Girovların qondarma məhkəmə prosesi keçirilib Siyasət

Girovların qondarma məhkəmə prosesi keçirilib

Şahbaz Quliyev: "Mən sərhədi keçməmişəm, sadəcə doğma torpaqlarımıza baş çəkmişəm"

Dilqəm Əsgərov: "Kəlbəcərə doğma yurdumu, anamın məzarını ziyarət etmək üçün getmişəm"

Fazil Mustafa: "Girovlarımızın geri qaytarılmasında Rusiyanın mövqeyinin olması vacibdir"

Kəlbəcər rayonunda girov götürülən Şahbaz Quliyev və Dilqəm Əsgərovun qondarma məhkəmə prosesi keçirilib. Bu barədə erməni KİV-ləri məlumat yayıb.
Xatırladaq ki, Kəlbəcərdə Ermənistan əsgərləri tərəfindən girov götürülmüş azərbaycanlılar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qurulmuş "məhkəmə" prosesi yekunlaşıb. Dilqəm Əsgərova ömürlük həbs cəzası verilib, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib.
Ötən ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
"Məhkəmə"də çıxış edən girov Şahbaz Quliyev ermənilərin onun haqqında səsləndirdiyi ittihamların hamısını rədd edib.
Şahbaz Quliyev Kəlbəcərə doğma torpaqlarını ziyarət etmək üçün gəldiyini bildirib. Girov çıxışında həmçinin azyaşlı erməni uşağın oğurlanması ilə bağlı iddiaları birmənalı şəkildə təkzib edib:"Mən sərhədi keçməmişəm. Sadəcə doğma torpaqlarımıza baş çəkmişəm. Mənim guya erməni gənci öldürməm barədə ittihamlar həqiqəti əks etdirmir. Üzərimdə silah olub, amma heç kimi öldürməmişəm".
"Proses"də girov Dilqəm Əsgərov da çıxış edib. Çıxışı zamanı Dilqəm Əsgərov guya qanunsuz olaraq sərhədi pozması və 17 yaşlı Ermənistan vətəndaşı Smbat Çakanyanı öldürməsi ilə bağlı düşmən tərəfinin ittihamlarını rədd edib. Dilqəmin sözlərinə görə, o Kəlbəcərə doğma yurdunu, anasının məzarını ziyarət etmək üçün gedib. Əsgərov həmçinin əvvəllər də 6-7 dəfə Kəlbəcərə gəldiyini vurğulayıb.
Dilqəm çıxışı zamanı qeyd edib ki, o, yol boyu xeyli sayda erməni görüb, lakin əlində imkan olmasına baxmayaraq, heç kimi öldürməyib.
Dilqəm, eyni zamanda, Azərbaycan xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməsi barədə ittihamları qəti şəkildə rədd edib: "Mənə qarşı elə ittihamlar irəli sürülüb ki, sanki mən Bin Laden, ya da Basayevəm".
Çıxışının sonunda isə Dilqəm Əsgərov günahsız olduğunu və bununla əlaqədar ya azadlığa buraxılmasını, ya da güllələnməsini istəyib.
Qeyd edək ki, Şahbaz Quliyev və Dilqəm Əsgərovun qondarma `məhkəmə` prosesi başa çatıb. "Apelyasiya məhkəməsi"ində Şahbaz Quliyev və Dilqəm Əsgərov, həmçinin onların qondarma "vəkil"ləri də çıxış edib. Girovlarımız onlara qarşı səsləndirilən "ittihamları" qəti şəkildə rədd ediblər.
Erməni KİV-inin yaydığı məlumata görə, girovlarla bağlı son qərar martın 10-da keçiləcək `məhkəmə` prosesində veriləcək.
Onu da əlavə edək ki, ABŞ Dövlət Departamenti də Ermənistanın işğal altındakı Azərbaycan torpaqlarında girov götürdüyü Dilqəm Əsgərovu və Şahbaz Quliyevi azad etməyə çağırıb.
Millət vəkili Fazil Mustafa ABŞ Dövlət Departamentinin bu çağırışını müsbət qiymətləndirir:"Ancaq bu məsələdə Rusiyanın rolunu daha da artırmaq lazımdır. Girovlarımızın geri qaytarılmasında Rusiyanın mövqeyinin olması vacibdir. Biz hər iki tərəflə işləməliyik ki, onları geri qaytara bilək". Xatırladaq ki, bu yaxınlarda Azərbaycanda və Ermənistanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Viktoriya Nuland da Ermənistanı azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevi azad etməyə çağırmışdı.

Əli