ABŞ-ın Ermənistandakı səfirinin “tamah”ı Siyasət

ABŞ-ın Ermənistandakı səfirinin “tamah”ı

Mübariz Əhmədoğlu: "Heffern pula daha çox ehtiyaclıdır"

Cavid

Ermənistan mətbuatı ABŞ-ın Ermənistandakı səfiri Con Heffern İrəvan Dövlət Universitetinin müəllim və tələbələri görüş zamanı Dağlıq Qarabağ məsələsi ilə bağlı açıqlamasını yayıb.
Diplomat qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi nizamlanma nöqteyi-nəzərdən çox mürəkkəb münaqişədir.
"Həmsədr ölkələr – ABŞ, Fransa və Rusiya Ukrayna və digər məsələlərdəki müəyyən fikir ayrılıqlarına baxmayaraq, Qarabağ probleminin həlli istiqamətində birgə fəaliyyət göstərirlər. Həmsədr ölkələrin ATƏT-in Minsk qrupu formatını dəyişmək niyyəti yoxdur. Biz mövcud formatı qorumaq istəyirik", - deyə o vurğulayıb.
Dağlıq Qarabağda sülhməramlı qüvvələrin yerləşdirilməsi perspektivlərinə gəldikdə isə C. Heffern NATO qüvvələrin bu prosesində iştirak ehtimalının mümkün olmadığını vurğulayıb.
"Əgər münaqişə zonasında sülhməramlı qüvvələr yerləşdirilsə, bu sülhməramlı missiyaya hansı qüvvələrin cəlb ediləcəyi ilə bağlı sual yaranacaq. Çətin ki, bu, NATO qüvvələri olsun. İstənilən halda münaqişənin nizamlanması prosesinə paralel olaraq sülhməramlı qüvvələrə ehtiyac var", - deyə o qeyd edib.
Bununla belə diplomat qeyd edib ki, NATO Qarabağ probleminin həlli istiqamətində tərəflərin səylərini dəstəkləyir və ATƏT-in Minsk qrupu tərəfindən həyata keçirilən bütün prosesləri müdafiə edir.
Politoloq Mübariz Əhmədoğlu deyib ki, ABŞ-ın Ermənistandakı səfiri Con Heffern "erməni soyqırımı"nı tanımasa da, Ermənistana etdiyi yaxşılığa görə keçmiş səfirlərdən olmuş Con Evansdan üstündür.
Onun sözlərinə görə, C.Heffern Dağlıq Qarabağın "müstəqilliyini" tanıdığını rəsmən bəyan etməsə də, Dağlıq Qarabağ tənzimlənməsində Ermənistana verdiyi dəstək Ermənistan Prezidenti və nazirlərinin verdiyi dəstəkdən qat-qat çoxdur.
Politoloq qeyd edib ki, Dağlıq Qarabağ və "erməni soyqırımı" məsələlərində C.Hefferni özündən əvvəlki səfir, hazırda ABŞ Dövlət Departamentinin Qafqaz Məsələləri üzrə kuratoru Mari Yovanoviçlə müqayisə etmək olar. Fərq ondadır ki, M.Yovanoviçə nisbətən C.Heffern pula daha çox ehtiyaclıdır: "Ermənistan helikopterinin Azərbaycan ərazisində vurulmasından sonra Heffernin fəaliyyəti ilə bağlı ən yaxşı mənbə C.Heffernin özüdür: Birincisi, ABŞ Dövlət Departamentinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı rəsmi mövqeyini alt-üst edən Prezident B.Obamanın 2009-cu ildə Akvildə imzaladığı sənədi inkar edən səfir C.Heffern açıq etiraf etdi ki, helikopter vurulduqdan sonra dəfələrlə Ermənistanın müdafiə naziri və onun müavinləri ilə çoxsaylı görüşlər keçirib. ABŞ Dövlət Departamentini daimi məlumatlandırıb, məsələyə müdaxilə etməyə təhrik edib. İkincisi, səfir C.Heffern amerikalı həmsədr C.Uorlik vasitəsilə ATƏT MQ həmsədrlərinin iki dəfə bəyanat verməsinə nail olub. Verilən bəyanatların heç birində ekipajı Ermənistan vətəndaşı olan Ermənistan helikopterinin Azərbaycan Respublikasının Ağdam rayonu ərazisinə necə gəlib düşməsi ilə bağlı heç bir məlumat yoxdur".
Politoloq qeyd edib ki, üçüncüsü, Heffern hətta özünün bir az bundan əvvəlki bəyanatlarının və fəaliyyətlərinin ziddinə getdi: "Heffernə görə Dağlıq Qarabağın ətrafındakı ərazilərin və Dağlıq Qarabağın özünün statusu fərqlidir. Dağlıq Qarabağ ətrafındakı ərazilər Azərbaycana qaytarılmalıdır. Helikopter qəzasının baş verdiyi Ağdam rayonunun ərazisinin statusunu ört-basdır etmək üçün əlindən gələni etdi. Səfir C.Heffernin digər əməlləri də ABŞ-ın deyil, Ermənistanın maraqlarına xidmət etdiyini göstərir. Ona görə sıralamanı davam etdiririk: Dördüncüsü, səfir C.Heffern Ermənistan İT mütəxəssislərinin ABŞ-a axınının təşkil olunmasında müstəsna rol oynayır. Onun İT sahəsində verdiyi