PMCG: Orta Dəhlizin inkişafı yalnız tranzitlə məhdudlaşmamalıdır İqtisadiyyat

PMCG: Orta Dəhlizin inkişafı yalnız tranzitlə məhdudlaşmamalıdır

Orta Dəhlizin inkişafı yalnız tranzitlə məhdudlaşmamalıdır.

APA xəbər verir ki, bunu Policy and Management Consulting Group-un (PMCG) İdarə Heyətinin sədri, Gürcüstanın sabiq maliyyə naziri Aleks Aleksişvili Bakıda keçirilən CAMCA 2026 Regional Forumunun “CAMCA-nın inkişaf potensialının reallaşdırılması: Regional əməkdaşlığın siyasi əsasları” adlı plenar sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Orta Dəhlizin inkişafı yalnız coğrafi mövqe və tranzit imkanları ilə məhdudlaşmamalıdır.
“Əsas məsələ əlaqəlilik və iqtisadi əməkdaşlıqdır, dəhlizin özü deyil. Fiziki infrastruktur çox vacibdir, lakin bu, kifayət deyil. Əsas məsələlərdən biri ticarətdir”, - Aleksişvili deyib.

Onun sözlərinə görə, Orta Dəhliz region ölkələri üçün iqtisadi əməkdaşlığın yeni modellərinin formalaşdırılması baxımından tarixi imkan yaradır.

“İndi əməkdaşlıq yolu tapmaq və regional əməkdaşlığın bir hissəsi kimi iqtisadi artım modellərini formalaşdırmaq üçün tarixi və unikal şansımız var”, - o qeyd edib.

Aleksişvili vurğulayıb ki, regional əlaqəlilik yalnız ticarəti deyil, kapitalın, əmək və bacarıqların hərəkətini, eləcə də institusional çərçivələrin inkişafını əhatə edir.

O, həmçinin regionda infrastrukturun səmərəli fəaliyyətinin təmin edilməsi və ölkələr arasında qarşılıqlı fəaliyyət imkanlarının genişləndirilməsinin vacibliyini qeyd edib.

Aleksişvili regional layihələrin maliyyələşdirilməsi məsələsinə də toxunaraq, bank sektorunun inkişafına baxmayaraq, bank olmayan maliyyə sektorunun daha da inkişaf etdirilməsinə ehtiyac olduğunu bildirib.