İsa Qəmbərin açıqlaması narazıları hiddətləndirib... Siyasət

İsa Qəmbərin açıqlaması narazıları hiddətləndirib...

Səxavət Əlisoy: "Sındırmaq, alçaltmaq kimi həbsxana leksikonundan istifadə etməyi ona yaraşdırmıram"

Hüseyn Məlik: "Nə bilirsə, açıqlasın"

Qubad İbadoğlu: "Əgər ayrı-ayrılıqda, konkret şəxslər barədə fərdi fikir bildirilsəydi, mən bu suala cavab verə bilərdim"

Tural Abbaslı: "ADR hərəkatı partiyadan kənarda deyil, partiyanın daxilində yaradılmalıydı"

Araz Əlizadə: "Müsavat partiyası artıq 10 ildən çoxdur ki, ölüb"

Müsavat Partiyasında vəziyyət gərginləşir. Narazıların yaratdığı Azərbaycan Demokratiya və Rifah Hərəkatı rayonlarda təşkilatlanmaqda, özü də Müsavatın sosial bazası hesabına genişlənməkdə davam edir. Sabiq Məclis sədri, fürsət gösləməkdə olan Arzu Səmədbəylinin "fövqəladə qurultay" ideyası fiaskoya uğrayıb. Qeyd edək ki, sabiq Məclis sədrinin tərəfdarları mediada, sosial şəbəkələrdə belə bir xəbər yayır, belə bir fikir formalaşdırırdılar ki, İsa Qəmbər seçimində peşman olub, fövqəladə qurultay keçiriləcək, Müsavatın bütövlüyünü təmin edəcək yeganə fiqur kimi Arzu Səmədbəyli başqan seçiləcək. İsa Qəmbərin "Yeni Müsavat"a və musavat.com saytına verdiyi müsahibə barış missiyasının və Arzu Səmədbəylinin başqan olmaq ümidlərini puça çıxarıb. İsa Qəmbər baş verən proseslərdə bir daha tərəf olduğunu göstərib, Arif Hacılını dəstəkləyib, narazıların hərəkətlərini pisləyib. Onun "narazıların sırasında elə adamlar var ki, onlar 2-3 il qabaqdan partiya ilə əlaqələri kəsmişdi" sözləri birbaşa Vurğun Əyyuba yönəlib.
Keçmiş başqanın "Sizin rəhbərliyiniz zamanı indi tərəf olan şəxslər çox uğurlu fəaliyyət göstərirdilər..." sualına cavabında işlətdiyi "mən onları sındırmaq istəmirəm" ifadəsi diqqətçəkən məqam olub. "Mən bu söhbətlərə qayıtmaq, fərdilərşdirmək istəmirəm, çünki dərinə getmək istəmirəm. Mən insanları aşağılamaq istəmirəm, adamları yüksəltmək istəyirəm. Kim Müsavat Partiyasında namusu, vicdanı, ləyaqəti ilə partiyaya, xalqa, cəmiyyətə xidmət edib, mən hər zaman o adamları yüksəltməyə, gücləndirməyə, onların cəmiyyətə təsirini artırmağa çalışmışam. Mən onların nöqsanlarını görəndə də onları aşağılamaq, sındırmaq, onların qüsurlarını ictimailəşdirib nüfuzdan salmaq istəmirəm", - deyə İsa Qəmbər vurğulayıb. O, həmçinin Qubad İbadoğlunu hakimiyyətə işləməkdə suçlayıb.
Qarşı tərəfi ən çox qıcıqlandıran məhz "sındırmaq" ifadəsi olub. Müsavatdan çıxarılan başqanlığa keçmiş namizəd Səxavət Əlisoy həbsxana jarqonunu İsa Qəmbərə yaraşdırmadığını açıqlayıb: "Sındırmalı adam kimdirsə, açıqlasın. Sındırmaq, alçaltmaq kimi həbsxana leksikonundan istifadə etməyi İsa bəyə yaraşdırmıram. Konkret kimdən və nədən danışdığını açıq söyləsin". Səxavət Əlisoy özünün İsa Qəmbərin qarşısında gözükölgəli olmadığını bildirib."Onun qarşısında nə gözüm kölgəlidir, nə də "ipotekam" var. Ad çəksin, lazımdırsa, ifşa etsin. Amma qaranlıq sözlər danışmasın", - deyə o, vurğulayıb.
İsa Qəmbərin keçmiş müşaviri, Qubad İbadoğlunun tərəfdarı Hüseyn Məlik də keçmiş başqanı açıq danışmağa çağırıb: "Nə bilirsə, açıqlasın. Əlindəki faktları ortaya qoysun. Şəxsən məni heç kim sındıra bilməz. Mən ittiham edən tərəfəm, ittiham olunan yox. Bu cür sözləri də İsa bəyə yaraşdırmıram. Şəxsən mənim haqqımda nə bilirsə, açıqlasın".
Müsavat Partiyasının üzvü, hazırda Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) yaradılması istiqamətində əsas təşəbbüskarlardan biri olan Qubad İbadoğlu partiyanın eks-başqanı İsa Qəmbərin iddialarına münasibət bildirərkən "əgər Müsavat Partiyasında təmsil olunan insanlar barədə ayrı-ayrılıqda, konkret şəxslər barədə fərdi fikir bildirilsəydi, mən bu suala cavab verə bilərdim",- deyə bildirib.
Qubad İbadoğlu ADR-in təşkilatlanması prosesinə də münasibət bildirib. O qeyd edib ki, proses istədikləri kimi getməsə də, müəyyən irəliləyişlər var: "Hərəkatın təşkilat komitəsində işlərin istədiyimiz kimi getdiyini deyə bilmərəm. Lakin ümumilikdə bu prosesi yaxşı qiymətləndirmək olar".
