“Mitinqdə çox az sayda insan iştirak edəcək” Siyasət

“Mitinqdə  çox az sayda insan iştirak edəcək”

Niyaməddin Orduxanlı: "İştirak edənlər də Əli Kərimlinin dəstəsi və onların ailə üzvləri olacaq"

Zahid Oruc: "Bu aksiyanı edən saxta profillərdir"

Tahir Kərimli: "Milli Şuranın mitinqi istənilən effekti verməyəcək"


Milli Şuranın martın 15-nə təyin etdiyi mitinqə digər partiyalar qatılmayacaqlarını bildiriblər və bunu mənasız addım kimi dəyərləndiriblər.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) ictimai-siyasi məsələlər üzrə katibi Niyaməddin Orduxanlı bildirib ki, Milli Şuranın 15 martda keçirmək istədiyi mitinqə siyasi partiyalar arasında münasibət birmənalı deyil. N.Orduxanlı deyib ki, Əli Kərimli manatın ucuzlaşmasından çirkin məqsədləri üçün istifadə etmək istəyir:"Azərbaycan xalqı yaxşı bilir ki, Əli Kərimlinin əsl niyyəti başqadır. Bu adam bu mitinqi ona görə keçirir ki, görsün xalq indiki vəziyyətdə ona dəstək verəcək, ya yox. Birmənalı şəkildə deyirəm ki, Azərbaycan xalqının böyük əksəriyyəti Əli Kərimlinin xəyanətkar olduğunu çox yaxşı bilir. Və bu mitinqdə çox az sayda insan iştirak edəcək. İştirak edənlər də Əli Kərimlinin dəstəsi və onların ailə üzvləri olacaq. Yəni kütləvi şəkildə bu mitinqdə iştirak gözlənilmir. Bir neçə gün bundan qabaq Əli Kərimli facebook sosial şəbəkəsində mitinqə çağırış eventi yaradıb. Həmin eventdə 1400 nəfər şəxs mitinqdə iştirak edəcəyini təsdiq edib. Kiçik bir araşdırma apardım, iştirakını təsdiq edən şəxslərin facebook səhifələri ilə tanış oldum. Təsəvvür edirsiniz, Albert Eynşteyn, Too Luk Skyward, Çeçenka Balamın Çolkalı Balası, Moroglu Pirok, Henry Ford, Roland Aybach, Jordan İbe, Portret Sifarişi, Sad Bin Abu Vaqqas, Love Rab, Arbiter Eleqantiae, Masal Hayat, Ero-Off, Ayka-off və Sabişka adlı xeyli saxta profillərdir. Bu profillərin hər birinin yaradıcısı Əli Kərimli və onun məlum dəstəsidir. Bu adamlar bu cür saxtakarlıqla təbliğat aparırlar. Kimin buna şübhəsi varsa, həmin eventə daxil olub bütün bunların canlı şahidi ola bilərlər". N.Orduxanlı həmçinin bildirib ki, Milli Şuranın özü mitinq günü təxribat törədə bilər: "Milli Şuranın mitinqdə baş verəcək biabırçılıqlarını ört-basdır etmək üçün Əli Kərimli istənilən varianta əl ata bilər. Bir neçə gündür ki, hay-küy qoparır. Guya Cəmil Həsənlinin səhifəsini ələ keçirdiblər və təxribata əl atıblar. Bunu qəsdən yayır. Kimə lazımdır Cəmil Həsənlinin səhifəsi? Necə olur ki, Cəmil Həsənlinin səhifəsini ələ keçirdirlər, sənin səhifəni yox? Bunu etmək lazımıdırsa, elə Əli Kərimlinin səhifəsini ələ keçirdərdilər. Göründüyü kimi, bu adam bütün diqqəti özünə cəlb etmək istəyir. Bu onun köhnə peşəsidir. Bilərəkdən Əli Kərimli Cəmil Həsənliyə tapşırıb ki, bu cür xəbər yay və sonra da təkzib verək ki, bu təxribatdır. Bu vasitə ilə mitinqə gələnlərin sayını artırmaqdır". BAXCP funksionerini fikrincə, Əli Kərimli istəyir ki, nəyin bahasına olur olsun, Azərbaycan dövlətinin və onu təmsil edən hakimiyyətin imicinə zərbə vursun: "Bu gün Əli Kərimli bütün fəaliyyətini ona yönəldib ki, 1-ci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin qarşısı alınsın. Bu iddia ilə bəzi beynəlxalq təşkilatlar da çıxış edir. Bu təşkilatların birbaşa erməni lobbiçilərinə yaxın olması şübhə doğurmur. Mən Əli Kərimlinin bundan sonra da təxribatlar törədəcəyini istisna etmirəm".
Millət vəkili Zahid Oruc söyləyib ki, Milli Şuranın aksiyası artıq bir neçə gün öncədən başlayıb: "Bu aksiyanı edən saxta profillərdir".
