Qubad İbadoğlu geri çəkilmək niyyətində deyil Siyasət

Qubad İbadoğlu geri çəkilmək niyyətində deyil

Müsavat başqanlığına keçmiş namizəd: "Fraksiyanın yaradılması gündəmdədir"

Müsavatın sabiq başqanı İsa Qəmbər partiyanın yeni rəhbərliyinə birmənalı dəstək verdiyini açıqlayıb. Noyabrın 23-də Müsavat Partiyasının ümumrespublika müşavirəsində danışan sabiq başqan İsa Qəmbər narazıların fraksiya yaratmaq niyyətini və növbəsiz qurultay tələblərini pisləyərək deyib ki, Arif Hacılı ilə bir yerdədir.
"Kim bu yolda olmaq istəyirsə, gəlsin, mübarizəmizi davam etdirək. Kimsə özünə başqa lider axtarırsa, buyursun, öz yolunu getsin" deyib İsa Qəmbər.
"Media forum" saytına açıqlamasında Qubad İbadoğlu İsa Qəmbərin cavabını verib. O bildirib ki, 23 noyabr müşavirəsini problemin yoluna qoyulması üçün buraxılmış şans kimi dəyərləndirir: "Çünki bizim tərəfimizdən olan barışıq üçün təkliflər paketinin təqdimatına və bu yöndə olan çağırışlara xüsusilə də sabiq başqan İsa Qəmbər pozitiv yanaşma nümayiş etdirmədi. Bu da xeyli müsavatçının gözləntisini doğrultmadı, hətta onların bəzisində xəyal qırıqlığı yaratdı. Müşavirədə bir daha təsdiq olundu ki, İsa Qəmbər artıq tərəfə çevrilib və Müsavat Partiyasında onun iradəsindən kənar heç nə baş vermir".
Qubad İbadoğlu vurğulayıb ki, işçi qrupu səviyyəsində müzakirələr davam edir: "Dekabrın ilk ongünlüyündə yekun qərarımızı elan edəcəyik. Hazırkı müzakirələrin hədəfi növbədənkənar qurultayın çağırılmasına nail olmaqdır. Bununla əlaqədar olaraq bir vasitə kimi fraksiyanın yaradılması gündəmdədir"