“ABŞ dövlət katibi düzgün mövqe sərgiləyə bilməz” Siyasət

“ABŞ dövlət katibi düzgün mövqe sərgiləyə bilməz”

Musa Quliyev: "Con Kerrinin öncədən mövqeyi və maraqları bəllidir"

Qabil Hüseynli: "Kerri Dağlıq Qarabağ separatizmini müdafiə edən konqresmenlərdən biridir"

ABŞ konqressmenlərinin Qorbaçova ünvanladıqları məktubun üzə çıxmasından sonra Azərbaycan cəmiyyətində ABŞ-a qarşı münasibət kəskinləşib. Həta bildirilir ki, məktub müəlliflərindən olan Con Kerrinin indi ABŞ-da yüksək postda olması bu dövlətin Qarabağ danışıqlarında ədalətli mövqe tutmayacağı anlamına gəlir. Hətta ABŞ-ın həmsədrlikdən uzaqlaşdırılmasını istəyənlər də var. İş o yerə çatıb ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan məsələyə münasibət bildirmək məcburiyyətində qalıb.
"Amerika Birləşmiş Ştatları Azərbaycanın suverenliyini və müstəqilliyini birmənalı şəkildə dəstəkləyir və Dağlıq Qarabağ münaqişənin dinc yolla həlli mövqeyinə sadiqdir",- deyən müvəqqəti işlər vəkili belə bir məktubla tanış olmadığını söyləyib: "Mediada belə iddialar irəli sürülüb. Amma bu cür iddialar tamamilə yanlış və əsassızdır. ABŞ-ın Azərbaycanın suverenliyini və müstəqilliyini dəstəkləməsi uzun müddətdən bəri açıq şəkildə ortadadır və nümayiş olunur. Guya bizim ATƏT-in Minsk Qrupu çərçivəsində öz işimizə ciddi yanaşmamağımız və qərəzli olmağımızla bağlı iddialar da tamamilə yanlış və əsassızdır. Bizim Minsk Qrupunun həmsədr ölkələrindən biri kimi fəal yanaşmamız və iştirakımız, uzun müddətdən bəri davam edən münaqişənin sülh yolu ilə nizamlanması istəyimiz bariz şəkildə özünü göstərir. Yəni onu demək istəyirəm ki, bizim hər bir fəaliyyətimiz göz önündədir".
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev "ümumiyyətlə hesab edirəm ki, ABŞ dövlət katibi Con Kerri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həll olunması istiqamətində düzgün mövqe sərgiləyə bilməz",- deyə bildirib. Deputatın sözlərinə görə, artıq Con Kerrinin öncədən mövqeyi və maraqları bəllidir: "Hələ o senator olarkən orada olan erməni lobbiçilər tərəfindən "maraqlandırılmış" və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinə müraciət edən və onlara dəstək verən insanlardan biri olub. Bu gün onun hansı vəzifə tutmasından və hansı sözlər deməsindən asılı olmayaraq təbii ki, Con Kerrinin daxilində ədalət hissi pozulub. Bu mənada hesab edirəm ki, ya ConKerri, ya da digər başqa bir ABŞ siyasətçisi olsun o, öz mövqeyini bildirə bilər. Amma bu mövqe ədalətli mövqe olmayacaq. Bu kimi insanların ABŞ-da olması və belə düşüncə sahiblərinin hələ də Amerikada müxtəlif siyasi vəzifələrdə qalmaları təbii ki, ABŞ-ın özünün DQ-nın Minsk qrupunda həmsərlərdən biri kimi fəaliyyətinə kölgə salır".
Politoloq Qabil Hüseynli "Dağlıq Qarabağ hadisələrinin baş verdiyi dövrdə və qanlı Yanvar hadisələrindən sonra Sovet İttifaqı özünün apardığı təbliğat nəticəsində Qərbi inandıra bilmişdi ki, guya Azərbaycanda müsəlman fundamentalizmi hakimiyyəti ələ keçirmək istəyir və hətta Ermənistanı blokadaya almaq niyyətindədir",- deyə vurğulayıb. Q. Hüseynlinin sözlərinə görə, ABŞ faktları yoxlamadan SSRİ-nin ötürdüyü məlumatlar əsasında hərəkət edib: "Əvvəla ABŞ 20 Yanvar hadisələrində Moskvanın mövqeyini müdafiə edərək bunu dövlətin daxili işi kimi dəyərləndirdi. Bir sözlə, Qərb SSRİ-nin təbliğatı altında Qorbaçovun Bakıda törətdiyi qanlı cinayətləri dəstəklədi və hətta bir az da bundan uzağa