Türkiyə mətbuatında erməni izi Siyasət

Türkiyə mətbuatında erməni izi

Nazim Cəfərsoy: "Sabah" qəzeti bəzi məsələlərdə bu cür yanaşma nümunələri göstərir"

Qorxmaz İbrahimli: "Mən hesab etmirəm ki, Türkiyə mətbuatında Azərbaycana qarşı düşünülmüş, planlı bir təxribat olsun"

Dekabrın 4-də Türkiyənin "Sabah" qəzetində "3 paytaxtı, 11 rəsmi dili, 5 fərqli dildə himninin sözləri olan ölkə var" başlıqlı məqalə dərc olunub. Məqalədə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisi "Dağlık Karabağ Cumhuriyeti" kimi verilib. Bu isə Azərbaycanda ciddi narazılığa səbəb olub. Deputatlar, politoloqlar, QHT-lər fakta etirazlarını bildiriblər.
Diaspor Jurnalistləri Birliyi Türkiyənin "Sabah" qəzetinin Azərbaycana qarşı yol verdiyi ərazi təxribatı ilə bağlı etiraz bəyanatı yayıb. Bəyanatda bidirilir ki, "Sabah" qəzetində Dağlıq Qarabağ Respublikasının "müstəqil dövlət" kimi göstərilməsi yol verilməzdir: "Qondarma rejim dünyanın heç bir ölkəsi, hətta Ermənistan tərəfindən tanınmayıb. Qardaş ölkədə nəşr olunan qəzetdə bu yazının verilməsi təəssüfedici haldır. Dağlıq Qarabağ Azərbaycan dövlətinin tərkib hissəsidir və hazırda Ermənsitanın işğalı altındadır. "Sabah" qəzeti Azərbaycana qarşı olan bu təcavüz faktını görməzdən gəlib. Hesab edirik ki, "Sabah" qəzeti müstəqilliyimizə qarşı olan bu yazı iki qardaş ölkə arasında münasibətləri korlamağa çalışır. Bu yazı ilə qəzet bütün beynəlxalq qanunların ziddinə gedib. Həmçinin Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən təcavüzə göz yummuş olub".
Bəyanatda həmçinin qeyd olunub ki, son zamanlar Türkiyə mediasında belə "təsadüflər" tez-tez baş verir: "Bundan əvvəl də erməni helikopterinin vurulması zamanı Türkiyə mediasında "Dağlı Qarabağ Ordusu" ifadəsi yer almışdı. Bütün bunlar Türkiyənin bəzi media qurumlarının təxribata yol verdiyini və iki ölkə münasibətlərinə zərbə vurmağa çalışdığını düşünməyə əsas verir".
DJB təcili şəkildə "Sabah" qəzetinin təkzib verməsini və Azərbaycan xalqından üzr istəməsini tələb edib.
Qarabağ Azadlıq Təşkilatı (QAT) da bununla bağlı bəyanat yayıb: "Son günlərdə Türkiyənin bəzi rəsmi və qeyri-rəsmi dairələrində, mətbu orqanlarında ermənilərin birbaşa təzyiqi və təşəbbüsləri altında Azərbaycanın maraqları ilə bağlı xoşagəlməz hadisələr baş verir. Belə hadisələrdən biri də Türkiyənin "Sabah" qəzetində işğalçı Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaradılan qondarma rejimin "Dağlıq Qarabağ Cumhuriyeti" adı ilə təqdim edilməsidir. Hesab edirik ki, bu hadisə erməni fitnəsinin nəticəsidir və həqiqətin kobud şəkildə saxtalaşdırılmasından başqa bir şey deyildir. Bu hərəkəti edənlər erməni sifarişini yerinə yeirir və bu cür vicdansızlığın qarşısında yaxşı muzd aldıqları heç kəsdə şübhə doğurmamalıdır. Bu, bir təxribat hərəkətidir, Azərbaycanla Türkiyə arasında münasibətlərin korlanmasına, ixtilafların yaranmasına yönəlib. Bunun erməni xüsusi xidmət orqanları, bəzi xarici mərkəzlər tərəfindən təşkil olunduğu ehtimalına ciddi yanaşılmalıdır. Bu düşmən təxribatının qarşısı dərhal alınmalıdır.
Biz hesab edirik ki, Türkiyənin hüquq-mühafizə orqanları bu məsələni təcili və ciddi şəkildə araşdırmalı, qəzetin rəhbərliyini, bu yazını yazanları qanun qarşısında cəzalandırmalıdır".
Milli QHT Forumunun etiraz bəyanatında isə bildirilir ki, bu kimi yazılar Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərə zərbə vurmaq istəyənlərə xidmət edir: "20 ildən artıqdır ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, minlərlə azərbaycanlını girov götürüb, on minlərlə insanı qətlə yetirib. Ermənilər qoca, uşaq, qadın demədən azərbaycanlılara bəşəriyyətin görmədiyi işgəncələri veriblər.
Bütün bunlara baxmayaraq, Türkiyədə nəşr olunan "Sabah" qəzeti Azərbaycanın işğal olunmuş ərazilərini ermənilərə məxsus dövlət kimi göstərib. Dünyanın heç yerində tanınmayan, qəbul edilməyən qondarma və terrorçu bir qrupun "Sabah" qəzetində müstəqil dövlət kimi təqdim olunmasını Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdid hesab edirik. Biz Azərbaycan Milli QHT Forumunun üzvü olan 648 QHT rəhbərləri qardaş bir ölkədə fəaliyyət göstərən "Sabah" qəzeti bu yazı ilə on minlərlə azərbaycanlı şəhidlərin ruhunu, ölkədə və dünyada yaşayan milyonlarla azərbaycanlını və türkü təhqir edib. Bundan irəli gələrək "Sabah" qəzetinin rəhbərliyindən bu məsələ ilə bağlı Azərbaycan xalqından üzr istəməsini, təkzib verməsini tələb edirik".