Müsavat partiyasının başqan müavini, Divan üzvü Səxavət Soltanlı isə "Müsavat partiyasının qurultayında Qubad İbadoğluna səs verən xeyli müsavatçı artıq "Nə yaxşı ki, Qubad İbadoğlu seçilməyib" deyirlər",-deyə diqqətə çatdırıb. Səxavət Soltanlı vurğulayıb ki, Qubad İbadoğlu konkret olaraq bu kimi müsahibələri ilə kimlərisə aldatmağa çalışır: "Qubad İbadoğlu yalan danışır. Kimlərəsə özünün əhəmiyyətinin qaldığını göstərmək istəyir. O, özünü heyf elədi. Hər keçən gün Qubad İbadoğlu bir az öz "tərəfdarları" hesab etdiyi insanların gözündən düşür. Bir neçə adam qalıb ki, Qubad İbadoğlu və Vurğun Əyyubla birlikdə siyasi "komikadzelik etmək" xətti tutublar. Onlara yazığım gəlir".
Qeyd edək ki, Qubad İbadoğlu Müsavatda növbədənkənar qurultay çağırılması üçün yaradılan təşəbbüs qrupunun fəaliyyətinə aydınlıq gətirərək "Son zamanlar Müsavat partiyasında baş verənlər onu göstərir ki, əslində əks proseslər gedir. Yəni Müsavat partiyası daxilində növbədənkənar qurultay çağırılması zərurətini dərk edənlərin sayı getdikcə artır və bu proses güclənəcək" sözlərini deyib.
Başqan müavini Elman Fəttah deyib ki, Müsavat Partiyası növbədənkənar qurultaya hazırlaşmır, gündəlikdə belə məsələ yoxdur. O, Qubad İbadoğlunun fikirlərinin heç bir əsası olmadığını vurğulayıb: "Qubad İbadoğlu öz fəaliyyəti ilə hər gün özünü Müsavat Partiyasından daha da uzaqlaşdırır. Mən hesab etmirəm ki, Müsavat Partiyasında Qubad İbadoğlunun tərəfdarı var və növbədənkənar qurultayı istəyənlərin sayı artır. Bu, tamamilə əsassız iddiadır".
Qeyd edək ki, narazılar ADR-in təşkilatlanma prosesinin Müsavatda narahatlıqla qarşılandığını bildiriblər. Əslində gənc müavinini irəli buraxmış Arif Hacılı və hətta İsa Qəmbər ADR-in yaranmasından narahatdırlar. Çünki ADR-də Müsavat partiyasının Məclis üzvləri də var. Onlar partiya tərəfindən "arzuolunmaz şəxs" elan olunmamış adamlardır. Ona görə də rayonlarda müsavatçılar ADR-in təsis yığıncaqlarına qatılırlar. Müsavat Qadınlar Təşkilatının sədri də ADR-in təsis yığıncaqlarında iştirak edir. Bu baxımdan yaxın günlərdə bu anlaşılmazlıq aradan qaldırılmasa, Müsavat partiyasında böhran dərinləşəcək. Arif Hacılı və komandası sərt addımlar atıb, ADR rəhbərliyini, bu qurumun təsis yığıncaqlarında iştirak edənləri partiyadan çıxarmalıdır. Əks halda Müsavatın sosial bazasında parçalanma sürətlənəcək. Müsavat rəhbərliyinin işi ictimai rəyə buraxaq taktikası artıq zərər verməyə başlayıb. Çünki ictimai rəy narazıların tərəfindədir. Bir sözlə, Hacılı riskə gedib sərt addımlar atmasa, Müsavatda ikitirəlik yaranacaq.
Müsavatdaxili fraksiya yaratmağa hazırlaşan keçmiş Divan üzvü Tural Abbaslı da Qubad İbadoğlunu ittiham edib. Tural Abbaslı ittihamçı mövqeyini belə əsaslandırıb ki, əslində, Qubad İbadoğlu ADR adlı hərəkat yaratmaqla narazıların mövqelərini başqan Arif Hacılıya təhvil verib: "Belə bir vəziyyətdə hərəkatın yaradılmasına ehtiyac yox idi. Belə ki, həmin addım bilavasitə partiya daxilində olan narazıların gücünün parçalanmasına, fikir ayrılığına və fraksiyanın yaradılmasında qeyri-müəyyənliyə səbəb olub. Nəticədə ictimai rəydə bizim tərəfimizdən fraksiyanın yaradılmasına inam azaldı. O cümlədən, belə bir fikir formalaşmağa başladı ki, biz Müsavatda qalacağıq, yoxsa yox". Tural Abbaslının fikrincə, ADR hərəkatı partiyadan kənarda deyil, partiyanın daxilində yaradılmalıydı: "Təşkilatın Müsavatdan kənarda yaradılması o anlamı daşıyır ki, narazılar partiya daxilindəki mövqelərini Arif Hacılıya və onu dəstəkləyən komandasına təhvil verir".
Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə "Müsavat partiyası artıq 10 ildən çoxdur ki, ölüb",- deyə vurğulayıb. Onun sözlərinə görə, Müsavat partiyası xeyli müddətdir ölüb, amma heç kəsin bundan xəbəri yoxdur. İsa Qəmbərin Arif Hacılını son günlərdə müdafiə etməsi bir daha onun niyyətindən xəbər verir: "İsa Qəmbər partiyadan getsə də faktiki olaraq Arif Hacılının simasında öz fəaliyyətini həyata keçirir. Çünki Arif Hacılı birbaşa İsa Qəmbərin ideyalarını həyata keçirir. Məhz buna görə də, İsa Qəmbər onu müdafiə edərək yenə də öz dırnaqarası fəaliyyətini davam etdirmək niyyətindədir".

Əli