təkliflərin Ağ Ev Administrasiyası tərəfindən rədd olunmasına baxmayaraq, C.Heffern fəaliyyətini bu istiqamətdə dayandırmadı. ABŞ-da erməni kriminallarının sayı sürətlə artır. ABŞ-dakı erməni etnokriminallığı əsasən, İT mütəxəssislərindən ibarətdir. Beşincisi, ABŞ-ın Ermənistandakı konsulu erməni İT mütəxəssislərinə ABŞ-a viza verilməsinə ciddi məhdudiyyət qoyub. ABŞ Dövlət Departamentinin strukturu olsa da ABŞ-ın Ermənistandakı Konsulluğu həm də fəaliyyətini ABŞ-ın hüquq mühafizə və xüsusi xidmət orqanları ilə də koordinə edir. Səfir Heffern isə müxtəlif variantlarla erməni İT mütəxəssislərinin ABŞ-a axınını təşkil edir. ABŞ-ın Ermənistandakı Konsulluğunun erməni İT mütəxəssislərinə ABŞ-a viza verilməsinə ciddi məhdudiyyət qoymasından sonra Oracle (ABŞ) şirkəti Ermənistandan İT mütəxəssislərini toplayıb ABŞ-a aparmaq üçün Yerevanda fəaliyyətə başladı. Oracle şirkətinin təsisçisi yerevanlı İ.Xalatyandır".
M.Əhmədoğlu qeyd edib ki, altıncısı, Qrinkard məsələsi də normal məntiqlə izah olunmur. ABŞ konqresi ildə əlli min qrinkard ayırır. Məqsəd, ABŞ- da az təmsil olunan dövlətlərin və ya xalqların nümayəndələrinin ABŞ -a gəlişini artırmaqdır: "2009-cu ildən başlayaraq hər il Ermənistan qrinkard qazanmaq sayəsində ön sıralarda gedir. Səfir Heffernin dövründə bu rəqəm daha yüksəyə qalxdı. 2014-cü ildə 2049 erməni ailəsiqrinkard "udub". Bu 6147 erməninin ABŞ-da ABŞ hökumətinin hesabına yaşaması deməkdir. ABŞ-da yarım milyon erməni yaşayır. Bir neçə şəhər tam ermənilərlə məskunlaşıb. ABŞ -dakı ermənilər Kaliforniya ştatında qərar qəbul etdirmək gücündədir. Ola bilər ki, ABŞ-dakı ermənilər sayca afroamerikalılardan, ispanlardan, çinlilərdən, yunanlardan, irlandlardan az olsun. Amma 200 dövlətin içərisində sayına görə ermənilər ABŞ -da ən azı ilk 20-likdədir. Belə olan halda ABŞ konqresinin təsdiq etdiyi, ABŞ Dövlət Departamentinin reallaşdırdığı, Ermənistanda səfir C.Heffernin nəzarət etdiyi proyektdən seçilməli olan 50 min nəfərin 6147-sinin Ermənistandan seçilməsini yalnız korrupsiya faktoru ilə izah etmək olar".
Politoloq vurğulayıb ki, Ermənistanın rəsmi rəqəmlərinə istinad edib sadə hesab əməliyyatı aparsaq qrinkardın Ermənistan üçün uyğun rəqəmini tapmaq olar. Bu 208 ailə və ya 624 nəfərdir:
"Maraqlı müqayisə: Gürcüstanın ABŞ-a münasibətibirmənalı müsbətdir. ABŞ da Gürcüstana hərtərəfli siyasi dəstək verir. ABŞ-dakı gürcülərin sayı ABŞ-dakı ermənilərin sayından dəfələrlə azdır. Gürcüstanın əhalisi Ermənistanın əhalisindən 2 dəfə çoxdur. Gürcüstanda qrinkard alan ailələrin sayı 804-dür. Azərbaycanda isə bu rəqəm 454-dür. ABŞ konqresi bu il Dağlıq Qarabağın "müstəqilliyinin" qeyd olunmasını yubatdı. Azərbaycanın gördüyü iş müəyyən qədər özünü göstərdi. Yalnız həmsədr C.Uorlik izah verdikdən sonra ABŞ konqresində Dağlıq Qarabağın "müstəqilliyinin" gec də olsa qeyd edildi. O da maraqlıdır ki, ilk addım kimi məhz Uorlik Dağlıq Qarabağın təmsilçisi A.Qulyanı qəbul etdi. Sonra konqresdə "müstəqillik" qeyd edildi. Hər-halda səfir C.Heffern C.Uorliki də korrupsiya sxeminə qoşub. ABŞ tarixində heç bir həmsədr C.Uorlik qədər açıq- aşkar ermənipərəst mövqedə dayanmayıb. Səfir C.Heffernin bu davranışı dəhşətdir və Amerika xarici siyasətinin iflasda olduğunu göstərir. ABŞ boyda nəhəng dövlətin səfiri C.Heffern Ermənistanın məmuru funksiyasını yerinə yetirməyi ABŞ-ın diplomatı olmaqdan daha üstün və şərəfli hesab edir. C.Heffern ABŞ Dövlət Departamentinə, onun daxili quruluşuna ən yaxşı bələd olanlardan biridir. Yaşlanmış səfir Ermənistanda vəzifədən çıxarılsa da, başqa bir yerə təyinat almağı barədə məlumat yoxdur. Ona görə, C.Heffern ABŞ-da normal şəraitdə yaşaya biləcəyinə ümidi azdır. Məhz bu səbəbdən də, açıq-aşkar ermənilərlə sövdələşməyə gedib özünün bu gününü və gələcəyini qurur".