“İran Azərbaycanın daxili işlərinə qarışmamalıdırlar Siyasət

“İran Azərbaycanın daxili işlərinə qarışmamalıdırlar

Elxan Şahinoğlu: "Həsən Ruhani Azərbaycanla münasibətlərin inkişafını istəyirsə Tehrandakı bəzi qüvvələr anti - Azərbaycan siyasətindən, açıqlamalarından əl çəkməlidirlər"

Azər Həsrət: "İran elə bir ölkədir ki, Azərbaycan mütləq onunla münasibətlərində diqqətli olmalıdır"

Azər Rəşidoğlu: "İran - Azərbaycan münasibətlərindəki gərginlik bir səfərlə normallaşa bilməz"

İran Prezidenti Həsən Ruhaninin Azərbaycana səfəri zamanı iki ölkə arasında 10 sənəd imzalanacaq. Bunu Azərbaycanla İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının həmsədri Mahmud Vaezi Tehranda keçirdiyi mətbuat konfransında deyib. Onun sözlərinə görə, imzalanacaq sənədlər əsasən Azərbaycandan elektrik enerjisinin alışı, sərhəd çaylarından istifadə yolları, gömrük prosedurlarının sadələşdirilməsi, yükdaşıma, qaz, enerji, turizm və ticarət sahələrində əməkdaşlığın genişləndirilməsini əks etdirir. Vaezi deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfərindən sonra iki ölkə arasında əməkdaşlıq üçün yaxşı ab-hava yaranıb: "Prezident Həsən Ruhaninin səfər proqramında Azərbaycan Parlamentində çıxış, özəl və sənaye sektorunun nümayəndələri ilə görüş nəzərdə tutulub".
İran Prezidenti Həsən Ruhaninin Azərbaycana gözlənilən rəsmi səfərini şərh edərkən İran parlamentinin Tədqiqat Mərkəzinin üzvü Cəlil Cəfəri bildirib ki,
Azərbaycan İran və Qərb arasında həm siyasi, həm də nüvə danışıqlarının səmərəliliyinin artırılmasında, eləcə də enerji sahəsində körpü ola bilər. Cəfəri demişdir ki, Azərbaycanın həm İran, həm də Qərblə yaxşı münasibətləri var: "Hazırda İran və ABŞ arasında nüvə məsələsi üzrə müzakirələr gedir və Azərbaycan tərəflərin mövqelərinin yaxınlaşmasında müstəsna rol oynaya bilər, çünki bu potensiala malikdir".
Qeyd edək ki, hazırda İran və "altılıq" ölkələri nüvə sahəsində daimi müqavilənin imzalanması üzrə müzakirələr aparır. Bundan əvvəl, ötən ilin noyabrında 6 aylıq nüvə razılaşması əldə olunmuş və iyundan etibarən razılaşmanın vaxtı 4 ay uzadılmışdır. Ölkələr noyabrın 24-dək daimi razılaşmanın əldə olunmasına səy göstərirlər.
Cəfərinin sözlərinə görə, Azərbaycanın bu prosesdə böyük payı ola bilər: "Bu, həm İrana, həm Azərbaycana, həm də beynəlxalq ictimaiyyətə öz töhfəsini verəcək. Azərbaycanın həm enerji, həm xarici siyasət baxımından, həm də coğrafi baxımdan yerləşdiyi ərazi çox önəmlidir, yalnız İran üçün deyil, Qərb üçün də önəmlidir".
Xatırladaq ki, İran Prezidenti Həsən Ruhani noyabrın 12-də Bakıya səfər edəcək. Səfərdə 10 sənədin imzalanması gözlənilir.
İranlı deputat əlavə edib ki, İran Prezidentinin prioriteti qonşu ölkələrlə münasibətləri inkişaf etdirməkdir, çünki regionun iqtisadi inkişafı hamı üçün xeyirlidir və buna görə də region ölkələri aralarındakı problemləri həll etməlidirlər.
Cəfəri İran və Azərbaycan arasında "svop" elektrik enerjisi və qaz tədarükünə toxunaraq bildirib ki, Azərbaycan enerji baxımından İran üçün əhəmiyyətli ölkədir.
Hazırda Azərbaycandan İrana "svop" əməliyyatları çərçivəsində sutkada 1,2 milyon kubmetr qaz tədarük olunur, həmçinin qışda İran Azərbaycana, yayda isə Azərbaycan İrana elektrik enerjisi ixrac edir.
Onun sözlərinə görə, İran şimal qonşuları ilə "svop" əməliyyatları çərçivəsində neft tədarükünü də bərpa etmək niyyətindədir.
Ruhaninin səfəri iki ölkə arasındakı münasibətlərə necə təsir göstrəcək?
