Ulu Öndərdən Zəfərə uzanan dövlətçilik yolu Gündəm

Ulu Öndərdən Zəfərə uzanan dövlətçilik yolu

Azərbaycanın müstəqillik tarixində Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışı milli dövlətçilik tariximizin ən mühüm dönüş nöqtələrindən biridir. 1993-cü ildə xalqın iradəsi ilə hakimiyyətə qayıdan Ulu Öndər ölkəni mürəkkəb siyasi, iqtisadi və hərbi böhrandan çıxararaq müstəqil dövlətçiliyin möhkəm əsaslarını formalaşdırdı.

Bunu xalqcebhesi.az-a Politoloq Əfəndi İbrahimli deyib.

"3 oktyabr 1993-cü il Azərbaycan xalqının yaddaşında xüsusi tarixi əhəmiyyət daşıyan günlərdən biridir. Məhz həmin gün keçirilmiş prezident seçkilərində xalq öz iradəsini nümayiş etdirərək Heydər Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu seçim ölkəmizin dövlətçilik tarixində yeni mərhələnin başlanğıcı oldu. Ulu Öndərin xalqın etimadını qazanaraq Prezident seçilməsi Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, sabitliyin təmin olunması və dövlət quruculuğunun sürətləndirilməsi istiqamətində mühüm dönüş yaratdı" - o, vurğulayıb.

Politoloq qeyd edib ki, Heydər Əliyev Azərbaycan dövlətçiliyinin inkişaf strategiyasını müəyyənləşdirdi, milli həmrəyliyi və dövlət institutlarını gücləndirdi, ölkənin iqtisadi potensialının artırılması və beynəlxalq mövqelərinin möhkəmləndirilməsi üçün mühüm addımlar atdı. Onun siyasi irsi Azərbaycanın gələcək inkişafı üçün möhkəm dövlətçilik məktəbinə çevrildi:

"Bu böyük siyasi irsin müasir mərhələdə layiqli davamçısı Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev oldu. Prezident İlham Əliyev Ulu Öndərin müəyyən etdiyi siyasi kursu yeni dövrün reallıqlarına uyğun şəkildə davam etdirərək Azərbaycanın iqtisadi, siyasi və hərbi qüdrətini daha da artırdı.

2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan Tarixi Zəfər və 2023-cü ildə Azərbaycanın bütün ərazisində suverenliyin tam bərpa olunması bu dövlətçilik yolunun ən mühüm tarixi nəticələrindən oldu".

Ə.İbrahimli deyib ki, Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın möhkəm təməlini yaratdı, Müzəffər Ali Baş Komandan İlham Əliyev isə həmin təməl üzərində Azərbaycanı Tarixi Zəfərə apardı. Bu gün ərazi bütövlüyü və suverenliyi tam təmin edilmiş Azərbaycan Ulu Öndərin dövlətçilik ideyalarının və onların müasir mərhələdə uğurla davam etdirilməsinin parlaq nəticəsidir.

Cavid