İran Hörmüz boğazını İsrail və düşmən gəmilərinə bağlayır Dünya

İran Hörmüz boğazını İsrail və düşmən gəmilərinə bağlayır

Strateji dəniz marşrutunun təhlükəsizliyi haqqında yeni qanun layihəsi qəbul ediləcəyi təqdirdə İsrailin, düşmən ölkələrin gəmiləri və hərbi yüklər daşıyan nəqliyyat vasitələri Hörmüz boğazından keçə bilməyəcək.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İran Məclisinin (parlamentinin) Milli Təhlükəsizlik Komitəsinin mətbuat katibi Həsən Qaşqavi bildirib.

"Sionist rejimə və düşmən dövlətlərə məxsus gəmilər, həmçinin bizə qarşı hərbi əməliyyatlar həyata keçirən və ya hərbi yüklər daşıyan gəmilər Hörmüz boğazından keçə bilməyəcəklər", - deyə parlament komitəsinin nümayəndəsi "Tasnim" agentliyinə müsahibəsində bəyan edib.

O, qeyd edib ki, digər düşmən olmayan dövlətlərin gəmiləri yeni qanunda göstərilən qaydalara uyğun olaraq İran Silahlı Qüvvələrinin Baş Qərargahından keçid üçün xüsusi icazə almalı olacaqlar.

Qaşqavi vurğulayıb ki, qanun layihəsi artıq profil komitəsində baxılıb və Məclisin açıq plenar iclasına çıxarılmasını gözləyir, bundan sonra sənəd Konstitusiyaya Keşikçilər Şurasının təsdiqinə təqdim olunacaq.

Məryəm Quliyeva