Zəfər Paradı göstərdi ki, Azərbaycanla Türkiyə regionumuz üçün hələ çox layihələrə imza atacaqlar - Ekspert Siyasət

Zəfər Paradı göstərdi ki, Azərbaycanla Türkiyə regionumuz üçün hələ çox layihələrə imza atacaqlar - Ekspert

Bakıda keçirilmiş böyük qələbə paradı bütün regionumuzun gələcəyinə dair bir sıra istiqamətlərdə təsirli mesajlar verən tarixi hadisədir.

Bunu açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib. O bildirib ki, paradda Azərbaycanın hərbi potensialının təmsil olunması ilə bərabər, qardaş Türkiyə hərbçilərinin də iştirakı 10 dekabr paradının mahiyyətini daha da gücləndirən faktordur: "10 dekabr paradında Azərbaycan və Türkiyə prezidentlərinin tam eyni mövqe nümayiş etdirmələri regionumuzda sülh və əməkdaşlığın böyük gələcəyinə inamı daha da möhkəmləndirdi. Cənubi Qafqazın daxili işlərinə pis niyyətli müdaxilə planları ilə yaşayan kənar qüvvələr burada Azərbaycan-Türkiyə qardaşlığı kimi yenilməz sabitləşdirici tandemin mövcudluğunu bir daha gördülər. Cənubi Qafqazın taleyi üçün önəmli təsir gücünə malik Azərbaycan-Türkiyə birliyinin səmimi Əliyev-Ərdoğan dostluğu kimi möhkəm əsasın üzərində dayandığını hər kəs gördü. Zəfər Paradı göstərdi ki, Azərbaycanla Türkiyə regionumuz üçün hələ bir çox yeni inkişaf və rifah layihələrinə imza atacaq. Heç şübhə yoxdur ki, Əliyevin və Ərdoğanın çıxışları regionumuzu öz maraq dairələrindəki məsələlər sırasında nəzərdən keçirən bütün kənar qüvvələr tərəfindən dönə -dönə təhlil ediləcək. Birgə hərbi paradın dünyaya və region qüvvələrinə ən pozitiv mesajı budur ki, hərtərəfli Azərbaycan-Türkiyə əməkdaşlığı birmənalı şəkildə regionumuzun mənafelərinə işləyir. Parad nümayiş etdirdi ki, Azərbaycan silahlı qüvvələrinə qardaş Türkiyənin siyasi, diplomatik, mənəvi və humanitar dəstəyi istənilən təcavüzü və onun nəticələrini dəf etməyə qadirdir. Zəfər paradı Türkiyə -Azərbaycan birliyinin hər iki cəmiyyətdən gələn sifariş və tələbat olduğunu əyani şəkildə göstərdi. Azərbaycan və Türkiyənin hərbi qüvvə və potensiallarının bir-birinin gücünə güc qatdığına bir daha əminlik yarandı".

Baş redaktor deyib ki, Zəfər Paradı erməni faşizminin çox ağır mirası üstündən keçən regionumuzun həm də geniş inkişaf perspektivlərinə malik olduğunu təsdiqlədi: "Prezidentlərin yeni geniş əməkdaşlıq formatları barədə bəyanatları regionumuza kənardan mütərəqqi maraqları daha da artıracaq. Azərbaycanla Türkiyənin açdığı yeni işbirliyi mühitində digər uzaq ölkələrin də fayda götürmələrinə imkanlar açılır. İlham Əliyevlə Ərdoğan regionumuzda sülh və rifahın yeni dövrünü reallaşdırır. Azərbaycanın indiyədək Cənubi Qafqazda iki və daha çoxtərəfli əməkdaşlıq formatlarnın əsas yaradıcısı olduğuna hamı praktik şəkildə bələddir. Prezident İlham Əliyevin mövcud iki və çoxtərəfli formatların daha geniş vahid əməkdaşlıq formatı halnda birləşdirilməsinə dair ideyası bütün regionumuzun geosiyasi və geoiqtisadi mənzərəsində yeni mərhələ açacaq. Prezident Ərdoğanın 6-lıq formatı barədə fikirləri bütün mənalarda iki qardaş ölkənin Avrasiya kontingentində həlledici qüvvəyə çevrildiyinə heç bir şübhə yeri qoymur. Azərbaycan Prezidentinin geniş əməkdaşlıq formatı əsasında regionda müharibə riskini sıfıra endirməyin mümkünlüyü barədə bəyanatı bütün dünyanın təhlükəsizlik syrategiyasına töhfə vermək baxımından əhəmiyyətlidir. Azərbaycan -Tütkiyə birliyi ilk növbədə təcavüzkar Ermənistana göstərdi ki, geniş əməkdaşlıq formatlarına səmimi şəkildə qoşulmaqdan kənarda heç bir inkişaf perspektivi yoxdur".

Siyasi ekspert deyib ki, 10 dekabr paradının möhtəşəm görüntülərindən biri onun hər iki ölkənin media və ictimaiyyətinin müstəsna diqqət mərkəzində olmasıdır: "Zəfər Paradı Cənubi Qafqazda bütün dağıdıcı və neqativ proseslərə son qoyulduğunu sübut edən hadisə kimi də əhəmiyyətlidir".