Rauf Arifoğlu Müsavatdan gedəcəyinin anonsunu verdi Siyasət

Rauf Arifoğlu Müsavatdan gedəcəyinin anonsunu verdi

Azər Ayxan: "Çox ciddi bir qərar verməyin zamanı yetişib artıq"

Rüfət Əliyev: "Müsavat Partiyası bu gün özünü siyasi qaraçılığa qoyub"

Mediada AXCP- Müsavat Partiyası savaşının AXCP-"Yeni Müsavat" davası kimi qələmə verilməsi qəzetin baş redaktoru Rauf Arifoğlunu qəzəbləndirib. Baş redaktor facebook sosial şəbəkəsində AXCP ilə savaşda onlara dəstək verməyən partiya rəhbərliyini sərt tənqid edib: "Bəzi Müsavat üzvləri də , hətta rəhbərliyə aid olanlar, Feysdə kürəyimizdən xəncərləməkdədir. Həm də artıq neçənci dəfə. Böyük Yurdçu Osman Kazımov Əli Kərimliyə diferambalar oxuyur. Bir başqası bizi körpü adlandırır, digəri deyir ona ləkəyik...AXCP ilə müttəfiqmişlər, xəbərimiz yox! Tamam qardaşlar, inşallah, gələn həftə qəzetdə çalışan müsavatçılar olaraq bu partiyada qalıb-qalmamaq məsələsini müzakirə edərik. Rahat olun. Müsavat rəhbərliyi bizi Əli Kərimli ilə öz aralarında hesab edirlərsə, biz çəkilərik. Onsuz da istər ötən il, istərsə də bu il Əli Kərimlinin Müsavatı dağıtmağa yönələn kampaniyasının qarşısında tək durduq, partiya nə özünə, nə də bizə dəstək vermədi. Hamı Dədə Qorqud oldu, bizsə kürəyindən qılınclanan Bamsı Beyrək".
Onu da əlavə edək ki, "ANS" kanalı "AXCP-Müsavat davası pik həddə çatıb" cümləsi ilə başlayan süjetində, "Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə AXCP sədrinin müavini Fuad Qəhrəmanlını üz-üzə qoyub. Lakin süjetin efirə verilməsindən az sonra Rauf Arifoğlu məlumat yayaraq iddia edib ki, günah telekanaldadır. Onun sözlərinə görə, telekanalın əməkdaşları müsahibəni kəsərək, yalnız AXCP ilə bağlı olan hissəni təqdim ediblər: "ANS" mənə növbəti pisliyini, özünün növbəti namərdliyini yapdı. İki gün yalvar-yaxar, müsahibə aldılar. Sonra da bir qəzetə qarşı, partiya liderinin mənəvi terror kampaniyasını AXCP-Müsavat davası kimi qələmə verdilər. Müsahibə götürdükləri "Yeni Müsavat"ın baş redaktoru, çəkdikləri qəzet və jurnalistlər, lakin təqdimat partiya davası... Bu qədər absurd olarmı? Danışdığımın da 95 faizi kəsildi. Əvəzində isə bizi Əli Kərimlinin "Müsavatüzrə" müavini Fuad Qəhrəmanlıya söydürdülər". R.Arifoğlu bildirib ki, süjetin yayımından sonra onu qınayanlar da olub: "Bəzi "Müsavat" üzvləri də, hətta rəhbərliyə aid olanlar, sosial şəbəkədə kürəyimizdən xəncərləməkdədirlər. Həm də artıq neçənci dəfədir. Böyük Yurdçu Osman Kazımov, Əli Kərimliyə diferambalar oxuyur. Bir başqası bizi körpü adlandırır, digəri deyir ona ləkəyik. Azər Ayxan isə məsələyə fərqli yanaşaraq, çox ciddi qərar vermələrinin lazım olduğunu bildirib: "Çox ciddi bir qərar verməyin zamanı yetişib artıq. Bizi hər addımda, hər fürsətdə kürəyimizdən vuran bir partiya ilə yola davammı, yoxsa tamammı?! Partiya rəhbərliyi hələ də elə anlayır ki, "Yeni Müsavat"ın onlara əşhədü ehtiyacı var. Bu qədər etdikləri pisliklərə dözürük, elə bilirlər ehtiyacımız olduğu üçündür bu dözümlülük. Birilərinə dərs verməyin, nəyin necə olduğunu başa salmağın zamanın çatıb. Bunca naşükürlüyə, nankorluğa, namərdliyə niyə və kimə görə dözək? Niyə özümüzü aldadaq? Can onların, cəhənnəm Tanrının - yolumuza baxaq".
Rauf Arifoğlunun və rəhbərlik etdiyi kollektivin Müsavat Partiyasından istefa verəcəyi ilə bağlı fikrinə Müsavat Partiyası münasibət bildirib."Müsavat Partiyasının partiya üzvlərinə dəstək verməməsi anlayışını qəbul etmirəm"-deyə qeyd edən Müsavat başqanının müavini Gülağa Aslanlı Müsavat partiyasının hər zaman Rauf Arifoğluna dəstək verdiyini diqqətə çatdırıb. "Yeni Müsavat"çıların partiyanı tərk edəcəklərinə gəlincə isə, Gülağa Aslanlı bu barədə danışmaq istəməyib. Müsavat başqanının digər müavini Elman Fəttah isə "Yeni Müsavat" qəzeti və kollektivinin incikliyini anlayışla qarşıladığını deyib: "Rauf Arifoğlu və "Yeni Müsavat" qəzeti uzun illər Müsavat Partiyasının ideoloji siyasi xəttinin təbliğində əvəzsiz xidmətləri olub. İncikliklərini anlayışla qarşılayıram".
