İİTKM-də 18 iyun - Azərbaycanda İnsan Hüquqları Günü münasibətilə  tədbir keçirilib İqtisadiyyat

İİTKM-də 18 iyun - Azərbaycanda İnsan Hüquqları Günü münasibətilə  tədbir keçirilib

Tədbirdə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Türk Dünyası Araşdırmalar Mərkəzinin rəhbəri İlyas Hüseynov Azərbaycanda insan hüquq və azadlıqlarının təmin olunmasının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulayıb. O, 18 iyun 1998-ci ildə ilk “İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiqinin mühüm mərhələ olduğunu və hər il Ombudsman tərəfindən 18 may-18 iyun tarixlərində “İnsan hüquqları aylığı”nın elan edildiyini diqqətə çatdırıb.

Qonaq qismində çıxış edən millət vəkili, Türk Dövlətlərinə üzv ölkələrin QHT Platformasının Baş katibi Azər Allahverənov insan hüquqlarının qorunması üçün dövlət qurumları, vətəndaş cəmiyyəti, media və akademik dairələr arasında tərəfdaşlığın gücləndirilməsinin vacibliyini qeyd edib. Tədbirdə həmçinin vurğulanıb ki, bu ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi şəhər mühitində insan hüquqlarının təmin olunması, inklüziv infrastrukturun və təhlükəsiz yaşayış şəraitinin yaradılması üçün yeni üfüqlər açır.

“İnsan Hüquqları Aylığı”nın məqsəd və vəzifələrinin müzakirə olunduğu tədbirin sonunda millət vəkili Azər Allahverənov iştirakçıların və İslahat Könüllülərinin suallarını cavablandırıb. Interaktiv müzakirələr zamanı rəqəmsal transformasiya, süni intellekt texnologiyalarının tətbiqi çərçivəsində şəxsi məlumatların qorunması, dezinformasiyaya qarşı mübarizə, inklüziv cəmiyyətin formalaşdırılması və postmünaqişə dövrünün yaratdığı yeni çağırışlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Cavid