“Naxçıvanın blokada vəziyyətini nəzərə alıb, ora xüsusi diqqət göstərilməlidir” Siyasət

“Naxçıvanın blokada vəziyyətini nəzərə alıb, ora xüsusi diqqət göstərilməlidir”

Qüdrət Həsənquliyev: "Hökumətin də bacarığı çatar ki, icbari tibbi sığortanı nəhayət ki, tətbiq edə bilsin"

"Həmişə onun tərəfdarı olmuşam ki, Neft Fondundan büdcəyə artan istiqamətdə vəsaitlər transfer olunmalıdır və bu vəsaitlər sosial problemlərin həllinə və iqtisadiyyatın inkişafına yönəlməlidir"

Milli Məclisin dünən keçirilən plenar iclasında 2015-ci il dövlət büdcəsi müzakirə edildi. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev büdcə müzakirələri zamanı çıxışında öz irad və təkliflərini hökumətin diqqətinə çatdırdı.
Qüdrət Həsənquliyev qeyd etdi ki, Azərbaycan iqtisadiyyatı inkişaf edir, bu da əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə öz təsirini göstərir: "Amma mən hesab edirəm ki, ölkəmizdə sosial müdafiəsinə xüsusilə ehtiyacı olan iki kateqoriya insanlar var ki, bunlar da şəhid ailələri, əlillər və qaçqınlardır. Qaçqınların dövlətin xüsusi diqqətinə ehtiyacı var. İllər keçir, amma biz torpaqlarımızı hələ də işğaldan azad edə bilməmişik. Bu insanlar uzun illərdir ki, qaçqın həyatı yaşayırlar. Bu gün də mən mətbuatdan oxudum ki, Dərnəgül şossesi yaxınlığındakı yataqxanada bir otağın döşəməsi çöküb və bir nəfər qaçqın 4-cü mərtəbədən 3-cü mərtəbəyə düşüb".
Millət vəkili təəssüflə bildirdi ki, qaçqınların probleminin həlli üçün bu il də büdcədən cəmi 327 milyon manat ayrılıb: "Bu vəsaitlə belə getsə hələ uzun illər bu insanları normal mənzillə təmin edə bilməyəcəyik. İkinci kateqoriyadan olan insanlar isə şəhid ailələri və əlillərdir ki, onların sosial müdafiəsi üçün bu il büdcədən cəmi 17 milyon manat vəsait ayrılıb. Cənab Prezident müvafiq dövlət orqanları qarşısında vəzifə qoymuşdu ki, 5 il ərzində onların mənzil problermi həllini tapsın. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyinin saytında əlillərin ev növbəsi ilə bağlı siyahı qoyulub, hər kəs o siyahıya baxa bilər, orada 5731 nəfərin siyahısı var. 17 milyon vəsaitlə nə qədər əlili, şəhid ailəsini evlə təmin etmək olar? Bu vəsaitlə bu vəzifəni 5 ilə yox, heç 15 ilə də yerinə yetirmək mümkün olmayacaq. Mən bu barədə Milli Məclisdə komitə iclası zamanı da danışmışam. Ən azından bu vəsait bir neçə dəfə artırılmalıdır. İldə heç olmasa 60 milyon manat vəsait ayrılmalıdır ki, bəlkə 5 il ərzində bu vəzifəni yerinə yetirmək mümkün olsun. Bəzi insanlar deyirlər ki, Neft Fondundan büdcəyə az vəsait ayrılsın, o vəsait gələcək nəsillər üçün saxlanılsın. Amma mən həmişə onun tərəfdarı olmuşam ki, Neft Fondundan büdcəyə artan istiqamətdə vəsaitlər transfer olunmalıdır və bu vəsaitlər insanların sosial problemlərinin həllinə və iqtisadiyyatın inkişafına yönəlməlidir".
Qüdrət Həsənquliyev qeyd etdi ki, 20-ci əsrin 30-cu illərindən başlayaraq ABŞ-da ölkənin iqtisadiyyatının inkişafını göstərmək üçün Ümumi Daxili Məhsul anlayışından istifadə etməyə başladılar. Amma 21-ci əsrdə artıq Sosial İnkişaf İndeksinə görə ölkələrin inkişaf səviyyəsi müəyyənləşir.
