Uşaqlarda psixoloji problemlər niyə artır? Cəmiyyət

Uşaqlarda psixoloji problemlər niyə artır?

Son illərdə uşaqlar və yeniyetmələr arasında stress, narahatlıq, özünəqapanma və aqressiv davranışlarla bağlı müraciətlərin daha çox görünməsi bir sıra amillərlə əlaqəlidir.

Bunu psixoloq Nizami Orucov “Xalq Cəbhəsi”nə açıqlamasında deyib.

Psixoloqun sözlərinə görə, bu halların yaranmasında yalnız bir səbəb axtarmaq düzgün deyil. Onun fikrincə, uşağın ailə mühiti, məktəbdəki münasibətləri, sosial çevrəsi, sosial şəbəkələrdən istifadə səviyyəsi, təhsil yükü və şəxsi xüsusiyyətləri birlikdə rol oynayır.

Nizami Orucov bildirib ki, ailə münasibətləri bu məsələdə xüsusi əhəmiyyət daşıyır:

“Uşaq özünü ailədə təhlükəsiz və eşidilən hiss etmirsə, yaşadığı stressi ifadə etməkdə çətinlik çəkə bilər. Valideynlərin həddindən artıq tələbləri, davamlı müqayisə, tənqid, ailə daxilində konfliktlər və uşağın fikirlərinin nəzərə alınmaması onun emosional vəziyyətinə təsir göstərə bilər. Əksinə, uşağın dinlənildiyi və səhv etdikdə alçaldılmadığı ailə mühiti onun çətinliklərin öhdəsindən gəlməsini asanlaşdırır”.

Psixoloq məktəb mühitinin də uşaqların psixoloji vəziyyətinə ciddi təsir etdiyini vurğulayıb. O qeyd edib ki, uşaq məktəbdə özünü təhlükəsiz hiss etməli, müəllimlər tərəfindən hörmətlə qarşılanmalı və həmyaşıdları arasında kənarda qalmamalıdır.

“Təhqir, bullinq, həddindən artıq rəqabət və uğursuzluğa görə daim təzyiq göstərilməsi uşağın narahatlığını artıra bilər”, - deyə Nizami Orucov əlavə edib.

Onun sözlərinə görə, sosial şəbəkələr də yeniyetmələrin psixoloji vəziyyətinə təsir edən amillər sırasındadır. Yeniyetmələr özlərini davamlı olaraq başqaları ilə müqayisə edə, sosial mediada insanların əsasən həyatlarının ən yaxşı tərəflərini paylaşması isə onlarda “hamı məndən daha yaxşı yaşayır” düşüncəsi yarada bilər.

Psixoloq bildirib ki, onlayn bullinq, mənfi şərhlər və sosial mediada qəbul olunmaq ehtiyacı da psixoloji gərginliyi artıra bilər.

Nizami Orucov təhsil yükünün də uşaqların psixoloji vəziyyətinə təsir etdiyini deyib:

“Uşaqdan daim yüksək nəticə gözlənilməsi, imtahan və qiymətlərlə bağlı həddindən artıq təzyiq göstərilməsi onda “mən yalnız uğurlu olduğum zaman dəyərliyəm” düşüncəsi yarada bilər. Təhsilin məqsədi yalnız yüksək qiymət almaq deyil, uşağın inkişafını təmin etmək olmalıdır”.

Həmyaşıd təzyiqinə də toxunan psixoloq xüsusilə yeniyetməlik dövründə bu amilin güclü təsir göstərə bildiyini qeyd edib. Onun sözlərinə görə, yeniyetmə qrupa qəbul olunmaq, dostları tərəfindən bəyənilmək və kənarda qalmamaq istəyir və buna görə bəzən öz istəmədiyi davranışları belə sırf qrupdan ayrılmamaq üçün edə bilər.

“Bu dövrdə valideynlə yeniyetmə arasında açıq ünsiyyətin olması xüsusilə vacibdir”, - deyə o vurğulayıb.

Psixoloq Azərbaycanda məktəblərdə psixoloji xidmət məsələsinə də münasibət bildirib. O hesab edir ki, əsas məsələ psixoloqun məktəbdə formal olaraq mövcud olması deyil, onun real və effektiv şəkildə fəaliyyət göstərə bilməsidir.

“Məktəb psixoloqu yalnız problem yarandıqda uşağı yanına çağıran şəxs kimi qəbul edilməməlidir. Psixoloq uşaqların emosional vəziyyətini izləməli, riskləri erkən müəyyənləşdirməli, müəllim və valideynlərlə əməkdaşlıq etməlidir. Bunun üçün məktəblərdə psixoloji xidmətlərin daha sistemli şəkildə qurulmasına ehtiyac var”, - deyə Nizami Orucov bildirib.

O əlavə edib ki, psixoloqların iş yükü, peşəkar hazırlığı və məktəbdəki fəaliyyət imkanları da nəzərdən keçirilməli, uşaqların psixoloji problemlərinə yalnız problem böyüdükdən sonra deyil, daha erkən mərhələdə müdaxilə edilməlidir.

Nizami Orucov valideynlərin və müəllimlərin psixoloji maarifləndirilməsinin də vacib olduğunu vurğulayıb. Onun sözlərinə görə, uşağın davranışındakı dəyişiklikləri ilk növbədə çox vaxt valideyn və müəllim müşahidə edir.

“Uşaq əvvəllər ünsiyyətcil olduğu halda birdən-birə özünə qapanırsa, yuxusu və davranışı dəyişirsə, məktəbə getmək istəmirsə və ya aqressiyası artırsa, bunu sadəcə “ərköyünlük” və ya “yeniyetməlikdir” deyib keçmək olmaz”, - deyə psixoloq qeyd edib.

Nizami Orucovun sözlərinə görə, əsas məqsəd uşağın problemini yalnız aradan qaldırmaq deyil, onun öz hisslərini tanımağı, ifadə etməyi və çətin vəziyyətlərdə kömək istəməyi öyrənməsinə şərait yaratmaqdır.

“Uşağın psixoloji sağlamlığına ən yaxşı investisiya isə onu yalnız nəticələrinə görə deyil, bir insan kimi görmək və dinləməkdir”, - deyə psixoloq əlavə edib.

Günel Elxan