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, əgər Həsən Ruhani Azərbaycanla münasibətlərin inkişafını istəyirsə, Tehrandakı bəzi qüvvələr anti - Azərbaycan siyasətindən, açıqlamalarından əl çəkməlidirlər: "Azərbaycanın daxili işlərinə qarışmamalıdırlar. Digər tərəfdən Ermənistanla dost olub, işğalçı dövlətlə sərhədləri açıq tutub Azərbaycanla strateji tərəfdaş olmaq da çətindir. Bir sözlə əgər Həsən Ruhani Azərbaycanla dost olmaq istəyirsə, sadalanan məsələlərə göz gəzdirməlidir". Onun fikrincə, Ruhaninin Bakı səfəri keyfiyyət etibarilə heç nəyi dəyişməyəcək: "İlham Əliyevin İran səfərindən sonra Ruhaninin Azərbaycana səfəri qarşılıqlı jestin göstəricisidir. Görünür, hər iki tərəf münasibətlərin yumşalmasında maraqlıdır. Ancaq İran yenə də şərtlərlə danışır və İsraillə münasibətlərin kəsilməsini istəyir. Ruhaninin fərqli olduğunu iddia edirlər. Təəssüf ki, İranda prezident dəyişsə də, Ermənistana qarşı siyasət dəyişmir. Digər tərəfdən, İsraillə iqtisadi, hərbi əməkdaşlıq İranla əməkdaşlıqdan daha xeyirlidir".
Siyasi şərhçi Azər Həsrət vurğuladı ki, İran elə bir ölkədir ki, Azərbaycan mütləq onunla münasibətlərində diqqətli olmalıdır: "Həm Güney Azərbaycan faktoru, həm fanatik islam, həm də İranın özünün mahiyyətindən doğan aqressiya bizi məcbur edir ki, bu ölkəylə münasibətlərdə diqqətli olaq. O baxımdan İran prezidentinin səfəri, hər halda, zərərli olan deyil. Amma eyni zamanda gözlə görülməyəcək zərəri də diqqətdən qaçmamalıdır. Onun bu səfəri iranpərəst fanatik dinçiləri həvəsləndirə bilər. Düşünürəm ki, Azərbaycan dövləti bu faktorlara uyğun davranmaq üçün yetərincə imkanlara sahibdir".
Siyasi şərhçi Azər Rəşidoğlu diqqətə çatdırdı ki, İran - Azərbaycan münasibətlərindəki gərginlik bir səfərlə normallaşa bilməz. Onun fikrincə, Tehran Bakının Qərblə inteqrasiyasına, Xəzərdə Qərbin mövcudluğuna qarşıdır: "Bakı isə İranın İrəvanla münasibətlərini həzm edə bilmir. Digər tərəfdən, Şimali Azərbaycanda müstəqil dövlətin mövcudluğu İrana sərf etmir. Odur ki, münasibətlər gərgin olaraq qalır. Düşünürəm ki, Azərbaycan bütün qonşuları ilə, o cümlədən İranla münasibətlərində gərginliyi azaltmaqda maraqlı olmalıdır. Odur ki, iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri bəyəniləndir".
Dünya Azərbaycanlıları Konqresinin Daimi Şurasının sədri Əjdər Tağızadə deyib ki, fars rejiminin başında duran şəxslərə bel bağlamaq olmaz:"Qonşu dövlətlərin rəhbərləri bir-biri ilə qeyri-səmimi də olsa, protokola uyğun münasibətlər qurur, qarşılıqlı səfərlər edirlər. Ancaq Azərbaycanın Tehran rejiminə ehtiyacı yoxdur. Əgər İran rəsmi Bakı ilə münasibətlərini düzəltmək istəyirsə, onda Xəzər dənizinin bölünməsində payına düşən 11 faizlə razılaşsın və ən əsası bizə düşmən olan erməniləri dəstəkləməsin. Yalnız bu halda münasibətlərin düzələcəyinə ümid etmək olar. Yoxsa, yalandan "biz Azəbaycan torpaqlarının bütövlüyünü dəstəkləyirik" deməklə heç nə olmur.
Vaxtı ilə Ter-Petrosyan özü də etiraf edirdi ki, əgər İran yolları bağlasa, ermənilər məhv olar. Həqiqətən elədir. İnanın, İran Ermənistanın üzərindən yardım əlini götürsə, düşmən bir gün belə tab gətirməz və Azərbaycanın dediklərinə boyun əyər. Amma fars rejimi bunu etmir. Çünki Azərbaycanın güclənməsindən və əsarətdə saxladığı 35 milyon azəri türkünün ayağa qalxmasından qorxur. Üzdə bir söz deyib, arxada başqa hərəkət edən ikiüzlü rejimlə Azərbaycan arasında dostluq münasibəti qurula bilməz". Tağızadə İranla sosial-mədəni əlaqələr qurmağın da mümkünsüz olduğunu bəyan edib: "Axı hansı mədəni əlaqələrdən söhbət gedə bilər ki, Azərbaycan dünyəvi, demokratik, ancaq İran irticaçı, şovinist və terrorizmə dəstək verən bir dövlətdir".

Əli