"Bu gün bir çox ölkələr var ki, onlar ÜDM-nin həcminə görə ən yüksək göstəricilərə malikdirlər, amma Sosial İnkişaf İndeksinə görə xeyli aşağı pillələrdə yer alırlar. Bura əlbəttə ki, hər bir insan üçün yüksək ixtisaslı səhiyyənin, yüksək təhsilin nə qədər əlçatan olması kimi məsələlər daxildir. Mən dəfələrlə söyləmişəm ki, bu problemlərin həlli təhsildə və səhiyyədə islahatların aparılmasından, icbari tibbi sığortanın tətbiqindən, səhiyyə və ali təhsil müəssisələrinin özəlləşdirilməsindən keçir. Hörmətli Əli Əhmədov baş nazirin müavini təyin olunandan sonra bəyanat verdi ki, tezliklə icbari tibbi sığortanın tətbiqinə başlanılacaq. Amma sonradan bu məsələ daha bir neçə müddətə geri atıldı. Biz buna mane olan səbəbləri bilirik. Amma səbəb o deyil ki, bunu həyata keçirmək çətindir. Bunu hamımız bilirik. Azərbaycanda "ASAN Xidmət" yaradıldı, hansı ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində belə unikal sistem yoxdur. Yəni bu xalqın da, hökumətin də bacarığı çatar ki, icbari tibbi sığortanı nəhayət ki, tətbiq edə bilsin. Deməli digər mənfi problemləri aradan qaldırmaq lazımdır ki, bu məsələ öz həllinin tapsın".
Millət vəkili daha sonra 2015-ci ilin dövlət büdcəsindən Naxçıvana ayrılan vəsaitin azlığına diqqət yönəltdi: "Digər mühüm bir məsələ həm də mənim deputat seçildiyim Naxçıvan Muxtar Respublikası ilə bağlıdır. Naxçıvanda əhalinin 5 faizi yaşayır, amma investisiya qoyuluşundan Muxtar Respublikaya 0.1 faiz düşür. Əvvəlki illər bu məbləğ 250 milyon manat idisə, indi təxminən 50 milyon manat civarındadır. Mənim deputat seçildiyim Ordubad rayonunda yol Sovet dövründən çəkiləndir. Başqa rayonların yolu düzəldilir, amma bu il də Ordubadda yeni yol çəkilməsinə vəsait ayrılmayıb. Bizim burda deputat həmkarımız var, Fərəc Quliyev, onların kəndində mən seçicilərlə görüş keçirmişdim. Orada məktəb acınacaqlı durumdadır. 5-ci ilə keçir, hələ də o məktəbi yenidən tikmək mümkün olmayıb. Ən azı 7 məktəbin təcili yenidən tikilməsinə ehtiyac var".
Qüdrət Həsənquliyev bildirdi ki, Naxçıvan Muxtar Respublikası ayrılmış investisiyaların ən səmərəli xərcləndiyi bölgələrdən biridir: "Düşünürəm ki, Naxçıvanın blokada vəziyyətini nəzərə alıb, ora xüsusi diqqət göstərilməlidir və investisiya qoyuluşu artırılmalıdır. Orada kənd təsərrüfatını inkişaf etdirmək mümkün deyil, çünki yararlı torpaq sahələri həddən artıq azdır. Ancaq sənayeni inkişaf etdirməklə əhalini işlə təmin etmək olar ki, insanlar bölgəni tərk etməsinlər. Bunun üçün də biz Naxçıvanı minik avtomobilləri istehsal edən mərkəzə çevirə bilərik. Eləcə də Gəncəni yük və kənd təsərrüfatı maşınları istehsal edən mərkəzə çevirə bilərik".
Qüdrət Həsənquliyev çıxışında bir daha hökumətə müraciət edərək bölgələrdə vergi güzəştləri tətbiq etməklə sahibkarları investisiya yatırmağa təşviq etməyə çağırdı: "Rayonlarda çalışmalıyıq ki, vergi güzəştləri nəzərdə tutulsun. Bir müddət isə istehsal və emal müəssisələri yaradanlar vergidən xilas olmalıdırlar".
Millət vəkili bildirdi ki, bu addım Bakının yükünü azaltmaqla yanaşı həm də bölgələrin iqtisadi inkişafına, əhalinin paytaxta axınının qarşısını almağa gətirib çıxarar. O, ali təhsil müəssisələrinin paytaxt ətrafına köçürülməsi ilə bağlı mətbuatda yer alan məlumatlara da toxunaraq qeyd edib ki, universitetlər şəhər ətrafına yox, rayonlara köçürülməlidir. Millət vəkili əlavə edib ki, onlar üçün yeni binaları dövlət tikməməlidir, bu iş hər hansı bir iş adamlarının öhdəsinə verilməlidir.
Qüdrət Həsənquliyev hökuməti hərbi sahəyə də xüsusi diqqət yetirməyə çağırdı. O qeyd etdi ki, biz torpaqlarımızı qaytarmaq istəyiriksə hərbi sahəyə daha çox vəsait ayırmalıyıq: "Düzdür, bizim gücümüz Ermənistandan üstündür, lakin nəzərər alaq ki, müharibə olsa onlara başqa dövlətlər də yardım edə bilər və dövlət bunu nəzərə almalı, vəsait ayırmalıdır".
Çıxışının sonunda millət vəkili hökuməti siyasi partiyaların və vətəndaş cəmiyyətinin inkişafına yönələn maliyyə vəsaitinə yenidən baxmağa çağırdı.