərb, xüsusilə də amerikalılar Ukraynanı Rusiyaya qarşı qızışdırıb, son anda onu rus ayısı ilə tək qoydular. Onların əsas məqsədi 2 xalqı bir-biriylə düşmən etmək idi və bunu ustalıqla bacardılar. Bu düşmənçilikdən sonra Ukrayna xalqı heç vaxt Rusiyaya xoş baxmayacaq. Bundan sonra hədəfdə Azərbaycan və Qazaxıstandır. Hər iki ölkəni ruslarla düşmən etməyə çalışırlar", - deyən politoloq onu da əlavə edib ki, Rusiya ilə münasibətlərin yaxşılaşmasına rəğmən, Azərbaycan Avrasiya İttifaqında kənarda qala bilirsə, Azərbaycan prezidenti İlham Əliyev həqiqətən böyük iş görüb:
"İndiki zamanda Ermənistanın gözü Azərbaycandadır ki, rəsmi Bakı Ukraynanın yolu ilə getsin və indiyə qədər üstüörtülü Ermənistanı dəstəkləyən Rusiyanın açıq dəstəyini qazansın.
Qarabağın Rusiya tərəfindən tanınmasına nail olsun. Rəsmi Bakının xarici siyasət sahəsində ən uğurlu siyasəti Kremllə dostlaşmaq siyasətidir. Ancaq bu uğur Avrasiya İttifaqına üzvlük zamanı alt-üst olacaq. Ən azından hazır ki, vəziyyətdə Rusiya ilə münasibətləri korlamaq olmaz və xüsusi önəm vermək lazımdır".

Elnur Eltürk