getdi. Hətta o zaman bəzi konqresmenlər, o cümlədən Con Kerri Qorbaçova Dağlıq Qarabağın müstəqilliyini müdafiəsi, Ermənistanın Azərbaycan tərəfindən blokadaya alınmasına maneçilik törədilməsi və Dağlıq Qarabağda o zaman milli azadlıq hərəkatı kimi qələmə verilən separatçılıqla yanaşı, Ermənistandakı dinc proseslərin zərər çəkməməsi ilə bağlı məktub da göndərmişdi. Bütün bunlar başdan-ayağa məlumatsızlıqdan yaransa da, ancaq müəyyən qədər xristian təəssübkeşliyi var idi". Politoloq bildirib ki, həmin dövrdə Amerika və Qərb ölkələrində müsəlman fundamentalizminə qarşı mübarizə ideyası dəbdə idi: "Amerika bu proseslərə nəinki başçılıq edib, eyni zamanda, təəssüflər olsun ki, hətta əsas hərəkətverici qüvvələrindən biri olub. Bəli, Kerri Dağlıq Qarabağ separatizmini müdafiə edən və bəlkə də törədilən qiyamı milli azadlıq hərəkatı kimi qiymətləndirən ilk konqresmenlərdən biridir".
Milli Məclisin Müdafiə və təhlükəsizlik komitəsinin üzvü Aydın Mirzəzadə deyib ki, Qorbaçova müraciət edən senatorlar üçün ədalət, yaxud ABŞ marağı yox, özlərinin seçki kampaniyası və karyerası maraqlı idi: "Onlar, bəlkə də, həmin vaxt Bakının harada yerləşdiyini bilmirdilər. Erməni millətçi dairələrinə bağlı olduqlarına, seçki kampaniyalarında onların resurslarından istifadə etdiklərinə görə həmin müraciəti edirdilər. Nədənsə Ermənistanda yaşayan 200 min azərbaycanlı oradan qovulanda, evləri dağılanda, minlərlə insan öldürüləndə SSRİ rəhbərliyi Ermənistanda fövqəladə vəziyyət elan etmək və azərbaycanlı vətəndaşları qorumaq həvəsinə düşməmişdi. Aydın məsələdir ki, bunun içində böyük siyasi riyakarlıq, Azərbaycan xalqına qarşı böyük bir qəsd əhval-ruhiyyəsi dururdu ki, bu da 20 yanvarda baş verdi". O əlavə edib ki, həm Dağlıq Qarabağ məsələsi, həm də 20 Yanvar hadisələri bir mərkəzdən idarə olunurdu: "Bizə qəribə gələ bilər, ancaq əslində isə erməni diaspor təşkilatlarının necə oturuşmuş bir struktur olduğu, onların ayrı-ayrı ölkələrdə öz tərəfdarlarını vahid bir məqsəd üçün nə cür yönəltdikləri aydın məsələ idi. 1990-cı il 20 Yanvar hadisələrini erməni millətçi dairələri və onların təsiri altında olan SSRİ siyasi rəhbəriyi törətmişdi". Aydın Mirzəzadə söyləyib ki, həmin hadisələrin törədilməsində məqsəd Azərbaycan xalqının gözünü qorxutmaq, onun ərazi bütövlüyü uğrunda mübarizəsini dayandırmaq və Azərbaycanla Türkiyə hesabına Ermənistan ərazilərini genişləndirməkdən ibarət idi. "Bunun üçün mümkün olan və olmayan variantlardan istifadə edilirdi. Mixail Qorbaçov o dövrdə özünün erməni sevgisi ilə tanınırdı. Onun köməkçilərinin ikisi erməni idi. Rəhbərlik etdiyi Mərkəzi Komitənin iki vacib şöbəsinin müdiri erməni idi. Dövlət Plan Komitəsinin sədrinin birinci müavini erməni idi. Onun vaxtaşırı erməni millətçi ziyalıları ilə görüşləri olurdu. Hətta 1989-cu ildə Ermənistanda zəlzələ olanda Qorbaçov oraya getmişdi. O, erməni ziyalıları ilə görüşdə Qarabağı "Artsax" adlandırmışdı. Bu, erməni ictimaiyyətinə çox xoş gəlmişdi. 1990-cı ilin 20 yanvarı təxmini seçilmişdi. Başqa bir gündə, başqa bir ildə də ola bilərdi. Amma bu hadisə mütləq baş verməli idi. Çox maraqlıdır ki, daxili məsələ olduğu halda, Bakıdakı qırğına SSRİ-nin müdafiə naziri Dmitri Yazov rəhbərlik edirdi. Yazov bu yaxınlarda etiraf elədi ki, nədənsə, o vaxt Dövlət Təhlükəsizlik Komitəsinin sədri və daxili işlər naziri deyil, müdafiə naziri göndərilmişdi. Deyirdi ki, mən ölkəni xarici düşməndən qorumalı idim. Daxili işlərə mənim nə aidiyyatım var? Bu məqsədyönlü şəkildə edilirdi", - millət vəkili qeyd edib. O hesab edir ki, əgər həmin dövrdə Azərbaycan SSRİ rəhbərləri Vəzirov və Mütəllibov vətənpərvər olsaydı, əllərində olan imkandan istifadə edib qırğının qarşısını ala bilərdilər: "Əslində, onlar bunun iştirakçısı oldular. Bu məsələdə Moskvanın siyasətini həyata keçirdilər. 