Ermənistanın məskunlaşdırma siyasəti vəziyyəti gərginləşdirməyə yönəlib Siyasət

Ermənistanın məskunlaşdırma siyasəti vəziyyəti gərginləşdirməyə yönəlib

Ermənilər və azərbaycanlılar arasında münaqişə artıq bir neçə nəsli əhatə edir. Bu münaqişənin nəticəsi Dağlıq Qarabağın işğal olunmasıdır. İşğal faktı beynəlxalq forumlarda, xüsusilə də beynəlxalq hüquq və humanitar hüquqla məşğul olan bütün təşkilatlarda Azərbaycan tərəfindən pislənilib və buna etiraz edilib. Ancaq təəssüf ki, vəziyyət getdikcə daha da gərginləşir.

Bu fikirləri Fransa Milli Elmi Tədqiqatlar Mərkəzinin (CNRS) islamşünas alimi, Paris Tədqiqatlar Ali Məktəbinin doktoru, bir çox beynəlxalq tədqiqat qruplarının üzvü Karim İfrak AZƏRTAC-a müsahibəsində söyləyib.

Karim İfrak bildirib ki, bu gün bəzi ölkələr beynəlxalq qurumlara və ya onların qətnamələrinə hörmət etmirlər. Əlbəttə, beynəlxalq təşkilatların qətnamələrinə və beynəlxalq humanitar hüquqa riayət etməyən Ermənistan da belə ölkələr arasındadır.

“Bu ölkə işğal siyasətini davam etdirir və düşünürəm ki, onu dayandırmaq niyyətində deyil. Çünki işğalçı ölkə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymur, xüsusilə də günahsız insanların qətlini davam etdirir. İyul ayında Ermənistanın yenidən qan tökməsinin şahidi olduq. Daha dəhşətlisi isə Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda qanunsuz məskunlaşdırma aparmasıdır. Biz bunu yaxın keçmişdə erməni mənşəli Suriya qaçqınlarının timsalında gördük. İndi bu siyasəti Beyrutda baş vermiş dəhşətli partlayış səbəbindən Livanı tərk etmək istəyən erməni mənşəli livanlılarla həyata keçirmək istəyirlər. Ermənistan insanların çətin vəziyyətindən sui-istifadə edərək onları 30 ildir işğal altında saxladığı Dağlıq Qarabağ ərazisində qanunsuz olaraq yerləşdirməyə çalışır. Bu, barışıq çağırışı deyil, əksinə, iki ölkə arasındakı onsuz da gərgin olan münasibətləri daha da gərginləşdirəcək”, - deyə K.İfrak diqqətə çatdırıb.

İslamşünas alim qeyd edib ki, ATƏT-in bu məsələ ilə bağlı susması da anlaşılmazdır. Bu qurum yalnız Dağlıq Qarabağda gərginləşən vəziyyətdən təəssüfləndiyini bildirir. Halbuki, Ermənistan günahkardır, Azərbaycan ərazilərini qanunsuz olaraq işğal edib.

Azərbaycan ATƏT-dən haqqını tələb etməli və sözdə yox, praktiki fəaliyyət göstərənə qədər bu quruma təzyiq göstərməyə davam etməlidir. Çünki sözlər yaxşıdır, amma elə bir an çatır ki, praktiki fəaliyyət olmalıdır.

“Unutmayaq ki, Ermənistanın doğma yurdundan didərgin saldığı on minlərlə azərbaycanlı ailə hələ də əziyyət çəkir. Bu vəziyyət artıq davam edə bilməz.

Azərbaycan onun tərkib hissəsi olan Dağlıq Qarabağı azad etmək hüququna malik suveren ölkədir. İndiyədək Azərbaycan bunu beynəlxalq, tənzimləyici və dinc qurumlar vasitəsilə həll etməyə çalışıb. Ancaq təəssüflər olsun ki, Ermənistan beynəlxalq humanitar hüquqa məhəl qoymadan işğal altındakı torpaqlarda qanunsuz fəaliyyətini davam etdirməsi qəbulolunmazdır. Ermənistan beynəlxalq müqavilələrə hörmətlə yanaşmağa məcbur edilməlidir. Bir ölkə beynəlxalq konvensiyalara hörmət etmirsə, onda belə bir sual ortaya çıxır: “Dünya hara gedir?”, - deyə Karim İfrak vurğulayıb.