Fəzail Ağamalı: “Siyasi partiyalar həmrəyliyi davam etdirməlidir” Siyasət

Fəzail Ağamalı: “Siyasi partiyalar həmrəyliyi davam etdirməlidir”

“Vətən müharibəsində bütün Azərbaycan xalqı mütəşəkkilliyini və milli həmrəyliyini nümayiş etdirdi, ordumuzla, cənab prezidentimizlə bərabər oldu. Xüsusilə, siyasi partiyalar vətəndaşlıq mövqeyindən çıxış edərək, Azərbaycan Ordusunun, Ali Baş Komandanın yanında yer aldı”.
Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı belə deyib. O qeyd edib ki, siyasi mövqeyindən asılı olmayaraq, bütün partiyaların bu cür birliyi təqdirəlayiq addım oldu:
“Tovuz istiqamətindəki döyüşlərdə ölkəmizdə fəaliyyət göstərən bir neçə partiya Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı ilə birlik olmağı ehtiva edən çıxış yaydı. Vətən müharibəsində bu yanaşma birmənalı şəkildə özünü göstərdi. Bütün bunlar ölkə prezidentinin həyata keçirmiş olduğu islahatların məntiqinə söykənir. 2020-ci ilin əvvəllərində aparılmış islahatlar nəticəsində Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradıldı. Şöbənin rəhbəri Ədalət Vəliyev ölkə prezidentinin müəyyən etmiş olduğu siyasi kursa uyğun olaraq yüksək səviyyədə iş qura bildi. Bütün partiyalarla əlaqə yaratdı, onlarla görüşlər keçirdi və xüsusi diqqət yetirdi.
Artıq müharibəyə qədər iqtidarla istər parlamentdə təmsil olunan, istərsə də təmsil olunmayan partiyalarla sıx əlaqələr yaranmışdı. Vətən müharibəsi dövründə partiyaların da prezidentlə birlikdə olmasının şübhəsiz ki, mənəvi təsiri oldu”.
Fəzail Ağamalı hesab edir ki, bundan sonra ermənilərlə müharibəmiz yenə də həm siyasi, həm də diplomatik müstəvidə gedəcək:
“Biz rahat olmamalıyıq. Qələbə çaldıq, torpaqlar azad edildi, amma hər şey bitdi demək deyil. Bundan sonra bu mübarizə pərdə arxasında davam edəcək. Siyasi partiyalar da bu həmrəyliyi davam etdirməlidir.
Ümidvaram ki, onların bu təşəbbüskarlığı da qiymətləndiriləcək. Hətta Bakıda keçiriləcək Qələbə paradında siyasi partiyaların dəvət alacağına da ümid edirəm. Bundan sonra da partiyalar ümummilli məsələlərdə daim iqtidarla birlik olmağa, Azərbaycan dövlətinin və xalqının maraqlarını müdafiə etməlidirlər”.