“ABŞ-Azərbaycan-İsrail strateji “üçbucağına” mane olan kimlərdir?” Siyasət

“ABŞ-Azərbaycan-İsrail strateji “üçbucağına” mane olan kimlərdir?”

Arye Qut "Azad Avropa" radiosunun Azərbaycanla bağlı iradlarına cavabını verib

Amerikada dərc edilən "Forum Daily" populyar yəhudi qəzetində beynəlxalq münasibətlər sahəsində ekspert, Hayfa Universitetinin doktorantı Arye Qutun "ABŞ-Azərbaycan-İsrail strateji "üçbucağına" mane olan kimlərdir?" sərlövhəli məqaləsi dərc edilib.
Məqalənin müəllifi Arye Qut qeyd edir ki, ABŞ-ın yəhudi lobbisi İsrail dövlətinin mənafelərini ləyaqətlə qoruyur və eyni zamanda, yəhudi dövləti ilə strateji tərəfdaşlıq münasibətlərinə malik olan ölkələrin mənafelərini dəstəkləməyə çalışır, bir neçə gün bundan əvvəl "Azad Avropa" radiosunun saytında dərc olunmuş məqalə isə həmin lobbini alçaldır və təhqir edir.
İsrailli ekspert yazır: "ABŞ Konqresinin sponsorluq etdiyi bu kütləvi informasiya vasitəsinin israilpərəst yəhudi lobbisini yalnız İsrail ilə çox yaxın münasibətləri olan Azərbaycan Respublikasını dəstəklədiyinə görə rüşvətxorluqda, korrupsiyada və az qala satqınlıqda ittiham etməsi heyrət doğurur.
Onlar Amerika Yəhudi Konqresinin icraçı direktoru Devid Harrisin bu sözlərini sitat gətirirlər ki, Azərbaycan ABŞ-ın və Qərbin mühüm strateji tərəfdaşı olmaqla bərabər, həm də İsrailin və yəhudi xalqının dostu və tərəfdaşıdır".
A.Qut soruşur: görəsən, Yəhudi Konqresi rəhbərinin Azərbaycana bu cür səmimi dostluq münasibəti "Azad Avropa" radiosunun jurnalistlərinə nə üçün belə toxunur?
Məqalə müəllifi yazır: "Mən İsrail dövlətinin vətəndaşı və Hayfa Universitetinin geosiyasət ixtisası üzrə doktorantı kimi vurğulamaq istərdim ki, Azərbaycanın Ermənistanla gərgin və qanlı ərazi münaqişəsinə, torpaqlarının 20 faizinin işğal edilməsinə, ikili standartlardan əziyyət çəkən, geosiyasi əhatəsi çox mürəkkəb olan bu ölkə yenə də əsl sivilizasiyalararası və dinlərarası dialoq nümunəsi olaraq qalır.
Azərbaycan dinamik inkişaf edən müsəlman ölkəsi olmaqla bərabər, Qərbə xas olan dəyərlər də ona əsla yabançı deyil. Regionda sülhün və sabitliyin qorunub saxlanması üçün əlindən gələni edən bu ölkə öz milli maraqlarını əsas götürərək fəal xarici siyasət yürüdür.
Bunun nəyi pisdir ki, həmin maraqlar Azərbaycana ABŞ-ın Yaxın Şərqdə strateji tərəfdaşı olan İsrail ilə yetərincə pozitiv əlaqələr yaratmağı və bu əlaqələri saxlamağı tələb edir?" Arye Qutun fikrincə, həmin məqalə bir faktı da əks etdirir ki, ABŞ-da Azərbaycan-İsrail strateji tərəfdaşlığına mane olmağa çalışan çox ciddi qüvvələr vardır.
Lakin məqalə müəllifinin fikrincə, həmin qüvvələrin bu münasibətləri pozmaq cəhdləri real tarixi faktlar qarşısında acizdir. İsrailli ekspert yazır:
"Qeyd etmək lazımdır ki, Azərbaycan ilə İsrail arasında dostluğun və əməkdaşlığın dərin tarixi kökləri vardır. Yəhudilər əsrlər boyu Azərbaycanda bu ölkənin bərabərhüquqlu vətəndaşları kimi yaşayıblar.
Azərbaycanlılar bu yəhudiləri heç vaxt əcnəbi hesab etməyiblər.
Azərbaycanda yaşayan yəhudilər XIX əsrin axırlarından bu günə qədər Azərbaycanda elmin, mədəniyyətin, səhiyyənin, iqtisadiyyatın və sənayenin inkişafında böyük xidmətlər göstərib, silinməz izlər qoyublar.
Bu gün Azərbaycan-İsrail münasibətləri olduqca pozitiv, perspektivli və strateji münasibətlər hesab edilməlidir, çünki bu ölkələr bir sıra sahələrdə səmərəli əməkdaşlıq və real tərəfdaşlıq edirlər. Hər iki ölkə qazanılmış nailiyyətlərlə kifayətlənməmək əzmindədir".
Arye Qut vurğulayır ki, müasir Azərbaycan rəhbərliyinin ölkədəki 20 minlik yəhudi icmasına səmimi dostluq münasibətində rolu İsraildə yüksək qiymətləndirilir. Müəllif deyir: "Siz mənə ikinci elə bir ölkə göstərin ki, - istər müsəlman ölkəsi olsun, istər xristian ölkəsi, - orada iki sinaqoq və yəhudilər üçün böyük təhsil mərkəzi inşa edilmiş olsun.
Mənim fikrimcə, ikinci belə bir ölkə sadəcə tapa bilməzsiniz. İsrailin rəsmi Bakı ilə daha möhkəm əlaqələr qurmağa çalışmasının bir neçə səbəbi var.