Ümumiyyətlə Türkiyə mətbuatında Azərbaycana qarşı təxribatların sayının artması təsadüfi sayıla bilərmi?
Politoloq Arzu Nağıyev dedi ki, Türkiyənin "Sabah" qəzetində Dağlıq Qarabağın müstəqil dövlət kimi təqdim edilməsi son vaxtlar bu ölkənin mediasında Dağlıq Qarabağ mövzusu ilə bağlı səhvlərdən biridir: "Çünki bir az əvvəl də "CNN Türk" kanalının reportajında helikopter hadisəsi zamanı Dağlıq Qarabağ müstəqil dövlət kimi təqdim edilib. Əlbəttə ki, ikitərəfli strateji əməkdaşlıq səviyyəsində daima normal münasibətləi olan dövlətlərin apardığı dostluq siyasətinə zidd olan bir vəziyyət alınır. Burada "erməni izi"nin olması təkzibedilməzdir. Yəqin ki, artıq lobbi mətbuatda da öz çirkin içini görür. Hər şeydən əvvəl bu ölkəmizin ərazi bütövlüyünə qarşı bir təhdiddir. Artıq Azərbaycan mediasında qaldırımlmış ciddi narazılıqban sonra bu gün "Sabah" qəzeti yazıda səhvini düzəldib.
Buna baxmayaraq düşünürəm ki, bu məsələləri Türkiyə höküməti ciddi araşdırılmalıdır və eyni zamanda cavabdeh qurumlardan bununla bağlı müvafiq izahatlar tələb edilməlidir.
Bizim də günahımız var, belə yanılışlıqların üzərindən keçdikcə ermənilər daha da ayaq açır. Unutmaq lazım deyil ki,2015 –ci ildə belə təpkilər qondarma"soyqırımın 100illiyi" ilə bağlı daha da artacaq. Düşünürəm ki, Azərbaycan diaspora təşkilatları buna hazır olmalı və da bu işdə daha ötkəm və ciddi işlər aparmalıdır".
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini Dr. Nazim Cəfərsoy bildirib ki, bu cür xəbərlərin iki səbəbi ola bilər: "Biri məlumatsizlıqla bağlı ola bilər. Adətən bu məlumatları yazan insanların ciddi məlumat problemi olur. Məsul şəxslər də buna lazımi diqqəti göstərmirlər. Ona görə də, ortaya belə problem çıxır. İkinci səbəb isə Türkiyə-Azərbaycan münasibətlərinə kölgə salmaq cəhdələri ilə bağlıdır. Bəzi mətbuat oqranlarının bu istiqamətdə səyləri hər zaman mövcud olub və olacaq. "Sabah" qəzeti həmişə olmasa da xüsusən bəzi məsələlərdə bu cür yanaşma nümunələri göstərir. Həm məlumatsızlıq, həm də qəsdən münasibtlərimizə kölgə salma problemini həll etmək üçün əlqədar quruluşların Türkiyə mediası ilə ciddi işləməsi və diqqətini qoruması, səhvin səbəbini aydınlaşdırması və lazımi reaksiyanı göstərməsidir. Bu reaksiyada həm vətəndaş, həm QHT, həm də dövlət qurumlarının lazımi fəalliq göstərməsi vacibdir".
"Aydınlar" Partiyasının sədr müavini Qorxmaz İbrahimli "mən hesab etmirəm ki, Türkiyə mətbuatında Azərbaycana qarşı düşünülmüş, planlı bir təxribat olsun",- deyə bildirdi: "Türkiyə mətbuatı azaddır və kimlərinsə ölkəmiz əleyhinə yazdığı hər hansı bır yazının fakturasını türk xalqına və Türkiyə dövlətinə çıxartmağa gərək yoxdur".
"Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai Birliyinin sədri Emil Hüseynli deyib ki, Son vaxtlar Türkiyə mediasında Dağlıq Qarabağ mövzusu ilə bağlı səhvlərə yol verilməsi ciddi araşdırılmalı və bununla bağlı izahatlar tələb edilməlidir. Emil Hüseynli bildirib ki, bir müddət öncə helikopter hadisəsi zamanı "CNN Türk" kanalının reportajında Dağlıq Qarabağın müstəqil dövlət kimi təqdim edilməsi, ardınca "Sabah" qəzetində eyni siyasi savadsızlığın nümayiş etdirilməsi Azərbaycan və Türkiyənin qardaş münasibətlərinin baza prinsiplərinə ziddir: "Sabah" qəzeti kimi nüfuzlu bir qəzetin bu cür səhv buraxması bağışlanmazdır. Bu yazıya görə "Sabah" qəzeti məsuliyyət daşımalıdır".
İctimai Birliyin sədri qeyd edib ki, görünür, 2015-ci ildə qondarma "erməni soyqırımı"nın 100 illiyi ərəfəsində erməni lobbisi Türkiyənin mətbuatına müdaxiləyə də müvəffəq olub: "Dünyanın heç yerində tanınmayan, qəbul edilməyən qondarma və terrorçu bir qrupun "Sabah" qəzetində müstəqil dövlət kimi təqdim olunması Azərbaycanın ərazi bütövlüyünə qarşı təhdiddir. İnanıram ki, Türkiyə hökuməti mətbuatda yaranan bu arzuolunmaz tendensiyanı araşdıracaq və tövsiyələrini verəcək". Emil Hüseynli hesab edir ki, "Sabah" qəzeti bu yazıya görə təcili təkzib verməli, Azərbaycan xalqından üzr istəməlidir.

Əli