1988-ci ildə Ulu Öndər Heydər Əliyevin böyük siyasətdən uzaqlaşdırılması ilə Azərbaycana qarşı kampaniya sürət qazandı. Ancaq nəticə nə oldu? Həmin hadisədən 25 il keçib. Qorbaçov da, Yazov da, o birilər də geniş ictimaiyyətin suallarına cavab verməli olurlar. İndiyə qədər öz məsuliyyətlərinin altından qaçmağa çalışırlar. Erməni millətçilərinin qurduğu müstəqil Ermənistan dövləti əlini açıb bütün dünyadan pul dilənir. Ancaq üstünə gedilən, əhalisi qırılan, torpağının bir hissəsi işğal edilən Azərbaycan isə BMT Təhlükəsizlik Şurasının üzvüdür. Bu gün kosmik dövlətlər klubunun üzvüdür. Azərbaycan öz inkişafı ilə bütün dünyaya yaxşı bir nümunədir. Tarix kimin düzgün olduğunu çox obyektiv şəkildə ortaya qoyur", - Mirzəzadə vurğulayıb. Komitə üzvü Azərbaycana qarşı beynəlxalq səviyyədə qərəzin hələ o vaxtdan olduğunu da xatırladıb: "Erməni lobbisi ABŞ-da uzun müddət fəaliyyət göstərib. Onlar Azərbaycanın beynəlxalq çıxışının olmamasından istifadə edərək yalan təbliğat aparıblar. Nəticədə bu cür faktlar baş verib. Digər tərəfdən, bir sıra konqresmenlər indi olduğu kimi, o vaxt da pul, yaxud nəyinsə müqabilində ümumi siyasi kursu qurban veriblər. Bu gün Azərbaycana qarşı qərəzli tənqidləri ilə çıxış edənlərin mövqeyi 25 il öncədən formalaşıb. Con Kerrinin də anti-Azərbaycan çıxışlarının elementləri həmin dövrdən yaranıb. Lakin Azərbaycan artıq həmin ölkə deyil. Azərbaycan bu gün güclü və dünyanın qəbul etdiyi dövlətdir. Şəxsi maraqlarını düşünən, erməni lobbisinin əlaltılarına çevrilən konqresmenlərin canfəşanlığına baxmayaraq, Azərbaycanı heç bir qüvvə sarsıda bilməz", - deyə millət vəkili qeyd edib.
Millət vəkili, professor Musa Qasımlı qeyd edib ki, sözügedən müraciəti təhlil edərkən ilk növbədə belə bir suala cavab vermək gərəkir: "Müraciəti imzalayanlar o dövrdə Azərbaycanın, Ermənistanın harada yerləşdiyini bilirdilərmi?" Tarix elmləri doktoru ünvanlandığı suala cavabda söyləyib ki, heç şübhəsiz o senatorlar bu barədə bilmirdilər: "Həmin dövrdə Azərbaycan da, Ermənistan da müstəqil deyildi, SSRİ-nin tərkib hissəsi idilər. Belə olan təqdirdə soruşulur: Con Kerri və digərləri belə bir müraciəti edərkən hansı motivləri əsas götürüblər? Onlar ilk növbədə ermənilərin maraqlarını ifadə ediblər. ABŞ siyasi sistemini bilən hər bir şəxsə aydındır ki, istənilən senator və ya konqresmen heç bir zaman maliyyə və digər maraqları təmin edilmədən elə bir sənədə hissiyyatla qol çəkməzdi. Belə bir şəxsin bu gün Birləşmiş Ştatların xarici siyasətinə rəhbərlik etməsi ölkənin beynəlxalq nüfuzunu düşürür. Con Kerri Birləşmiş Ştatların dövlət katibi olandan bəri ABŞ-ın nüfuzu az qala sıfıra enib. ABŞ-a kimsə hörmət və etibar etmir, inanmır və ABŞ-ı arzuolunmaz qonaq hesab edir. Bütün bunlar hamısı Con Kerrinin həyata keçirdiyi və ABŞ milli maraqlarına xələl gətirən xarici siyasətin təzahürüdür. ABŞ-ın maraqları Ermənistanı müdafiə etməkdə deyil, bu, yanlış addımdır, ikili standartdır. Şübhəsiz belə bir müraciətin arxasında korporativ maraqlar dayanır".

Əli