“Türkiyə Rusiya əlaqələri bizim üçün önəmli faktordur” Siyasət

“Türkiyə Rusiya əlaqələri bizim üçün önəmli faktordur”

Xələf Xələfov: "İki dövlətin münasibətlərinin yaxşılaşması münaqişənin həllinə müsbət təsir edə bilər"

Nazim Cəfərsoy: "Azərbaycan üçün siyasi, iqtisadi və təhlükəsizlik aspektləri baxımından manevr imkanı yarana bilər"

"Xəzərin statusu ilə bağlı işlər davam etdirilir, hələ ki, elə bir yenilik yoxdur". Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. Bundan başqa, o, Gürcüstanla sərhəd-keçid məntəqəsinin açılışına da münasibət bildirib. O deyib ki, bu iki ölkə arasında iqtisadi əməkdaşlığı daha da artıracaq: "Gürcüstanla Azərbaycan arasında iki sərhəd-keçid məntəqəsi yaradılacaq. Azərbaycanla Gürcüstan arasında sərhəd və digər məsələlərdə heç bir problem yoxdur. Bu gün yeni sərhəd-keçid məntəqələri açılır. Bu da ehtiyacdan irəli gəlir. Bizim ölkələr arasında iqtisadi və siyasi münasibətlər yüksək səviyyədədir. Münasibətlərimiz daha da inkişaf edir, möhkəmlənir. İnsanlar arasında təmas artır. Ona görə də həm iqtisadi, həm də humanitar əlaqələr imkan verir ki, yeni sərhəd-keçid məntəqələri yaradılsın". Nazir müavini Türkiyə ilə Rusiya əlaqələrinin bizim üçün də önəmli faktor olduğunu deyib: "Bizim hər iki ölkə ilə dostluq, tərəfdaşlıq münasibətlərimiz var. Onların münasibətinin yaxşı olması önəmlidir. Bu yaxınlaşma Azərbaycanın maraqlarına uyğundur və biz bunu alqışlayırıq". Rusiya və Türkiyənin Azərbaycana qonşusu, regionun nüfuzlu dövlətləri olduğunu xatırladan X.Xələfov, Azərbaycanın hər iki dövlətə yüksək etimad münasibətinin olduğunu vurğulayıb: "Bu baxımdan da hər iki dövlət arasında münasibətlərin yaxşılaşması, getdikcə yüksək səviyyədə olması Azərbaycanın maraqlarını təmin edir". "İki dövlət arasında münasibətlərin yaxınlaşması Dağlıq Qarabağ münaqişəsinin həllinə necə təsir edə bilər?" - sualına X.Xələfov belə cavab verib: "Regiondakı münaqişələrin həll edilməsi hər kəsin marağındadır. Nəzərə alsaq ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vasitəçidir, Türkiyə Ermənistanla da qonşudur, bu o deməkdir ki, iki dövlətin münasibətlərinin yaxşılaşması münaqişənin həllinə müsbət təsir edə bilər. Biz də bunu gözləyirik".
Rusiya Türkiyə yaxınlaşması həqiqətənmi Qarabağ probleminin həllinə təsir edə bilər? Ümumiyyətlə bu yaxınıaşma Qərb tərəfindən necə qarşılanır?
"Atlantic Sentinel"in informasiya-analitik saytının baş redaktoru, şərhçi Nika Ottensa deyib ki, Rusiya-Türkiyə yaxşınlaşması Qərb üçün təhlükədir. O bu mövzuda yazdığı məqalədə vurğulayıb ki, Rusiya və Türkiyə liderləri Vladimir Putin və Rəcəb Tayyip Ərdoğan dekabrın 1-də iki ölkə arasında energetika sahəsində əlaqələrin genişlənilməsi haqqında danışıblar. Rusiya-Türkiyə münasibətləri problem olaraq qalır, amma əməkdaşlığın perspektivi Qərb üçün strateji təhlükə təşkil edir. V.Putin Ankarada mətbuat konfransında bildirdi ki, Türkiyə üçün növbəti ildə qazın idxalında 6 faiz endirim olacaq. O, həmçinin planlaşdırılan "Cənub axını" boru kəməri layihəsindən imtina etdiklərini söylədi, hansı ki, Rusiya qazı Avropaya Qara dənizin dibi üzrə getməli idi. Bunun əvəzinə boru kəməri Türkiyə istiqamətinə yönəldiləcək. Onun sözlərinə görə, ancaq Rusiya-Türkiyə münasibətlərinin yaxşılaşması energetika təhlükəsizliyindən başqa, Avropa üçün təhdid təşkil edir. Türkiyə NATO-un cənub-şərq lövbəri olan Qara dənizdə Rusiyanın iddialarının yoxlanılmasına xidmət edir. Çünki, Türkiyə Dardanel boğazına nəzarət edir və ona görə də Aralıq dənizində NATO hakimiyyətinin möhkəmlənməsində Rusiyaya mane ola bilər.
Türkiyə, həmçinin Qafqazda qərb yönümlü respublikalara, əsasən Gürcüstana, az dərəcədə də olsa, Azərbaycana Avropa ilə münasibətlərin dərinləşdirməsinə icazə verir.
