
“Prezident çıxışında bu qurultayın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirilən ilk YAP qurultayı olduğunu, qarşıdakı dövr üçün isə müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik və güclü hərbi potensialın əsas istiqamətlər olaraq qalacağını vurğulayıb. Yeni Azərbaycan Partiyasının VIII Qurultayı həm partiyanın, həm də ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisədir. Xüsusilə bu qurultayın Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra keçirilməsi onun tarixi əhəmiyyətini daha da artırır. Prezident İlham Əliyevin də çıxışında qeyd etdiyi kimi, bu, artıq yeni reallıqlar şəraitində keçirilən qurultaydır”.
Bu fikirləri xalqcebhesi.az-a Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.
P.Vəliyeva qeyd edib ki, Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursun əsas prinsiplərinin dəyişməz qalması ilə bağlı fikirlər idi: “Dövlət başçısının vurğuladığı kimi, zaman keçdikcə taktiki və hətta müəyyən strateji məqsədlər dəyişə bilər, lakin müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik, güclü hərbi potensial və Azərbaycanın öz imkanlarından maksimum istifadə etməsi əsas xətt olaraq qalır. Mən hesab edirəm ki, bu yanaşma qarşıdakı mərhələnin mahiyyətini çox aydın ifadə edir. Azərbaycan artıq yeni siyasi, iqtisadi və geosiyasi reallıqların formalaşdığı mərhələyə daxil olub. Bu mərhələdə əldə olunmuş nailiyyətləri qorumaqla yanaşı, iqtisadi inkişafın davam etdirilməsi, insan kapitalının gücləndirilməsi, sosial rifahın daha da yüksəldilməsi və dövlətimizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi əsas prioritetlərdən olmalıdır”.
Deputatın sözlərinə görə, Prezidentin çıxışında Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi və ölkəmizin beynəlxalq müstəvidə artan roluna dair səsləndirdiyi fikirlər də xüsusi əhəmiyyət daşıyır: “Dövlət başçısı Azərbaycanın bu gün beynəlxalq aləmdə öz sözünü deyən və öz taleyini özü müəyyən edən ölkəyə çevrildiyini vurğuladı. Eyni zamanda, qarşıda duran vəzifələr sırasında müdafiə qabiliyyətinin və hərbi gücün daha da artırılmasının qeyd olunması Azərbaycanın əldə etdiyi sülh və təhlükəsizlik imkanlarının etibarlı şəkildə qorunmasına verilən əhəmiyyəti göstərir. Qurultayda sosial siyasətə də xüsusi diqqət yetirilməsi mühüm məqamdır. Prezident gələn ildən minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını bildirib və bunun Azərbaycan vətəndaşlarının rifahının yüksəldilməsinə yönəlmiş siyasətin davamı olduğunu qeyd etdi”.
O vurğulayıb ki, bütün bunlar göstərir ki, VIII Qurultay yalnız görülmüş işlərin yekunlaşdırıldığı tədbir deyil, həm də qarşıdakı dövr üçün yeni vəzifələrin müəyyənləşdirildiyi mühüm siyasi platformadır: “İnanıram ki, qəbul olunacaq qərarlar Yeni Azərbaycan Partiyasının daha da yenilənməsinə, cəmiyyətlə əlaqələrinin gücləndirilməsinə və qarşıya qoyulan yeni məqsədlərin həyata keçirilməsinə mühüm töhfə verəcək. Azərbaycanın qarşısında yeni imkanlar və yeni çağırışlar dayanır. Bu mərhələdə əsas məsələ əldə etdiyimiz tarixi nailiyyətləri qorumaq, dövlətimizin gücünü daha da artırmaq və inkişafı insanlarımızın rifahında davamlı nəticələrə çevirməkdir”.
Röya İsrafilova