“Onlar da Azərbaycan vətəndaşıdır” Siyasət

“Onlar da Azərbaycan vətəndaşıdır”

XİN Aİ-nin xüsusi nümayəndəsinin separatçı Dağlıq Qarabağ rejiminin "xarici işlər naziri" ilə görüşünə münasibət bildirib

"Azərbaycan tərəfindən dəfələrlə vurğulanıb ki, Azərbaycan Respublikasının Dağlıq Qarabağbölgəsinin azərbaycanlı və erməni icması arasında təmaslar olmalıdır. Avropa İttifaqı bu təmasların təşviq edilməsində öz rolunu oynaya bilər".
Bunu Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət HacıyevAvropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salberin Yerevan şəhərində separatçı rejimin qondarma "xarici işlər naziri" Karen Mirzəyanla görüşünə aydınlıq gətirərkən deyib.
Onun sözlərinə görə, bu görüş barədə Azərbaycan tərəfinin əvvəlcədən məlumatı olub: "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan ermənilər də Azərbaycan Respublikasının vətəndaşıdırlar. Avropa İttifaqının Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsi Herbert Salberin rəhbərlik etdiyi nümayəndə heyəti 2014-cü ilin oktyabr ayında Azərbaycanda səfərdə olan zaman Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ilə də görüşüb və münaqişənin həllinə dair onların baxışlarını dinləyib".