Şərhçi belə bir xatırlatma da verib: "Rusiya-Türkiyə koalisiyası, əksinə, Rusiyaya Qara dənizdə və Qafqazda dominant rol oynamağa imkan verəcək. Bu barədə ABŞ prezidentinin Milli Təhlükəsizlik üzrə keçmiş məsləhətçisi Zbiqnev Bzejinski 15 il əvvəl "Böyük şahmat taxtası: Amerikanın hökmranlığı və onun geostrateji imperativləri" yazısında xəbərdarlıq edib. O proqnozlaşdırıb ki, Türkiyənin təkamülü və oriyentasiyası Qafqaz dövlətlərinin gələcəyi ilə bağlı olacaq".
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin (QAFSAM) sədr müavini Dr. Nazim Cəfərsoy bildirib ki, Türkiyə ilə Rusiya arasında əməkdaşlığın yenidən impuls qazanması isə xarici siyasətdə tarazlıq güdən Azərbaycan üçün siyasi, iqtisadi və təhlükəsizlik aspektləri baxımından manevr imkanı yarada və regionda getdikcə kəskinləşən güc tarazlığına yumşaldıcı təsir göstərə bilər: "Lakin verilən mesajlarda bu müsbət təsirin Rusiyanın postsovet məkanına artan marağının gətirdiyi risklərə, Cənubi Qafqazdakı tarazlığa və Qarabağ məsələsinə sirayət edəcəyinə dair işarə yoxdur. Bəlkə də bunun üçün ilkin mərhələdə İŞİD təhlükəsi, Ukrayna böhranı və enerji əməkdaşlığı kimi mövzuları müzakirə edəcək Azərbaycan-Rusiya-Türkiyə üçlüyündən ibarət yeni bir format yaratmağa ehtiyac var. Bundan əlavə, Cənubi Qafqazda təhlükəsizlik və sülh kontekstində Qarabağ probleminin həlli məqsədini güdən Azərbaycan-Ermənistan-Rusiya-Türkiyə dördlüyündən ibarət yeni bir mexanizmin qurulması vaxtının da çatdığını iddia etmək olar".
Politoloq Zərdüşt Əlizadə isə hesab edir ki, Türkiyə və Rusiya arasında münasibətlərin inkişafı yalnız iqtisadi müstəvidə reallaşır və bu irəliləyişin Qarabağ probleminin həlli ilə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur:
Rusiya və Türkiyənin yaxınlaşması iqtisadi zəmində baş verən bir hadisədir. Siyasi müstəvidə isə bu ölkələrin mövqeləri arasında kifayət qədər ciddi fərqlər var. Istər Suriya, istər Qarabağ, istərsə də keçmiş sover respublikalarına münasdibətdə bu dövlətlərin yanaşması fərqlidir. Bu səbəbdən də iki dövlət arasında yalnız iqtisadi münasibətlərin inkişafından söhbət gedə bilər".
Politoloqun sözlərinə görə, Türkiyə-Rusiya yaxınlaşması ən yaxşı halda ermənilərin Türkiyəyə qarşı təzyiq və təxribatlarını azalda bilər:
"Rusiya hazırda xilas haqqında düşünür. Türkiyə isə ucuz qaz, habelə öz kənd təsərrüfatı və sənaye məhsulları üçün yeni bazar axtarışındadır. Bu baxımdan Qarabağın Türkiyə-Rusiya yaxınlaşmasına heç bir dəxli yoxdur. Ola bilsin ki, bu yaxınlaşma başqa bir formada Ermənistan-Türkiyə münasibətlərinə təsir etsin. Məsələn, Rusiya Ermənistana desin ki, Türkiyəyə yönəlik təxribatları azaltsın, bundan əl çəksin. Bu, ermənilərin Türkiyəyə yönəlik təzyiq və təxribatını azalda bilər. Lakin baş verənlərin Qarabağ probleminin həllinə heç bir aidiyyatı yoxdur".
Mütəxəssislər hesab edirlər ki, Moskva-Ankara yaxınlaşması Rusiya-Türkiyə-Azərbaycan geosiyasi üçbucağının yaranmasına gətirib çıxara bilər: "Bu isə Cənub Qafqazda ciddi dəyişikliklərə səbəb olar. O cümlədən Ermənistanın geosiyasi vəziyyətində bir sıra məqamlar özünü göstərər. Erməni ekspertlər isə bunu "Putinin ilk məğlubiyyəti" kimi xarakterizə edirlər. Onlar Rusiya prezidentinin qaz məsələsində Ankaraya güzəştə getməsini Qərbin sanksiyaları qarşısında Putinin geri çəkilməsi kimi səciyyələndirirlər.
Mümkündür ki, iki ölkə arasındakı əlaqələrin məhz bu ruhu bir sıra dairələri narahat edir. Onlar geosiyasi planda tarixi Rusiya-Türkiyə tərəfdaşlığının meydana gəlməsindən ehtiyatlanırlar...
Ancaq bunlar hələlik Rusiya-Türkiyə münasibətlərinin Avrasiya məkanında həlledici geosiyasi faktor olacağı anlamına gəlmir. Bu ssenarinin reallaşması mümkündür. Lakin reallıq bundadır ki, müasir mərhələdə meydana gözlənilmədən çoxlu sayda faktorlar çıxır... Eyni zamanda, Rusiya ilə Türkiyə arasındakı əlaqələrdən region dövlətlərinin də faydalana biləcəyini istisna etmək olmaz. Burada real vəziyyət mürəkkəb olsa da, ümumən Cənub Qafqaz üçün səmərəli proseslər start götürə bilər".

Əli