Müsavat Partiyası Qadınlar Təşkilatının sədri Ellada Məmmədli Rauf Arifoğlunu pisləyən Osman Kazımovun insanları şərləməklə məşğul odluğunu iddia edib: "Osman Kazımov rəhbərliyə seçiləndən yetənə yetir, yetməyənə daş atır. İnsanları müdafiədən çox, şərləməklə məşğuldur...."
Partiyanın başqan müavini Səxavət Soltanlı isə dostlarının onların söyülməyinə imkan yaratdığını yazıb: "Heç zaman söyülməsinə və təhqir olunmasına razı olmadığımız dostlar, bizim söyülməyimizə imkan yaradırlar. Hər bir müsavatçının, dostlarımızın rəhbərliydən narazılığı ola bilər, bunu müzakirə etmək imkanımız olduğu halda aylardır təhqir olunduğumuz azmış kimi, dünən axşamdan haqqımızda deyilməyən təhqirlər eşitməkdəyik".
Müsavatın Zəngilan rayon təşkilatının sabiq sədri Rüfət Əliyev deyib ki, "Yeni Müsavat" qəzetinin Müsavat Partiyasına hüdudsuz media dəstəyi verməsinə baxmayaraq, Əli Kərimli davasına partiyanın yeni başqanı Arif Hacılı hələ də susur: "Müsavat Partiyasının sabiq deputat İkram İsrafilin oğlu haqqında verdiyi bəyanat heç bir əndazəyə sığmır. Bu yalnız Müsavat Partiyasının qeyri-qanuni deportasiya hadisələrindən öz mənfəəti naminə istifadə etdiyini göstərməklə qalmır, həm də ölkənin demokratikləşməsi uğrunda həyatını, sağlamlığını qurban verən partiya üzvlərinə hörmətsizlik, müqəddəs hesab etdiyimiz mübarizəni satmaqdır". Xatırladaq ki, Müsavat Partiyası bir müddət əvvəl öz üzvü İsrayil İsrafilin polis zorakılığına məruz qaldığı barədə bəyanat yaymışdı. Sonradan məlum olmuşdu ki, bəyanat verilən tarixdən hardasa 6 ay öncə İsrayıl İsrafil İngiltərəyə köçübmüş. Daha sonra Müsavat yetkililərindən olan Gülağa Aslanlı bu faktı etiraf etmək məcburiyyətində qalmış, bəyanatın sabiq millət vəkili İkram İsrafilin ailəsinə təzyiq edilməsinə diqqət çəkmək məqsədiylə verildiyini bildirmişdi.
Sabiq müsavatçı Rüfət Əliyev bütün bu yaşananları əsas götürərək partiyanın saxta siyasi mühacir alveriylə məşğul olduğunu düşünür: "Nə yazıq ki, səmimi müsavatçıların fədakarlığından istifadə edən Müsavat rəhbərliyi radikal müxalifət imici qazanır və bu imicdən faydalanaraq istədikləri adama partiyanın mandatını satır, onun polis zorakılığına məruz qalması haqqında yalan bəyanatlar verir. İsrayil İsrafil hadisəsi çoxsaylı belə faktlardan yalnız biridir. Saxta sənəd verilən İsrayil sabiq deputatın oğlu olduğundan diqqəti cəlb etmiş, ifşa olunmuşdur. Allah bilir, nə qədər saxta müsavatçı hazırda Avropanın küçələrində siyasi mühacir olaraq dolaşır".
Müsavat Partiyasının rəhbərliyinin heç olmasa Tofiq Yaqublunun ailə üzvlərindən utanıb bu addımı atmamalıdır- deyən Rüfət Əliyev bildirir: "Hazırda həbsxanada yatan Tofiq Yaqublu bu mübarizəyə bütün həyatını sərf edib. Özüylə yanaşı qızları da mübarizənin ən ön sıralarında olublar. Nə yazıq ki, Müsavat Partiyası bu gün özünü siyasi qaraçılığa qoyub". Bu gün ortaya çıxan məlum hadisələrdən xeyli üzüldüyünü deyən sabiq müsavatçı sonda 20 ildən artıq üzv olduğu partiyadakı fəaliyyətinə heyfinin gəldiyini də sözlərinə əlavə etdi: "Mən indi başa düşürəm ki, biz niyə meydanlara axışır, polis dəyənəkləri altında əzilirdik, liderlər isə kabinetdən bayıra çıxmırdılar. Görünür, onlar bizim fədakarlığımıza qul əməyi kimi baxır, biri mandat alır, digəri xaricə getmək istəyənlərə partiya bileti satırmışlar. Siyasi bizneslə məşğul olan bu adamlar, təbii ki, nəyin bahasına olursa olsun tutduqları postları əldən verməz, qurultayın nəticələrini saxtalaşdırmalıydılar. Heyf, sıravilərin 20 illik əməyinə!"

Əli