“Gevorkyanın aqibəti gözlənilən idi” Siyasət

“Gevorkyanın aqibəti gözlənilən idi”

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistandan könülü sürətdə Azərbaycana keçmiş, daha sonra bu ölkəyə təhvil verilmiş Yegişe Gevorkyana üzvlərinə qarşı Ermənistan Milli Təhlükəsizlik Xidməti tərəfindən cinayət işinin açılması ilə əlaqədar bəyanat yayıb.
XİN mətbuat xidmətindən verilən xəbərə görə, Hikmət Hacıyev bildirib ki, Yeqişe Gevorkyan ailəsi ilə birlikdə Ermənistanda üzləşdiyi acınacaqlı vəziyyət və ifrat yoxsulluqdan dən xilas olmaq üçün bir neçə il bundan əvvəl könüllü olaraq Azərbaycan tərəfə keçib: "Humanizm prinsiplərindən çıxış edərək Azərbaycan tərəfindən Yeqişe Gevorkyan və onun ailəsinin saxlanması üçün normal şərait yaradılıb. Mütəmadi əsasda Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən də bu ailəyə baş çəkilib".
Hikmət Hacıyev deyib ki, kriminal keçmişi olduğuna görə üçüncü dövlətə miqrasiya etmək niyyətində olan Gevorkyan digər dövlətlər tərəfindən qəbul edilməyib. Beynəlxalq Qızıl Xaç Komitəsinin xətti ilə o, 12 dekabr 2014-cü il tarixində Ermənistana təhvil verilib: "Ermənistan isə öz doğma torpağında ata-analarının qəbirlərini ziyarət edən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov götürdü, digər soydaşımız Həsən Həsənov isə vəhşicəsinə qətlə yetirdi. Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərində qurama məhkəmə təşkil etdi. Beynəlxalq humanitar hüquqa əsasən mülki şəxslərə münasibətdə bu cür davranış qəbuledilməzdir.
Ermənistanın hərbi diktatura rejimi tərəfindən öz vətəndaşlarına münasibətdə də bu cür humanizm və insan hüquqlarından tamamilə kənar davranış nümayiş etdirilir. Ermənistana təhvil verildikdən dərhal sonra Yegişe Gevorkyan və onun ailə üzvləri Ermənistanın xüsusi xidmət orqanlarının hədə-qorxusu və insan ləyaqətini alçaldan fiziki və psixoloji işgəncələri nəticəsində ictimai ifadələr verməyə vadar edildilər. Ən dəhşətlisi ondan ibarətdir ki, Ermənistan bu çirkin təbliğat məqsədilə ailənin azyaşlı uşaqlarından istifadə etməkdən belə çəkinmədi.
Hələ 15 dekabr 2014-cü il tarixində XİN tərəfindən bu məsələyə münasibət bildirilən zaman əvvəllər Ermənistana təhvil verilmiş bu ölkənin digər vətəndaşları kimi Gevorkyan ailəsinin də işgəncələrə məruz qoyulacağı, uzun müddət zorla Ermənistan xüsusi xidmət orqanlarının həbsxanalarında saxlanmağa məcbur ediləcəyi və həbs ediləcəyi qeyd olunmuşdu. Ona görə də Ermənistandakı hərbi diktatura rejiminin mahiyyətini nəzərə alaraq, bu ölkənin xüsusi xidmət orqanları tərəfindən Yegişe Gevorkyanın cinayət məsuliyyətinə cəlb ediləcəyi gözlənilən bir hal idi".
Qeyd edək ki, Ermənistan vətəndaşları Yegişe və Ruzanna Gevorkyanlar 3 uşaqları ilə birlikdə 2010-cu ilin yanvarında Azərbaycana keçiblər. Onlar barəsində cinayət işi Ermənistan Cinayət Məcəlləsinin 329-cu maddəsi (müvafiq sənədlər və icazə olmadan sərhədi keçmə) əsasında açılıb. Bu maddə maksimum 3 il azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur. Cinayət işinə əsasən Yegişe və Ruzanna Gevorkyan əsas təqsirləndirilən şəxslər qismində dindiriləcəklər.