Azərbaycan və Türkiyə prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər Siyasət

Azərbaycan və Türkiyə prezidentləri Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər

Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.
Dövlət başçısı Türkiyənin bu gündən G20-yə sədrliyə başlaması münasibətilə Rəcəb Tayyib Ərdoğana təbriklərini çatdırıb, bunu rəsmi Ankaranın beynəlxalq aləmdə artan rolunun və nüfuzunun göstəricisi kimi qiymətləndirib.
Prezident İlham Əliyev Azərbaycanın qarşıdakı ildə qurumun bütün tədbirlərinə, o cümlədən 2015-ci ilin noyabrında Antalyada keçiriləcək zirvə toplantısına dəvətə görə minnətdarlığını bildirib və bu tədbirin ən yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edib. Dövlət başçısı bildirib ki, Azərbaycanın bu qurumun toplantılarına və zirvə görüşünə dəvət olunması bir daha ölkələrimizin bir-birinə nə qədər yaxın olduğunu nümayiş etdirir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan minnətdarlığa görə təşəkkürünü bildirib, sürətli iqtisadi inkişafa nail olmuş Azərbaycanın bu qurumun işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.
Söhbət zamanı dövlət başçıları ikitərəfli əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ilə bağlı məsələləri müzakirə edib, Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.