“Azərbaycan ordusunun güclü olması çox vacib şərtdir” Siyasət

“Azərbaycan ordusunun güclü olması çox vacib şərtdir”

Elman Məmmədov: "Çünki, müstəqil dövlətin ordusu dövlətin müstəqilliyini qorumaq üçün güclü olmalıdır"

Aydın Hüseynov: "Azərbaycan xalqının orduya rəğbəti isə xüsusi əhəmiyyət kəsb edir"

Üzeyir Cəfərov: "Ermənistanın adının bu siyahıda olmaması tam normaldır"

Dünyanın ən güclü ordularının siyahısı açıqlanıb. "Global Firepower" saytının tətbiq etdiyi siyahıda Azərbaycan Ordusu da yer alıb. Siyahıya ABŞ başçılıq edir. Dünyanın ikinci ən güclü ordusu isə Rusiyaya məxsusdur. "Global Firepower" siyahını tətbiq edərkən ölkələrin nüvə silahlarını nəzərə almayıb. Burada quruda, havada və dənizdə ordunun imkanları nəzərə alınıb. Siyahıda üçüncü yeri Çin tutur. Hindistan, Böyük Britaniya, Fransa, Almaniya, Türkiyə, Cənubi Koreya, Yaponiya ilk onluqda yer alıb. Siyahıda 50-ci yerdə isə Azərbaycan Ordusudur. Ordumuz Belarus (52), Gürcüstan (64), Qazaxıstan (80) kimi ölkələrdən irəlidədir. Siyahıda ümumilikdə 106 ölkə yer alıb. Siyahıda Ermənistan ordusu yer almayıb.
Millət vəkili Elman Məmmədov deyib ki, Azərbaycan ordusunun dünyanın ən güclü ordular arasında olması çox vacib şərtlərdən biridir: "Çünki, müstəqil dövlətin ordusu dövlətin müstəqilliyini qorumaq üçün güclü olmalıdır". Millət vəkili vurğulayıb ki, Azərbaycan ordusu gün-gündən güclənməlidir: "Çünki, Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal olunub. Ona görə də ordumuz hər vaxt torpaqlarımız işğaldan azad etmək gücünə, qüdrətinə malik olmalıdır. Bu gün faktdır ki, Azərbaycan ordusu çox güclü, qüdrətli, bütün istiqamətlərdə yüksək səviyyədə hazırlıqlıdır. Əgər kənar qüvvələr, işğalçının havadarları mane olmasa, Azərbaycan ordusu istənilən vaxt torpaqlarımız işğaldan azad edə bilər və edəcəkdir". Elman Məmmədov qeyd edib ki, bu gün Azərbaycanın dövlət büdcəsindən ordumuza ayrılan vəsait bütövlükdə Ermənistanın dövlət büdcəsindən iki dəfə çoxdur: "Dilənçi vəziyyətində yaşayan, iqtisadiyyatı darmadağın olmuş bir dəstə cinayətkarın əlində cəmləşmiş dövlətin nə ordusu ola bilər? Bu gün onlar əvəzindən ordunun sözünü deyən onların havadarlarıdır. Buna ordu demək olmaz. Bu cinayətkarlardan, oğrulardan, terrorçulardan ibarət bir yığındır. Ona görə də Ermənistan ordusunun adı it dəftərində də yoxdur".
Yeni Azərbaycan Partiyasının siyasi şura üzvü, partiyanın Qaradağ rayon Təşkilatının sədri Aydın Hüseynov bildirdi ki, Azərbaycan ordusunun formalaşması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. O, hakimiyyətə gələndən sonra ordu quruculuğu mütəşəkkil formada aparıldı: "Son illərdə isə Azərbaycan ordusu güclü ordular sırasında yer alır. Bu ilk növbədə oradan qaynaqlanır ki, orduya dövlət qayğısı var. Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, ordusu Azərbaycanın işğal olunmuş torpaqlarını azad etməyə qadirdir. Ali Baş Komandanın orduya xüsusi diqqəti var və bunun sayəsində artıq silahlı qüvvələrimiz yüksək hazırlıq səviyyəsinə çatıb. Azərbaycan ordusuna Ermənistanın dövlət büdcəsi qədər maliyyə vasati ayrılır, müasir silah sursat, hərbi texnika ilə təchiz olunur. Azərbaycan xalqının orduya rəğbəti isə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan silahlı qüvvələrinin inkişafı, dünyada reytinq qazanması bizim iqtisadi, siyasi nailiyyətlətimizə, ölkə başçısının məqsədyönlü siyasətinə söykənir".
"Dünyanın ən güclü ordularının siyahısında Azərbaycanın da ilk 50 ölkə arasında olması müsbət haldır. Bu, ordudakı inkişafı göstərir. Bu cür siyahıların tərtib edilməsində BMT-yə təqdim edilən hesabatların da böyük rolu var",- deyən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, son illərdə Azərbaycanın silahlı qüvvələrində aparılmış işlər, hərbi texnikanın, silah-sursatın alınması da Azərbaycanın reytinqinin qalxmasına təsir edib. "O ki qaldı Ermənistana, bu ölkə həm iqtisadi, həm də hərbi cəhətdən Rusiyadan tam asılı bir dövlətdir. Buna görə də Rusiyada olan çətinliklər Ermənistana da öz təsirini göstərir və Ermənistanın adının bu siyahıda olmaması tam normaldır", - deyə ekspert əlavə edib.
Üzeyir Cəfərovun fikrincə, yaxın bir neçə ildə Azərbaycan ən güclü ordular siyahısında daha da irəliləyəcək. "Mənim fikrimcə, 2015-ci ilin ikinci yarısında tərtib olunacaq reytinq siyahısında Azərbaycan daha yüksək pillələrə qalxacaq", - deyə o əlavə edib.

Əli