Zəfər paradı qələbəmizi bütün dünyaya nümayiş etdirdi - Vitse-spiker Siyasət

Zəfər paradı qələbəmizi bütün dünyaya nümayiş etdirdi - Vitse-spiker

Dekabrın 10-da keçirilən möhtəşəm Zəfər paradı Azərbaycanın gücünü və tarixi Qələbəmizi bütün dünyaya bir daha nümayiş etdirdi. Zəfər paradı müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun 44 gün davam edən “Dəmir yumruq” hərbi əməliyyatında qazandığı tarixi Qələbənin təcəssümü oldu. Şanlı Ordumuz işğal altında olan ərazilərimizi birdəfəlik işğaldan azad etməklə düşmən üzərində misli görünməmiş Qələbə qazandı. 30 il həsrət qaldığımız Vətən torpaqlarında indi artıq üçrəngli Azərbaycan bayrağı dalğalanır ki, bu da hər birimizə böyük qürur və fəxarət hissi yaşadır.

Zəfər paradında nümayiş etdirilən texnikalar eyni zamanda ölkə başçısı tərəfindən hərbi sahəyə göstərilən diqqət və qayğının nəticəsidir. Ordumuzun maddi-texniki bazasının zənginliyi, istifadəsində olan texnika və silah-sursatın bir hissəsi paradda əyani şəkildə nümayiş etdirildi. Hər kəs Azərbaycan Ordusunun arsenalının müasir silahlarla təchiz edildiyinin əyani şahidi oldu. Ölkəmizin 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi döyüş taktikası, istifadə olunan texnikalar bütün dünyada maraqla izlənilirdi. Bu gün iftixarla deyə bilərik ki, Azərbaycan Ordusu hərbi əməliyyatlar zamanı ən yüksək səviyyədə innovativ yenilikləri tətbiq edən ordudur.

Paradda nümayiş etdirilən silahlar dostlarımıza rahatlıq, düşmənimizə qorxu verir. Məlumdur ki, 44 günlük Vətən müharibəsində apardığımız azadlıq mübarizəsi zamanı silah-sursatını qoyub qaçan, fərarilik edən işğalçı Ermənistan ordusuna məxsus xeyli texnika və silah-sursat hərbi qənimət olaraq götürülübdür. Döyüşlərdə Ermənistan silahlı qüvvələrinə məxsus hərbi texnikanın xeyli hissəsi məhv edilib, saz vəziyyətdə ələ keçirilənləri isə qənimət olaraq Azərbaycan Silahlı Qüvvələrinin sərəncamına verilibdir. Əminik ki, o texnikaların yerini doldurmaqda Ermənistan hakimiyyəti xeyli müddət çətinlik çəkəcəkdir. Bakının Azadlıq meydanından keçən hərbi texnikaların sırasında vaxtilə Ermənistana məxsus olan texnikaların da yer alması sevindirici məqam idi. Bu. milli qürur və iftixar doğururdu.

Azərbaycan xalqı qardaş Türkiyə ilə birlikdə Bakının Azadlıq meydanında möhtəşəm Qələbəsinin Zəfər paradını keçirərkən Ermənistan hələ də daxili çaxnaşmalarla, etiraz mitinqləri ilə çalxalanırdı. Hadisələrin gedişatı göstərir ki, 44 günlük müharibədəki acı məğlubiyyət Ermənistanın və onun havadarlarının onilliklər boyunca yürütdükləri təcavüzkar siyasətin süqutudur.

Bir məqamı da qeyd edək ki, Ermənistanın faşist hakimiyyəti üzərində Qələbə qazanmaqla Azərbaycan dövləti Ermənistanın indiyədək icra etmədiyi BMT qətnamələrini icra etdi. Kapitulyasiya aktı Ermənistanı diz çökməyə və işğal altında saxladığı Azərbaycan torpaqlarını qaytarmağa məcbur etdi. Ermənistan hər addımda kobud şəkildə pozduğu beynəlxalq humanitar hüququn prinsipləriniə riayət etməyə məcbur edildi. Əlbəttə, bu məsələ yalnız Ermənistanın məğlubiyyəti ilə bitməyəcək, işğalçı Ermənistan 30 il ərzində Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarına və çoxsaylı hərbi cinayətlərə görə də beynəlxalq hüquq qarşısında cavab verəcəkdir.

Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın ölkəmizə səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə Zəfər paradını izləməsi, həmçinin ölkələrimiz arasında müxtəlif sahələrə dair bir sıra mühüm sənədlərin imzalanması Azərbaycanla Türkiyə arasındakı dostluq və qardaşlığın daha bir əyani təzahürü oldu.

Zəfər paradında xalqımızın yaşadığı qürur yaddaşlara əbədilik həkk olundu. İndi əminliklə deyə bilərik ki, artıq tarixi bir missiya başa catdı və Qarabağ problemi beynəlxalq hüququn tələblərinə uyğun olaraq, ölkəmizin ərazi bütövlüyü çərcivəsində həll edildi. Bizə bu Qələbəni yaşadan müzəffər Ali Baş Komandanımıza, rəşadətli Azərbaycan Ordusuna, Vətən torpaqları uğrunda canlarından keçən igid oğullarımıza minnətdarıq!

Zəfərimiz mübarək olsun!

Adil Əliyev,

Milli Məclis Sədrinin müavini