O bildirib ki, hazırda Milli Şura adlanan qurum sanki bir topdan atəş açaraq özünü "rota" kimi göstərməyə çalışır: "Onlar saxta profillərlə mənzərə yaratmağa vərdişkardırlar. Milli Şura saxta profillərlə mitinq keçirəcək. Ümumiyyətlə, bu qurumun dırnaqarası fəaliyyəti sosial şəbəkədəki saxta profillərdən ibarətdir. Təəssüf ki, saxta profilləri tutub mitinqə gətirə bilmirlər. Əli Kərimlinin 100 saxta profili ola bilər, ancaq meydana o tək gəlir. Buna görə də 15 mart aksiyasının doğrusu hansı formada keçiriləcəyi, ora kimlərin gələcəyi və səslənən şüarlar cəmiyyətin marağında deyil. Gördüyünüz kimi, insanlar öz talelərini bu qüvvələrdən gözləmirlər. Bəli, bu həqiqətdir ki, manatın dollara nisbətdə kursunun 33.5 faiz aşağı salınması əhalinin müxtəlif təbəqələrinin maraqlarına müəyyən dərəcədə təsir göstərib". Millət vəkili bildirib ki, qiymətlər də dəyişiləcək: "Lakin sonradan yenidən qərarlaşma gedəcək. Dünyanın hər yerində iqtisadiyyatda məşhur prinsiplər işləyir. Hesab edirəm ki, iqtisadi baxımdan hansı proseslər getsə də, qiyməti amansız şəkildə əhaliyə diqtə etmək mümkün olmayacaq. Beləliklə də süni qiymət artımı ilə məşğul olub kimlərinsə maraqlarına xidmət etmək istəyənlərin arzuları ürəklərində qalacaq. Hesab edirəm ki, Milli Şuranın əhalinin böyük bir hissəsini narahat edən mövzunu seçməsindən asılı olmayaraq meydana 2-3 mindən çox adam çıxmayacaq. İnsanlarımız hazırkı şəraitdə beynəlxalq prosesləri müəyyən bir səviyyədə təhlil edib dərk edirlər ki, əsas qərarlar yenə hakimiyyətin lideri tərəfindən veriləcək. Əminəm ki, bu cür aksiyalarla deyil, hökumətin iqtisadi qərarları ilə əhalinin maraqlarını bundan sonrakı dövrdə də qorumaq mümkün olacaq". Z.Oruc çıxış yollarını da təklif edib: "Bu isə bir sıra məhsulların gömrük rüsumundakı qiymətlərini dəyişməkdən ibarətdir. Bəzi vergi dərəcələrinə də baxılmalıdır. Həmçinin, bank sistemində manat və dollarla əmanət saxlayanlara fərqli siyasət yürütmək lazımdır. Bu da artıq manat üçün başlanılıb. Dollarla kredit götürən vətəndaşlar üçün də fərqli qərar verilməlidir".
"Martın 15-nə Milli Şura tərəfindən mitinq təyin olunub və Bakı şəhər İcra Hakimiyyəti buna razılıq verib. Əlbəttə, mitinq tədbiri keçirmək istənilən təşkilatın konstitusion hüququdur. Lakin düşünürəm ki, Milli Şuranın mitinqi istənilən effekti verməyəcək", deyən Vəhdət Partiyasının (VP) sədri Tahir Kərimli bildirib ki, Milli Şuraya daxil olan partiyalar əvvəla, özləri parçalanıb: "Milli Şura prezident seçkiləri ərəfəsində yaranmışdı. Daha sonra öz aralarında parçalandılar. Müsavat və digər partiyalar oradan çıxdı və Milli Şuranın gücü zəiflədi. Digər məsələ ondan ibarətdir ki, Milli Şuraya daxil olanlar bir-birlərini kəskin ittiham edərək, özlərini xalqın gözündən saldılar".
Partiya sədri düşünür ki, Milli Şura 2 ildir qarşıya qoyduğu fantastik, utopik hökumət yaratmaq barədə vədlərini əvvəldən bizim bildiyimiz kimi reallaşdıra bilmədi: "Onun hansısa uğur qazanacağına da ehtimal yoxdur. Milli Şura hansısa bir narazılığı ifadə etsə də, pulun devalvasiyası ilə bağlı cəmiyyətdə yaranmış narazılıqlardan istifadə eləmək istəsə belə yenə də xalq öz gözləntisini bu hakimiyyətdə görür".
T.Kərimli deyib ki, sadəcə olaraq, bu devalvasiyanın müəyyən mexanizmi qəfil oldu: "Milli Şura özünün etirazını bildirirsə bildirsin, xalqın inamını bu qurum çox sarsıtdığına görə, istədiyi kütləni yığa bilməyəcək. Bu da onun göstəricisidir ki, inam itib. Vaxtilə hamısı parlamentdə oturublar, deputat olublar, bu hakimiyyətdən faydalanıblar. Elə ki, vəzifələrindən ayrılırlar hamısı dönüb olurlar müxalifət. Xalq da bunu görür və onların səmimiyyətinə inanmır".

Əli