Müsavat Partiyası noyabrın 8-də parçalana bilər Siyasət

Müsavat Partiyası noyabrın 8-də parçalana bilər

Qubad İbadoğlu: "Yekun qərarımızı açıqlayacağıq"

"Verilən rəy gözlədiyimiz kimi oldu. Buna əvvəl də siyasi qiymət verilmişdi. Açıqlanan rəy həm Mərkəzi Nəzarət-Təftiş Komissiyasının müstəqilliyinə, həm də peşəkarlığına şübhələrimizi daha da artırdı". Bu barədə Müsavat başqanlığa keçmiş namizəd Qubad İbadoğlu Mərkəzi Nəzarət-Təftiş Komissiyasına (MNTK) təqdim etdiyi arayışa verilən rəyə münasibət bildirərkən deyib.
Q.İbadoğlu bildirib ki, Müsavat Partiyasının VIII qurultayına hazırlıq, qurultayın işi və seçkilərin keçirilməsi zamanı baş vermiş pozuntulara dair arayışa MNTK adından təqdim edilən rəy hazırda araşdırılır: "Rəydə əksər məqamlarla razılaşmırıq. Bununla bağlı da öz rəyimizi hazırlayacağıq və noyabrın 8-də yekun mövqeyimizi sənəd şəklində Müsavat Partiyasının qərargahında görüş təşkil edib təqdim edəcəyik".
O, qurultaydan narazıların fraksiya yaratmasını da istisna etməyib: "Biz Müsavat Partiyasında fəaliyyətimizi davam etdirmək əzmindəyik. Bu istiqamətdə müxtəlif təkliflər var və onlardan biri də fraksiyanın yaradılmasıdır. Çünki bu da fəaliyyəti davam etdirməyin bir formasıdır. Hər halda ayın 8-dəki görüşdə biz həm də bu təklifləri müzakirə edəcəyik".
Qeyd edək ki, ötən gün MNTK-nın iclasında Q.İbadoğlunun qurultaydakı pozuntularla əlaqədar təqdim etdiyi arayışa baxılıb. Bildirilib ki, təqdim edilən arayış araşdırılıb və heç bir nizamnamə pozuntusuna rast gəlinməyib. Bütün iradlar sənədlərlə tədqiq edilib, hər hansı nizamnamə pozuntusu yoxdur.
Müsavat Partiyasının Məclis üzvü Rüfət Əliyev partiyanın Mərkəzi Nəzarət-Təftiş Komissiyasının (MNTK) başqanlığa keçmiş namizəd Qubad İbadoğlunun arayışına verdiyi cavaba münasibət bildirərkən deyib ki, Müsavat Partiyasında fraksiya yaratmaq artıq qaçılmazdır.
R.Əliyev qeyd edib ki, cavab onları qane etmir: "Şəxsən mən MNTK-nın bizə belə bir cavab verəcəyini düşünürdüm. Çünki hesab edirəm ki, saxta yolla, qeyri-demokratik yolla seçilən həm məclis, həm başqan, həm də MNTK bu cavabdan irəli gedəcək bir cavab verməyəcəkdi. Bu, düşünülmüş bir addım idi".
Məclis üzvü qurultaydan narazı qalanlarla görüşüb cavabı dəyərləndirəcəklərini bildirib: "Biz görüşüb bu cavabı dəyərləndirəcəyik. Təbii ki, fraksiya yaradılması artıq qaçılmazdır. Gücümüz də birlikdədir. Yəqin ki, Tural Abbaslının, Səxavət Əlisoyun, Qubad İbadoğlunun da tərəfdarlarını toplayıb bu qaragüruh qrupdan yaxa qurtarmaq üçün belə bir fraksiya yaradacağıq"