“Amnesty İnternational”dan növbəti anti Azərbaycan bəyənat Siyasət

“Amnesty İnternational”dan növbəti anti Azərbaycan bəyənat

Musa Quliyev: "Amnesty International"ın Azərbaycana heç vaxt müsbət ədalətli mövqeyi olmayıb"

Fərasət Qurbanov: "Bu cür qərəzli təşkilatlar öz ölkələrindən başqa digər ölkələrin inkişafını həzm etmirlər"

Elşən Musayev: "Bu kimi təşkilatların anti-Azərbaycan xarakterli bəyanatlarına alışmışıq"

"Amnesty İnternational" Azərbaycanla bağlı bəyanat yayıb. Azərbaycanda insan hüquqlarının pozulduğunu iddia edən bu təşkilat Avropa ölkələrini I Avropa Oyunlarından iştirakdan imtinaya çağırıb.
Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Musa Quliyev Beynəlxalq hüquq müdafiə təşkilatı "Amnesty International"ın bu ilin yayında Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarını boykot etməyə ünvanlanmış müraciətinə münasibət bildirəkən "ümumiyyətlə Beynəlxalq hüquq müdafiə təşkilatı "Amnesty International"ın Azərbaycana heç vaxt müsbət ədalətli mövqeyi olmayıb",- deyə bildirib. YAP rəsmisinin sözlərinə görə, sözügedən təşkilat ona görə yaranıb ki, sürətlə inkişaf etməkdə olan və dünya ölkələri düzənində özünə daha nüfuzlu yer tutmağa layiq, imkanı olan ölkələri həmişə müəyyən qarayaxmalarla, təhdidlərlə, böhtanlarla nüfuzdan salmağa çalışsın: "İndiyədək bu təşkilatın bütün arxivinə nəzər salsaq görərik ki, onun Azərbaycanla bağlı heç bir müsbət fikri olmayıb. Təbii ki, indiki məqamda da onların əllərinə təzə bəhanə düşüb. Bildiyiniz kimi, bu ilin yayında Azərbaycanda birinci Avropa Oyunları keçiriləcək. Azərbaycan dünya tarixinə ilk Avropa Oyunlarını keçirən dövlət kimi düşəcək. Onlar istəyirlər ki, müxtəlif bəhanələrlə (Ukraynadakı hadisələri ortaya atmaqla, guya Azərbaycanda insan haqlarının pozulması, siyasi məhbusların olması ilə bağlı, mətbuat azadlığına qəsd edilməsi və s.) özlərinin Avropadakı tamaşaçılarına, oxucularına müraciət etsinlər ki, Azərbaycana qarşı qarayaxma kampaniyasına başlasınlar".
M.Quliyev bildirib ki, bu gün Azərbaycan xalqı öz prezidentinə ürəkdən bağlıdır: "Azərbaycan xalqı öz prezidentinin, iqtidarının siyasətini ürəkdən dəstəkləyir. Buna görə də onlar Azərbaycan daxilində heç bir müvəffəqiyyət əldə edə bilmirlər. İndi də onlar xarici auditoriyaya müraciət etməyə başlayırlar. İnanıram ki, burada da heç bir nəticə əldə etməyəcəklər. Çünki belə müraciətlər çox olub və bundan sonra da ola bilər. Bu ilin yayında Azərbaycanda I Avropa Oyunları çox yüksək səviyyədə keçiriləcək. Həmçinin də yüksək səviyyədə ölkəmizə gələn qonaqlara Azərbaycan xalqı öz münasibətini bildirəcək, qonaqpərvərliyini göstərəcək. İdman əslində birlik, bərabərlik, dostluq, sülh, qardaşlıq rəmzidir. İdman əslində xalqları birləşdirən, yaxınlaşdıran, eləcə də münasibətləri yaxşılaşdıran bir oyundur. Təbii ki, bu da Azərbaycanı daha da dünya, Avropa xalqlarına yaxınlaşdıracaq. Bu oyunlar Azərbaycanın uğurlarını, mədəniyyətini, inkişafını dünyaya bir daha nümayiş etdirəcək. Bu tək bir idman aksiyası deyil, eləcə də siyasi, nüfuzlu bir aksiyadır. Hesab edirəm ki, biz bu oyunları çox yüksək səviyyədə həyata keçirəcəyik. Bakıda keçirilən "Avroviziya" mahnı müsabiqəsində olduğu kimi bütün iştirakçılar Avropa Oyunlarından da razı qalacaqlar və Azərbaycanı yüksək qiymətləndirəcəklər. Ümumiyyətlə, əqrəbin funksiyası odur ki, haradasa kimisə çalsın və zəhərləsin. Təbii ki, "Amnesty International" da əqrəb kimi bir təşkilatdır".
Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov "Amnesty İnternational" adlı beynəlxalq təşkilatın sanki heç bir işi-gücü yoxdur, ancaq digər ölkələrin daxilində gedən prosesləri müzakirə etməklə məşğuldur. Azərbaycanda keçiriləcək I Avropa Oyunlarını boykot etmək çağırışı ancaq qısqanclıqdan qaynaqlanır",-deyə bildirib. Onun sözlərinə görə, bu cür qərəzli təşkilatlar öz ölkələrindən başqa digər ölkələrin inkişafını həzm etmirlər: "Ən mötəbər tədbirlərin keçirildiyi mərkəzə çevrilən Azərbaycan bütün tədbirləri yüksək səviyyədə həyata keçirməyə nail olub və bundan sonra da bu tendesyanı qoruyub saxlamağa qadirdir. Avropa Oyunlarının keçirilməsi ilə bağlı yaradılan təşkilat komitəsi hazırlıq işlərini inamla, peşəkarlıqla başa vurmaqdadır. İstər oyunlarda iştirak edəcək idmançılara, istərsə də xarici qonaqlara tam mənası ilə hər cür yüksək şərait yaradılıb. Xarici qüvvələrin toruna düşən bəzi beynəlxalq təşkilatlar çalışırlar ki, "Avroviziya" mahnı müsabiqəsində olduğu kimi, bu mötəbər tədbirdə də müəyyən fərqli fikirlər ortaya qoymaqla Azərbaycanın dünya arenasında qazandığı imicinə zərər vursunlar".
Fərasət Qurbanov onu da vurğulayıb ki, müşahidə etdiyi təcürbəyə əsasən bu beynəlxalq təşkilatların yaydığı qərəzli fikirlərə olduqca əhəmiyyətsiz baxılır: "Azərbaycan artıq dünya birliyində öz mövqeyini möhkəmləndirməklə dünya ölkələri arasında ən sürətlə inkişaf edən demokratik bir ölkə kimi ön sıralarda qərarlaşıb. Bu baxımdan belə təşkilatların fikirlərini önəmsiz hesab edirik".
Politoloq Elşən Musayev deyib ki, Azərbaycanda keçiriləcək I Avropa Olimpiya Oyunlarının bütün dövlətlər tərəfindən dəstəklənməsini gözləmək sadəlövhlük olar. Onun sözlərinə görə, olimpiya oyunlarını baykot etmək istəyən ölkələr əsasən erməni lobbisinin aktiv fəaliyyət göstərdiyi dövlətlərdir: ""Amnesty İntenational"" kimi təşkilatların bu kimi çağırışları heç də təsadüfi deyil. Biz bu kimi təşkilatların anti-Azərbaycan xarakterli bəyanatlarına alışmışıq. Həmin dırnaqarası təşkilatların yeganə gəlir mənbəyi də məhz böhtan xarakterli bəyanatlar yaymaqdan ibarətdir. Ədalətsiz hesabatlar yayan bu kimi təşkilatların kurasiyası şər-böhtan xarakterli addımlara bağlıdır. "Amnesty İnternational" təşkilatı hər zaman radikal müxalifətin mövqeyindən çıxış etməyə çalışıb. Son günlər Hollandiya da baykot məsələsinə qol qoyub. Bunun da yeganə səbəbi erməni lobbisinin bu ölkədə aktiv fəaliyyət göstərməsi ilə bağlıdır. Mən hətta bu kimi addımları erməni lobbisinin fəal olduğu digər dövlətlərdən də gözləyirəm. Bir