16:05
406
Pakistanın Bakıdakı Səfirliyi Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Pakistan Dili və Mədəniyyəti Mərkəzi ilə birgə bu gün “Dillər arasında körpü: Azərbaycan–Urdu ədəbi tərcümələrinin təqdimatı” adlı ədəbi tədbir təşkil edib.
Xalqcebhesi.az xəbər verir ki, tədbir çərçivəsində pakistanlı motivasiya spikeri və yazıçı Qasim Əli Şahın “Towards the Goal” (“Mənzilə doğru”) əsərinin Azərbaycan dilinə tərcüməsinin, eləcə də Azərbaycanlı akademik və alim, Azərbaycan Dillər Universitetinin rektoru professor Kamal Abdullanın “Sehrbazlar dərəsi” əsərinin urdu dilinə tərcüməsinin təqdimatı keçirilib.
Tərcümə olunmuş əsərlər Pakistan və Azərbaycan arasında ədəbi və mədəni mübadilələrin inkişaf etdiyini nümayiş etdirir.
Tədbirin açılışını Pakistanın federal təhsil və peşəkar təlim üzrə dövlət naziri zati-aliləri Vəcihə Qəmər edib.
Azərbaycan Respublikası Milli Məclisinin deputatları Tamam Cəfərova və Rizvan Nəbiyev iki qardaş ölkə arasında mövcud olan tarixi əlaqələri yüksək qiymətləndiriblər.
Proqram çərçivəsində Virginiya Morqan-Hayat tərəfindən Pakistanın zəngin və rəngarəng mədəniyyətini, irsini və təbiət mənzərələrini əks etdirən fotolardan ibarət sərgi də təqdim olunub. O, həmçinin Pakistanla bağlı şəxsi təcrübələrini və təəssüratlarını bölüşüb. Tədbirdə “Salam Pakistan” sənədli filmi də nümayiş etdirilib.
Qonaqlara Pakistan mətbəxinin müxtəlif təamları və şirniyyatları təqdim olunub.
Tədbir parlament üzvlərini, alimləri, yazıçıları, tələbələri, media nümayəndələrini və cəmiyyətin müxtəlif sahələrini təmsil edən qonaqları bir araya gətirib.
Tədbir Pakistan və Azərbaycan arasında çoxəsrlik dostluq münasibətlərinin və xalqlar arasında əlaqələrin möhkəmləndirilməsində ədəbi və mədəni mübadilələrin əhəmiyyətini bir daha vurğulayıb.
Cavid

