Azərbaycana qarşı qərəzli mövqe tutduğuna görə.... Siyasət

Azərbaycana qarşı qərəzli mövqe tutduğuna görə....

Çingiz Bayramov: " "Azadlıq" radiosu boykot edilməlidir"

"Azadlıq" radiosunun Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyi və birtərəfli mövqeyi etiraz doğurub. Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri adıçəkilən radionun rəsmi saytında 2014-cü il 27 oktyabr tarixində dərc olunmuş "İki Azərbaycan vətəndaşı Dağlıq Qarabağda məhkəmə qarşısındadır" adlı material ilə bağlı "Azadlıq" radiosuna müvafiq etiraz məktubu göndərərək onların mövqeyinin də saytda dərc olunmasını xahiş ediblər.
Milli Məclisin deputatı, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması İctimai Birliyinin İdarə Heyətinin üzvü Rövşən Rzayevin sözlərinə görə, radionun rəhbərliyinə edilmiş çoxsaylı zənglər ya cavabsız qalıb, ya da radionun Azərbaycan üzrə rəhbəri və hal-hazırda Praqada yaşayan Kənan Kazımoğlunun "metrodayam", "mənlik bir şey yoxdu, rəhbərliyə məlumatı göndərmişəm" kimi cavabları ilə müşayiət olunub.
"Azadlıq" radiosunun bu davranışını Gün.Az-a şərh edən "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin sədri Çingiz Bayramov bildirib ki, Azərbaycana qarşı qərəzli mövqeyi, hadisələrə birtərəfli yanaşması ilə "seçilən" bu radio boykot edilməlidir:
"Azadlıq" radiosu ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəlindəki fəaliyyəti obyektiv və təqdirəlayiq olsa da, sonrakı dövrdə bu radionun Azərbaycana münasibətində açıq-aşkar qərəz görünməkdədir.
Təəssüf ki, azadlıq kimi yüksək adın daşıyıcısı olan bir radio obyektivlik və peşəkarlıq prinsipindən kənar fəaliyyət göstərir, Azərbaycana qarşı qərəzli mövqe tutur, ərazi bütövlüyümüzə sayğısızlıq göstərir.
Mən millət vəkillərimizin təəssübkeşlikdən irəli gələrək, "Azadlıq" radiosuna göndərdikləri etiraz məktubunu yüksək qiymətləndirirəm. Əslində, hər kəs belə hallara qarşı etirazını bildirməlidir.
Hesab edirəm ki, "Azadlıq" radiosunun bu qərəzli mövqeyi cavabsız qalmamalıdır. Fikrimcə, siyasi mövqeyindən asılı olmayaraq, hər kəs Azərbaycana qarşı qərəzli mövqe tutan "Azadlıq" radiosunu boykot etməlidir. Bu, onlara verilən ən yaxşı cavab olardı".