sözlə, baykot xarakterli bəyanatların yayılmasında iki səbəb var. Birinci səbəb erməni lobbisi ilə bağlıdır. İkinci səbəb isə bu gün radikal müxalifətin təmsil olunduğu "Milli Şura", konkret olaraq Əli Kərimli ilə əlaqədardır. Çünki radikal müxalifətin bir çox nümayəndəsinin erməni lobbisinin fəal olduğu ölkələrlə birbaşa əlaqələri mövcuddur. Ancaq tam əminəm ki, bu kimi addımlar günü-gündən inkişaf edən güclü və qüdrətli Azərbaycana heç bir mənfi təsir göstərə bilməz".
Millət vəkili Rauf Əliyev "hamıya bəllidir ki, "Amnesty İnternational" adlı beynəlxalq təşkilat uzun müddətdir Azərbaycana qarşı qərəzli mövqeyi ilə tanınır",-deyə vurğulayıb: "Bu idman yarışıdır. Nəyə görə baykot olunmalıdır? İdman sülhdür, bərabərlikdir, insanları birləşdirir. Artıq bütün Avropa ölkələri bəyan ediblər ki, oyunlarda iştirak edəcəklər. Yəni, oyunlara qatılacaqlarını təsdiqləyiblər. Nəinki öz ölkələrinin iştirakını, hətta, nə qədər məşqçi, idmançı gələcəyini belə təsdiq ediblər. Ona görə hansı boykotdan söhbət gedə bilər və nəyə görə boykot olunmalıdır?".
R. Əliyev qeyd edib ki, müxtəlif bir təbəqə var və onlar Azərbaycana qarşı qaralama kampaniyası aparmağa çalışırlar: "Onlar Azərbaycanı insan haqlarını pozulduğu, inkişaf etməyən bir ölkə kimi təqdim etməyə çalışırlar. Amma əslində elə deyil, Azərbaycan tam olaraq yüksək səviyyədə oyunlara hazırdır və gələn bütün qonaqlar da bunu görəcəklər. Ən yüksək səviyyədə bu oyunlar keçiriləcək. Maddi texniki baza, olimpiya şəhərciyi hazırlanıb. Yəni oyunlara hazırlıq yüksək səviyyədədir. Tam səmimiyyətlə bütün qonaqları, idmançıları, məşqçiləri Azərbaycana, Avropa oyunlarında iştiraka dəvət edirik. Azərbaycan oyunları yüksək səviyyədə keçirməklə göstərəcək ki, ölkəmiz çox tolerant bir ölkədir. Ümid edirəm ki, gələcəkdə Azərbaycanda Olimpiya Oyunları, Avropa və Dünya çempionatları da keçiriləcək".
Milli Məclisin deputatı Kamilə Əliyeva isə deyib ki, vəzifəsi dünyanın müxtəlif ölkələrində ictimai-siyasi institutların mövcud durumu, insan və vətəndaşların hüquq və azadlıqları, demokratik dəyərlərin qorunması vəziyyətini araşdırmaq olan "Human Rights Watch", "Amnesty İnternational" təşkilatları, çox təəssüf ki, bu missiyasından tamamilə uzaqlaşıblar: "Bu təşkilatlar bir sıra güc mərkəzlərinin, islamofob dairələrin əlində vasitə, alət rolunu oynayır və onların maraqlarının ifadəçisi qismində çıxış edirlər".
Onun sözlərinə görə, "Human Rights Watch" və "Amnesty İnternational" təşkilatlarının sonuncu çağırışları bu qurumların nə qədər qərəzli, qeyri-obyektiv fəaliyyət göstərdiyini ortaya qoydu. "Bu təşkilatların reallıqlara qeyri-adekvat münasibət bildirdiyini, faktları təhrif etdiyini və subyektiv yanaşdığını təkcə Azərbaycana münasibətdə ortaya qoyduğu mövqe sübut etmir. Ümumiyyətlə, bu təşkilatların ayrı-ayrı dövlətlərdə baş verənlərə verdikləri "qiymət" onların ikili standartdan çıxış etdiklərini göstərir. Bu təşkilatlar konkret qüvvələrin tapşırıqlarını icra edir", - deyə deputat qeyd edib.

Əli