İsrail dövləti müsəlman ölkələrinə münasibətdə tam royal mövqe tutduğunu bütün dünya birliyinə nümayiş etdirmək istəyir. Bu baxımdan, tamamilə dünyəvi ölkə olan Azərbaycan İsrailə dost müsəlman dövləti rolu üçün çox münasibdir".
Müəllif soruşur: "Yəni doğrudanmı ABŞ-ın yəhudi təşkilatları müsəlman dünyası ilə İsrailin qarşılıqlı münasibətlərində model rolu oynaya biləcək Azərbaycanı dəstəkləməyə çalışdıqlarına görə təhqir edilməlidirlər"? Arye Qut yazır ki, zəngin karbohidrogen ehtiyatlarına malik olan bir sıra başqa ölkələrdən fərqli olaraq, İsrail öz səylərini daha geniş humanitar məqsədlərə yönəldir.
A.Qut yazır: "Postsovet Azərbaycanı özünün zəif və asılı geosiyasi substansiya olmadığını, Cənubi Qafqazda və Yaxın Şərqdə mühüm rol oynadığını sübut edib. Azərbaycan MDB məkanında uğurlu, çoxşaxəli və çoxvektorlu xarici siyasət strategiyasına malik olan dövlətin yeganə nümunəsidir".
İsrailli ekspert daha sonra yazır: "22 ildən artıq müddətdə Ermənistan Respublikasının təcavüzündən əziyyət çəkən, bu təcavüz nəticəsində ərazilərinin 20 faizi işğal edilmiş, həmin ərazilərdən bir milyondan çox soydaşı qovulmuş Azərbaycanı insan hüquqlarının pozulmasında ittiham etmək olmaz. Yəni doğrudanmı ABŞ Dövlət Departamenti, ABŞ Konqresi və "Azad Avropa" radiosu bunları bilmir, yoxsa özlərini bilməzliyə vururlar? Bəlkə onlar elə hesab edirlər ki, öz torpaqlarından qovulmuş bir milyon azərbaycanlı qaçqının elementar insan hüquqları yoxdur?
Bəzən fikirləşirəm: doğrudanmı ABŞ Dövlət Departamentində Azərbaycanın ABŞ ilə və Avroatlantik strukturlarla əməkdaşlıq etmək, strateji tərəfdaşlığı möhkəmlətmək səylərini və arzularını görmürlər? Doğrudanmı onlar görmürlər ki, ABŞ-ın Əfqanıstanda və İraqda sülhyaratma missiyalarını dəstəkləyən, öz övladlarını bu qaynar nöqtələrə göndərən yeganə müsəlman ölkəsi məhz Azərbaycandır"?
A.Qutun fikrincə, istər Obama administrasiyası, istərsə də ABŞ Konqresi və Dövlət Departamenti bir fakta görə nədənsə narahat olmurlar ki, Vaşinqtonun Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinə, ona sərt reaksiyasına baxmayaraq, ABŞ-dakı erməni diasporu rəsmi Moskvaya münasibətdə çox loyal siyasət yürüdür. Burada belə bir təbii sual yaranır: faktiki olaraq Rusiyanın bir quberniyasına çevrilmiş Ermənistan və Dağlıq Qarabağdakı terrorçu separatist rejim nə səbəbdən və hansı qüvvələrin sayəsində hər il ABŞ Konqresindən yardım alır? Ermənistan praktiki olaraq Xəzər dənizinin qaz və neft ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalıb.
Danılmaz faktdır ki, bu gün regionda heç bir layihə Azərbaycanın iştirakı olmadan həyata keçirilə bilməz, Cənubi Qafqazın ən asılı ölkəsi olan Ermənistan isə Rusiyanın xarici siyasi və iqtisadi ambisiyalarından asılıdır.
Hamı çox yaxşı bilir ki, Ermənistanı aclıqdan xilas edən varlı erməni diasporu (bu diasporun özəl transfelərinin həcmi ildə 2 milyard dollara yaxındır) və ABŞ Konqresinin sponsor köməyidir.
Belə olduğu halda bu ölkələrdən hansı daha çox hörmətə layiqdir – geosiyasi uğurlar qazanan, Avroatlantik strukturlara inteqrasiya etməyə çalışan çoxmillətli Azərbaycan, yoxsa praktiki olaraq öz müstəqilliyini itirmiş, iqtisadi kollaps həddində olan monoetnik Ermənistan? İsrailli analitik Arye Qut soruşur:
"Əgər "Azad Avropa" radiosu obyektiv media roluna iddia edirsə, o, ABŞ-ın mənafelərinin ziddinə olaraq Ermənistanın rusiyapərəst siyasətini hər vasitə ilə dəstəkləyən erməni lobbisini nə üçün tənqid etmir"? Müəllif qeyd edir ki, ABŞ Konqresindəki erməni lobbisindən fərqli olaraq, israilpərəst lobbi Amerikanın və İsrail Dövlətinin mənafelərini müdafiə edərək müsəlman dünyası ilə dialoq yaratmağa çalışır, bu aləmdə Azərbaycan layiqli və fəxri yer tutur.
Arye Qut sonda yazır: "Hesab edirəm ki, siyasi manipulyasiyalar və bu məsələdə marağı olan müəyyən dairələrə qulluq göstərilməsi ABŞ-ın milli maraqları ilə əsla uzlaşmır və onun strateji müttəfiqlərinin, o cümlədən İsrailin mənafelərinə birbaşa təhdid mənbəyidir. Amerikalı vergiödəyicilərinin vəsaitləri hesabına fəaliyyət göstərən "Azad Avropa" radiosu bu reallıqları nəzərə almağa sadəcə borcludur".